“Yeni Müsavat” qəzeti Akademik Ziya Bünyadovun qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə alıb.
Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır.
İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu gün Qobustan Həbsxanasının divarları arasında 21 il əvvəl törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər.
Nizami Nağıyevin atası, vaxtilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olmuş Adil Nağıyevin iki həftə öncə müsahibəsində açıqladığı və geniş rezonans doğuran məlumatlardan sonra Penitensiar Xidmətə məktubla müraciət etdik. Xahiş etdik ki, Ziya Bünyadovun qətlində adı keçən Nizami Nağıyevlə görüşümüzə şərait yaradılsın.
Müraciətimiz nəzərə alındı və birbaşa qədim insan məskəni - Qobustana yollandıq. Qobustan Qapalı Həbsxanası Qobustan Qoruğunun bir kənarındadır. Qoruqdakı iri daş-qayaları həbsxana həyətindən də seyr etmək olur. Bir neçə mühafizə zolağı ilə əhatələnən həbsxana ərazisindəki insanların üzü də sanki daşlaşıb, ətrafdakı qayaların bir parçasına dönüb. Nəzarətçilər suallara cavab verirlər, mimikaları dəyişmir. Sanki hisslərini büruzə vermək də yasaqdır. Burada hər bir addım nəzarət altındadır. Yatmaq da, yuxudan oyanmaq da, yemək də, içmək də, televizora baxmaq da, hamamda yuyunmaq da və s., hər şey rejimlədir. Sərbəst hərəkət azadlığı yoxdur.
Öncə onu qeyd edim, gününün böyük hissəsini könüllü şəkildə, nəzarətçi olaraq bu həbsxanada keçirmək də çox çətin işdir. Üstəlik sayıqlığı 1 saniyə belə əldən vermək olmaz...
Həbsxananın giriş qapısındakı dəmir barmaqlıqlardan düzəldilmiş məhəccərin içindəki dəmir turniketdən keçdim. Ardından yaxasındakı döş nişanından “usta” sözü asılmış zabit “əllər yuxarı” əmri verdi. Təpədən dırnağa qədər üst-başımı yoxladı, əlimdəki siqaret blokunu götürüb o tərəf, bu tərəfinə baxdı. Bağlamanın tamlığına xüsusi diqqət edib dəmir məhəccərin əks tərəfindəki əsgərə “qapını aç” əmrini verdi. Ağır dəmir qapı cırıldayıb açıldı. Həmin qapıya çatınca bir dəmir məhəccərli qapını da keçməli olduq.
Həbsxana həyətində sanki bir başqa həyatdır. Əhənglə ağardılmış çoxsaylı barakların ətrafında qara paltarlı dustaqlar gözə dəyir. Köhnəlmiş binalardan birinin qabağında iki əsgərin ortasında əli qandallı dustaq dayanıb. Orta yaşlı, dolu bədənli dustağın əynindəki nimdaş gödəkçənin qolları arasından qandal parıldayır... Bayaqdan yanımda addımlayan, əli ilə hərəkət istiqamətini göstərib kəlmə də kəsməyən nəzarətçi bir otağı nişan verir. Əsgərlər dustağı gətirib yanımdakı zabitə təqdim edir, qollarındakı qandalı açırlar. Əlləri ilə qollarındakı qandalın vurulduğu yeri ovuşduran orta yaşlı arestant zabitə müraciətlə “ömürlük məhbus Nağıyev Nizami Adil oğlu” sözlərini deyir və bu zaman anlayıram ki, müsahibim qarşımdadır.
Ermənistandan Ramana sovxozuna uzanan yol...
Nizami Nağıyevin 5 yaşı olanda, 1969-cu ildə ailəsi Ermənistanın Vedi rayonunun Qaralar kəndindən Bakının Sabunçu rayonu, Ramana qəsəbəsinə köç edib. Ailədə 5 uşaq olublar. 4 qardaş, 1 bacı. Nizami Nağıyev 4-cüdür. 2 qardaşı və bacısı ondan yaşca böyükdürlər, sonra da 1 qardaşı var.
Ramanada 8 illik məktəbi bitirib və Montində 2 nömrəli texniki peşə məktəbində maşinist peşəsinə yiyələnib. Oranı bitirəndən sonra Böyükşor qəsəbəsindəki sərnişin deposunda çilingər kimi işə düzəlib. 1982-ci ildə könüllü əsgərliyə getməsi sonradan həyatını müəyyən edib, Qobustan Qapalı Həbsxanasının qapılarını üzünə açıb:
O, həyatını belə nəql etdi:
- Atam əsgərliyə getməyimdən çox sonra xəbər tutmuşdu. Ramanadakı sovxozun direktoru idi, başı çox qarışıq olurdu. Biləndə ki, əsgərliyə getmişəm, qardaşıma 100 manat vermişdi ki, məni Moskvaya saldırsın. Qoymadım. Bizi bölüşdürdülər, gedib Kuril adalarındakı hərbi hissəyə düşdüm. Atama da məktub yazdım ki, 1 yüzlük də versəydin, buradan keçərdim Yaponiyaya...
Bizi bu oyuna salan Tariyel Ramazanov 1 il sonra mən olduğum hərbi hissəyə gəlib çıxdı. 1983-cü il idi, Moskvada fizika üzrə universitet bitirib gəlmişdi. Onun atası naxçıvanlı, anası içərişəhərli idi. Ana babası 1918-ci ildə Azərbaycan Demokratik Respublikası dövründə Bakının qazisi olmuşdu. Əsgərlikdə dostluğumuz yarandı. İki azərbaycanlı uzaq Kuril adalarında bir hərbi hissəyə düşmüşdüsə, başqa cür ola da bilməzdi. Mən tərxis olunub Bakıya qayıdandan sonra o qalıb xidmətini davam etdirdi. Bakıya qayıdandan az sonra atam məni Leninqrada, gizirlər məktəbinə oxumağa göndərdi. 6 ay orada oxudum. Bakıya qayıdıb Salyan kazarmasında tağım komandiri oldum. 1990-cı il 20 yanvar hadisələri baş verəndə mən xidmətdə idim. Həmin gecə baş verənlərdən sonra orada xidmət aparan bütün azərbaycanlılar sovet ordusu sıralarını tərk etdik.
Parnik əkib, qoyun saxlayırdım...
Hərbidən ayrılandan sonra Ramanaya qayıdıb sovxozdan 1 hektar torpaq götürdüm. Həyətim də böyük idi. Şüşə parnik düzəltmişdim. Pomidor, xiyar əkir, məhsulu satıb yaxşı gəlir götürürdüm. 100 baş Qala cinsindən olan qoyunum vardı. Onları saxlamaq üçün çoban tutmuşdum. Həmin vaxt artıq ailəli idim, 2 övladım vardı. 1985-ci ildə evlənmişdim. Böyük oğlum 87, qızım 88-ci ildə dünyaya gəliblər. Kiçik oğlum 94-cü ildəndir. Vasif, Leyla, İsmayıl.
Qətlin təşkilatçısı Elmlər Akademiyasının elmi işçisi olub!
1991-ci ilin sonu idi. Tariyel kəndə yanıma gəldi. Onunla əsgərlikdən sonra tez-tez görüşürdük. Tariyel həmin vaxt artıq Milli Elmlər Akademiyasındakı institutlardan birində işləyirdi, elmi işçi idi. Boş vaxtlarında o bizə, mən onların evinə gedirdim. Vaxt olanda da şəhərdə görüşüb bulvara, kinoteatra, çayxanaya gedirdik. O vaxtlar getməyə yer o qədər də çox deyildi. “Araz” kinoteatrına, hərdən “Azərbaycan”a gedirdik. Bulvarda gedib çayxanada otururduq. Olurdu ki, mən onların evinə gedirdim. Montində, Xuluflu küçəsində yaşayırdı. O vaxt ailəli deyildi. Tariyel gec evlədi, 1996-cı ildə ailə qurdu. 1991-ci ildə yanıma gələndə dedi ki, namaz qılıram, sənə də məsləhət görürəm ki, namaz qılasan.
Onun atası Ramiz Ramazanov Milli Elmlər Akademiyasında fizika üzrə elmlər namizədi idi. Qardaşı əlil idi. Bacısı da ali təhsilli idi. Ziyalı ailə idilər.
Nizami Ziya Bünyadovun tərcümə etdiyi Quranı həbsxanada oxuyub
Tariyel İçərişəhərdə “Məhəmməd” məscidini götürüb təmir etmişdi, özü də olmuşdu məscidin başçısı. Sonradan bildim ki, o məscidi götürəndə ora dağınıq vəziyyətdə olub. Dindarlarla götürüb təmir eləmişdilər. Mən də 1992-ci ildən həmin məscidə getməyə başladım, namazı öyrəndim. O vaxta kimi içki içirdim, siqaret çəkirdim. İçkini də, siqareti də atdım, keçdim namaza, Allaha ibadət etməyə.
Söhbətin bu yerində stolun üzərindəki siqaret blokunu ona tərəf uzadıram. Deyir ki, siqaret çəkmir. Yanındakı dustaq yoldaşlarına verməsini istəyirəm. “Özümə rəva bilmədiyimi, başqasına da rəva bilmərəm”, deyir. Namaz qılıb-qılmaması ilə maraqlanıram. Təsdiq cavabından sonra söhbət müqəddəs kitablardan, dinlərdən düşür. Öyrənirəm ki, həbsə düşəndən sonra Ziya Bünyadovun kimliyi ilə daha dərindən maraqlanıb, onun tərcümə etdiyi Quran kitabını da oxuyub. Bu gün də kamerasında həmin kitabın olduğunu deyir. Söhbətimizi Ziya Bünyadovun qətlinə qədər yaşayışı, dolanışığı barədə fikirləri ilə davam etdirir:
- Adi həyat yaşayırdım. Maşın, pul, para yox idi. Onlar sonralar ticarətə girişəndən sonra oldu. 1992-ci ildə namaza başlayandan sonra elə İçərişəhərdəki “Məhəmməd” məscidində Cavanşirlə tanış oldum. Məscidə xeyli cavan uşaqlar gəlirdi. O dövrlə İslam dininə gələnlər, namaza başlayanlar həddən artıq çox idi. Çox vaxt məsciddə namaz qılmağa yer olmurdu. İndi həmin məscid qoruqdur. Həbsdə televizorda baxanda görmüşəm. Ora gələn cavan uşaqların bir hissəsi o dövrdə ayrılıb bir az yuxarıdakı “Cümə” məscidinə getdilər. Həmin vaxt o məscid də uzun illər idi ki, bağlı idi. Məscidi açdılar. Azər adında biri vardı, onunla gedən uşaqlar açmışdılar. Azərin xəbərini bir də bura düşəndən sonra aldım. Qəzetlərdə oxudum ki, o da nəsə bir iş görüb, Gürcüstana qaçıb. Biz “Məhəmməd” məscidinə yığışdığımız günlərdə Tariyel özünü məsciddə lider sayırdı. Hamı onun ətrafına toplaşırdı. Bizlər onun sözünü əmr bilirdik.
- Həmin günlərdə Qarabağda döyüşlər gedirdi, sizin də yaşınız döyüşlərə qatılmaq üçün kifayət idi. Döyüşlərə qatılmışdız?
- Hə. 1992-ci ilin yayı idi. Tariyel məni çağırdı, dedi ki, OMON-çular İrana təlim keçməyə gedirlər. Bəs mən danışmışam, sən də, Cavanşir də gedin İranda təlim keçin. Mən ilkin olaraq razılıq verdim. O vaxt böyük qardaşım Papravənddə döyüşürdü. Artilleriya batareyasının komandiri idi. Onun yanından əsgər gəlmişdi. Həmin əsgərə qoşulub qardaşımın yanına getdim. Həmin günlərdə Ağdərə alınmışdı. Döyüşdən qabaq qardaşım mənə dedi ki, sən evə qayıt, döyüşdə ölsək, birimiz ölək. Dedi burada qırğın gedəcək, qayıt evə. Etiraz eləsəm də, məni geri qaytardı. Mən Bakıya gələndə Cavanşir artıq İranda idi. Bir neçə ay sonra qayıdıb gəldi. Dedi ki, İranda Azərbaycanın bölgələrindən çox uşaq vardı, Qarabağda döyüşməyə görə orada təlim keçirdilər. Onun danışıqları məndə maraq yaratmışdı...
Nizami Nağıyev
İcra başçısının oğlu olan Nizami Nağıyev qətlin hazırlıq mərhələsindən və hər şeydən danışdı...
Akademik Ziya Bünyadovun qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə almışıq.
Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır. Bu gün onunla müsahibənin ikinci hissəsini təqdim edirik.
“Dedi, İrandan gəlib, ”Hizbullah" qardaşdır"
1993-cü ildə Tariyel dedi ki, Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə Həccə gedirik. Gəl bizimlə gedək. O dövrdə də elə idi ki, hər kəs Həccə getmək istəyirdi. Tariyelin təklifi ilə mən də Həccə getdim. Tariyel, mən, Cavanşir, bu gün də Gəncənin imamcüməsi olan Tahir Abbasov, xanəndə Arif Babayev, xeyli başqa adamlar vardı. 1993-cü ilin may ayı idi. Surət Hüseynovun qiyam xəbərini biz orada eşitmişdik. Biz Həccdən qayıdandan sonra toplaşdığımız İçərişəhərdəki məsciddə Məhəmməd adlı bir iranlı peyda oldu.
Bir gün axşam Tariyel bizi məscidə çağırdı. Cavanşir Aslanov, Qalib Babayev, Mahir Zeynalov və mən məsciddən adamlar dağılışandan sonra qaldıq. Tariyel bizi Məhəmmədə təqdim elədi. Dedi ki, mömin uşaqlardır. Məhəmmədi də bizə təqdim etdi, dedi, İrandan gəlib, “Hizbullah” qardaşdır, bizlə dostluq etmək istəyir. O dövrdə bizlər “Hizbullah” nə olduğunu bilmirdik. Sonralar, burada (həbsxanada-E.M.) Ziya Bünyadovun tərcümə etdiyi Quranı oxuyanda bildik ki, “Hizbullah” Allahın partiyası deməkdir. Namaza təzə başlayanda Quran oxumurduq, hər şey sözlə, ağızdan-ağıza öyrənilirdi. İçimizdə ən savadlısı Tariyel idi, ona inanırdıq. Məhəmməd bizimlə söhbətdə dedi ki, siz yavaş-yavaş ticarətə keçin. Məscid sizin yeriniz deyil, məsciddən çıxın, saqqalınızı qırxın. Gedin ticarətlə məşğul olun, sırf ticarətə girişin. O vaxt Montində “Dəyirman Nadir”in oğlunun “Sünbül” adlı bankı vardı, oradan kredit götürdük. Tariyelin Balakəndə bir tələbə yoldaşı vardı, gedib onu tapdı. Oradan Moskvaya xurma vurduq. Tariyelin dayısı Moskvada yaşayırdı, yoldaşı da yəhudi idi.
“Dekabr ayında dedi ki, o tərəfdə qardaşlar sizləri də görmək istəyirlər”
Mən Balakənə gedib 2 maşın - 70 tona yaxın xurma yığıb Moskvaya yolladım. Tariyel, Cavanşir, Qalib Moskvaya xurmanı satmağa getdilər. Xurmanın satışından xeyli pul əldə etdik. “Nizami” metrosunun yaxınlığında Şahmat klubu ilə üzbəüz Mirzağa Əliyev küçəsində bir zirzəmini aldıq. Məhəmməd ora gəlib çıxdı. O, İrandan 1 maşın qab-qacaq, serviz, qazan gətirmişdi. Alverimiz başlandı. Yaxşı qazancımız oldu. Az keçmədi ki, “Xətai” metro stansiyasının yanından bir anbar aldıq. Mirzağa Əliyevdəki zirzəmini satdıq. “Xətai”dəki anbara İrandan makaron, vermeşil, şokolad və o dövrün tələbatına uyğun qida məhsulları gəldi. 2 fura (iri tonnajlı yük maşını- E.M.) qida məhsulu gəlmişdi. 1994-cü ilin yayında Tariyel dedi ki, məni o tərəfə (İrana) çağırırlar. Anbarı mənə tapşırıb getdi. Tariyel ordan bir də 3 ay sonra qayıtdı. Oradan gələndən sonra dəyişmişdi, özünü çox nizam-intizamlı aparırdı, həmişəki kimi lider hesab eləyirdi. Dekabr ayında dedi ki, o tərəfdə qardaşlar sizləri də görmək istəyirlər, sizlərlə də söhbətləri var.
- Qardaşların kimliyi, sizi niyə çağırmalarının səbəbini demədi?
- Yox, elə dedi ki, sizi gözləyirlər, gedin.
- Gedib qayıdandan sonra özü ilə pul, silah gətirmişdi?
“Söhbət elədi, dedi ki, biz ”Hizbullah" təşkilatıyıq"
- Onda pul olub, amma bizə demirdi. Silahı sonralar gətirdilər. Ümumilikdə isə əlimizdə pul vardı. Özümüz də tez-tez Türkiyədən 10 tonlarla un vurub gətirib burada satırdıq. Tariyel Cəlilabadda Vüsal Nəzərovu tapmışdı, onun vasitəsilə sərhəddən nə istəyirdik keçirirdik. Türkiyədən bura, buradan da İrana “Dendi”, kompüter, çanaq antenaları aparırdıq. Vüsal Nəzərovun qohumu vardı, o, malları sərhəddən keçirirdi o tərəfə. Tariyelə əlavə pul verilib-verilmədiyini bilmirdim. Bizim pul problemimiz yox idi. 1994-cü ilin dekabrında Cavanşir, Mahir, Qalib və mən getdik Cəlilabada. Vüsal Nəzərov bizi sərhəddə apardı. Orada hər adama görə 10 şirvan verib sənədsiz-sübutsuz o tərəfə keçirdi. Sərhəd o dövrdə bardaq idi. Camaat mal-qara, mis daşıyırdı.
Pulunu verib sərhədi keçirdin. Vüsal bir fit çaldı, oradan “starşı” Mais gəldi. Pulu alıb bizi sərhəddən yola saldı. O tərəfə keçəndən sonra Cavanşir zəng elədi, səhər Məhəmməd bir maşınla gəldi və birbaşa Tehrana getdik. Tehrana çatmamış bir qəsəbəyə apardılar. Orada bir bağa oxşar yerə getdik. Kənar aləmlə oranın təması yox idi. Ora kənardan kimsə baxsaydı, elə bilərdi ki, ora hansısa fermer təsərrüfatıdır. İçəridə böyük bir ev var idi, həyətdə də xeyli meyvə ağacları vardı. Səhəri gün bir nəfər gəldi, belə başa düşdük ki, rəhbərdir. Söhbət elədi, dedi ki, biz “Hizbullah” təşkilatıyıq. Sizlə biz qardaşıq. Dedi ki, siz burada təlim keçəcəksiniz, burada öyrəndikləriniz gələcəkdə sizə lazım olacaq. Bizə bir maşın ayırdılar. Həmin maşının ancaq ön şüşəsi vardı. “Raf” maşınlara oxşayırdı. O maşının içində olanda nə bir çölü görürdük, nə çöldən bizi görən olurdu. Maşına doldurub kənardakı kəndlərə çıxarırdılar. Həmin kəndlərdə yaşayış yox idi. Döyüş təlimləri başladı.
“Cavanşir deyirdi ki, biz təlimdə olanda Rövşən Cavadov ora gəlmişdi”
- Təlimlərdə nə öyrədirdilər?
- Amerika, Rusiya, İsrail istehsallı silahlarla davranma, partlayıcı maddələrdən istifadə, müxtəlif ağır silahlardan, pulemyotlardan atəş açma öyrənirdik, küçə şəraitində döyüş təlimləri keçirdik. Əlbəyaxa döyüşlər, cüdo üzrə təlim keçdik. Müşahidə aparmağı öyrəndik. Təlim 3 ay oldu. Tariyel bizi buradan yola salanda orada təlim keçəcəyimizi deməmişdi. Cavanşir 1992-ci ildə təlimdə olmuşdu. O vaxt onları Qarabağda döyüşlər üçün hazırlamışdılar. Cavanşir deyirdi ki, biz təlimdə olanda Rövşən Cavadov ora gəlmişdi.
- Cavanşirin dediyindən belə başa düşmüşdüm ki, gəlib azərbaycanlıların orada təlim keçməsini müşahidə etmişdi.
-Təlimdə iştirak etməyə gəlmişdi?
“Konspirativ görüşlərin keçirilməsi üçün ev idi”
- Cavanşir Aslanov həmin vaxt təlim keçəndən sonra gedib Qarabağda döyüşmüşdü?
- Yox, getməmişdi. OMON-çular getmişdilər, onu Tariyel qoymamışdı.
- Təlimlər neçə ay davam etdi?
- Biz 3 ay təlimdə olduq, sonra da qayıdıb Bakıya gəldik. Gələndən sonra Tariyel bizim hər birimizlə təkbətək söhbət elədi. Orada nə təlim keçdiyimizi, kiminlə nə söhbət etdiyimizi soruşdu. Bundan sonra adi həyatımız başlandı. Bir az keçəndən sonra Tariyel məni çağırdı. Dedi ki, Cavanşir İnqilab küçəsində ev tapıb. “Göyərçin” kafesinin arxasında, Tiflis prospektinə çıxışda 32 min dollara ev alırıq. Evi ləzgilərdən Cavanşir aldı, pulu ev sahibinin oğluna verdi. Evin sahibi kənarda qalmışdı. Pulu Tariyelə oradan verdiklərini zənn edirəm. Həmin vaxt dəstənin üzvü idim artıq, evi də adıma keçirdilər.
- Ev niyə alınmışdı?
- Evi gizli görüşlərin keçirilməsi üçün alırdıq. Konspirativ görüşlərin keçirilməsi üçün ev idi.
“Əllərində 2 diplomat vardı. İçi də silah dolu idi”
- İş yerində, anbarda söhbət etməyə şərait yox idi?
- İş yerində söhbət eləyirdik, artıq şəhərin müxtəlif yerlərində kirayə evlər də tutmuşduq. 2-3 kirayə evimiz də vardı. Tariyel kimlərləsə görüşürdü, bilirdik ki, iş gedir. Həmin günlərin birində Nəsrullah adlı bir iranlı gəldi. Tariyel dedi ki, bundan sonra Məhəmməd olmayacaq, Nəsrullah ilə işləyəcəyik. Tariyel bizə Nəsrullahı mənim adıma alınan evdə təqdim elədi. Dedi, bizim böyük qardaşımızdır, oradan gəlib. Bundan sonra nə problemimiz olsa, onunla həll edəcəyik. Nəsrullah göstəriş verdi ki, evin altında 2 zirzəmi qazın. Biri böyük, biri də kiçik zirzəmi qazıdıq. 1996-cı ildə Tariyel dedi ki, evə gedin, mən də ora gələcəyəm. Gecə idi, Cavanşirlə Qalib gəldilər. Əllərində 2 diplomat vardı. İçində də silah dolu idi. 2 “Uzi” idi, tapançalar idi. “Kalaşnikov” avtomatı, qumbaralar, fişəng, qaz balonu vardı. Diplomatları gecə ilə kimsə gətirib Qaliblə Cavanşirə vermişdi. Silahları yağlayıb əvvəldən düzəltdiyimiz balaca zirzəmiyə yerləşdirdik.
- Nəsrullah harada yaşayırdı?
- Bunu biz bilmirdik. Haradansa gəlirdi, peyda olurdu, yoxa çıxırdı.
“İrandan gələn stilist 1 aya yaxın bizə qrimlənməyi öyrətdi”
- Onda başqa təmasda olduğunuz kimsə vardı?
- 1996-cı ilin yayında oradan (İrandan) bir stilist gəldi. Bizə qrim dərsləri keçdi. Saqqal, bığ qoymaq, gözə linza taxmaq, başa parik qoymaq öyrədirdi. Cildi necə dəyişməyi izah eləyirdi. İrandan gələn stilist 1 aya yaxın bizə qrimlənməyi öyrədirdi. Gecə orada qalırdı. Biz qrimlənib şəhərə çıxırdıq. İnsanların reaksiyalarını yoxlayırdıq. Aramızdan birimizi qrimləyirdik, onunla bərabər şəhərə gəzməyə çıxırdıq. Qalanları da qrimlənənin yanında gəzib adamların reaksiyalarına baxırdıq, müşahidə aparırdıq. Camaatın bığ-saqqalın saxta olduğunu bilib-bilmədiyini aydınlaşdırırdıq.
- Qrimlənmiş görkəmdə dost-tanışınızın yanına da gedib reaksiyaları yoxlayırdız?
- Çalışırdıq tanışların arasına getməyək, birdən bizi tanıya bilərdilər, niyə görə qrimləndiyimizi soruşa bilərdilər. Ona görə də getmirdik. 1 aylıq qrim dərslərindən sonra oradan gələn stilist qayıdıb getdi.
Nizami Nağıyevin atası Adil Nağıyev
“Qalib 7-ci şöbənin əməkdaşı idi”
- Həmin vaxt artıq imkanlarınız da böyümüşdü?
- O vaxt artıq özümə “06" almışdım, həyətimdəki tövlədə Qala cinsindən olan 100 baş qoyun vardı, parnikdə xiyar-pomidor əkirdim. Yəni özümün iş-gücüm də vardı. Adam tutmuşdum qoyunları otlağa aparırdı. Mənim problemim yox idi. Bu tərəfdən də ticarətdən də pul gəlirdi. Məndən başqa Tariyeldə də ”06", Cavanşirdə “09" vardı.
- İş materiallarında var ki, izləmə zamanı qara rəngli “Qaz-24"-dən istifadə edilib. Həmin maşın kimin idi?
- Qalib həmin maşını haradan gətirmişdi, bilmirəm.
- Qalib Babayev sizə nə vaxt qoşulmuşdu?
- Biz Həccdən qayıdandan sonra Qalibi Cavanşir gətirib bizə qoşmuşdu.
- Qətlin üstü açılandan sonra xəbər vardı ki, Qalib hüquq-mühafizə orqanlarının işçisi olub. Bu doğru xəbər idi?
- Qalib 7-ci şöbənin əməkdaşı idi. Bunu mən Xətaidə işləyəndə bilmişdim. Tutulandan sonra istintaqda bildim ki, onu polisə Tariyel KQB-də işləyən bir mayorun əli ilə düzəldib. Bu işlər çox məxfi aparılırdı. Mənim onlardan, onların məndən xəbərləri olmurdu.
“Bu gün FETO-çular var, biz də təxminən elə bir dəstə idik”
- Dəstədə neçə nəfər idiz?
- 5 nəfər idik. Tariyel, Cavanşir, Qalib, Mahir və mən. Hər şey çox məxfi idi. Planlar vardı ki, gələcəkdə dəstəni böyüdək. Hərəmizin xətti ilə 2-3 nəfər cəlb edəcəkdik. Tutulandan sonra məhkəmədə bildim ki, Cavanşir Lənkərandan Xanları, Maarif Əliyevi cəlb eləyib. Tariyel bizim hamımızı kənar saxlayırdı. Ağlımıza belə gəlməzdi ki, biz kimisə öldürəcəyik.
- O günlərdə nə düşünürdüz?
- Fikirləşirdik ki, bizi vəzifələrə getmək üçün hazırlayırlar, böyüyüb vəzifələrdə oturacağıq. Həmin vaxt artıq bilirdim ki, Qalib polisdədir. O, forma geyinmirdi. Mülki geyimdə gəzirdi. İşə çıxanda ona vəsiqəni verirdilər. İşdən çıxanda vəsiqəni təhvil verirdi. 1-2 dəfə yanıma anbara pul üçün gəlmişdi. Ona dedim ki, vergidən gəlib-gedənlər var. O da mənə vəsiqəsini açıb göstərmişdi, bilmişdim ki, 7-ci şöbənin əməkdaşıdır, həm də oxuyurdu. Deyirdi ki, bizə “naloq” nə edəcək, vəsiqəni gözünə soxaram. O vaxtlar proqram üzrə inkişaf edəcəyimiz düşünürdük, parlamentə düşəcəyimizi fikirləşirdik. Bu gün FETO-çular var, biz də təxminən elə bir dəstə idik. Silahı da özümüzü müdafiə etmək üçün əldə etdiyimizi düşünürdük. Tariyelin planları belə idi.
“Aydın alimdir, bir kitab yazıb, kitabda peyğəmbəri aşağılayıb”
- Tariyel Ramazanov həmin günlərdə Milli Elmlər Akademiyasındakı işinə gedib gəlirdi?
- Yox. Ticarətə başlayandan sonra işdən çıxmışdı. Sırf ticarətlə məşğul idi. 1997-ci ilin yanvarında Nəsrullah gəldi. O da uzun vaxt idi ki, yox idi. Bəlkə Tariyellə əlaqəsi vardı, bunu biz bilmirdik. "20 Yanvar" metrosunun yanında ev tutmuşduq, orada yığışdıq. Cavanşir, Qalib, Mahir, Tariyel və mən o evə getdik. Nəsrullah ilə Tariyel orada idi. Söhbətdən belə başa düşdük ki, Nəsrullah Tariyelə danışıb, o da bizə onun fikirlərini çatdırır. Tariyel dedi ki, bir Aydın adlı şəxs var, yoldaşı da yəhudidir. Aydın alimdir, bir kitab yazıb, kitabda peyğəmbəri aşağılayıb.
- Aranızdan bir sual edən oldu ki, nə kitabdır, adı nədir, kitabda konkret olaraq nə yazılıb?
- Yox, kim idi sual verən? Tariyelə özümüz kimi inanırdıq. Əsgərlikdə necə ki, komandir nə dedi müzakirəsiz icra edilir, sonra söhbət olur, bizdə də həmin nizam-intizam vardı. Dedi ki, Aydının yoldaşı yəhudidir, özü İslam dininin düşmənidir. Azərbaycanda İslam dininə qarşı pis hərəkətlər edir, qabağını alır, çox pis hərəkətlər edir, “KQB” agentidir. Fikirləşirdim ki, yəqin Tariyel adamı elə-belə tanımır, yəqin dədəsi də evdə nəsə danışıb. Tariyel Moskvada universitet qurtarmışdı. Deyirdi Aydın sionistdir, Massonun yekəsidir, bunu mütləq cəzalandırmalıyıq. Bu söhbət oldu, dağılışdıq. Başqa söhbət olmadı. Yanvar ayının axırında bir daha toplaşdıq, bu dəfə plan cızıldı.
“Dedi ki, bıçaqla Aydını vuracaqsan”
- Nəsrullah harada yaşayırdı, harada işləyirdi?
- Bilmirdik. O, haradansa peyda olurdu və elə də itirdi.
- İş yerinizə gəlirdi?
- 1 dəfə anbara gəldi baxdı, getdi. Özlərini çox ehtiyatlı aparırdılar. O vaxt belə şeylərə elə də əhəmiyyət vermirdik. Nə deyirdilər, “urra” deyib hücum edirdik.
- Həmin gün plan nədən ibarət oldu?
- Plana görə, Qalib Aydını güdməli idi. Onun marşrutlarını öyrənməli idi. Tariyel ona məlumatlar verməli idi. Cavanşirə tapşırıldı ki, 2 oğurluq pasport tapır. Həmin pasportlarla telefon, peycerlər alır, bir də fin bıçağı tapır. Mahirə də tapşırdılar ki, 1-2 kurtka, krassovka, papaq, əlcək alıb təşkil edir. Mənə də dedi ki, bıçaqla Aydını vuracaqsan. Həmin gün mənə dedilər ki, get otur evində, şəhərə tərəf gəlmə. Səni çağırsaq gələrsən. Mən də çıxıb getdim Ramanaya.
“Tariyel maşını ilə məni Ziya Bünyadovun yaşadığı binaya apardı”
- Evdə soruşan olmurdu ki, günlərlə harada olursan?
- Bilirdilər ki, alverlə məşğulam. Evə serviz, dəst qazanlar daşıyıb aparırdım. Bacı-qardaşa, qohum-əqrəbaya pay verirdim. Tonlarla un vurub gətirmişdik, atam Xırdalanda “Aqroprom”un sədri ilə danışmışdı. 20 ton un vermişdik. Hamı bilirdi ki, ticarətlə məşğuluq. Günlərin birində çağırdılar ki, Rusiyaya getməlisən, adam tap, oradan taxta-şalban vuracaqsan. Özümə bir yol yoldaşı tapmağımı da tapşırdılar. Aydın adlı Ramana kəndində yaşayan bir oğlanı tanıyırdım. Uzun illər Moskvada yaşamışdı. Dedim onunla danışaram. Belə də elədim. Aydın razılaşdı, dedi ki, gedək Çelyabinskdən taxta-şalban vuraq, adam tanıyıram. Tariyel də öz qonşularından Tahir adlı bir oğlanı bizə qoşdu. O da buxalteriya işlərini görməli idi... Qətldən sonra başa düşdüm ki, bütün bunlar mənim Rusiyada olmağımla bağlı fikir formalaşdırmağa yönələn addımlar olub. Tariyel dedi ki, Rusiyadan 20 gündən tez qayıtma. Anbardan müxtəlif məhsullardan nümunələr də götürüb getdik Rusiyaya. Orada müxtəlif şirkətlərə İran məhsulları olan tomat, turşular, makaron, vermeşel, şokalad nümunələri göstərib belə məhsullar satdığımızı deyib müştəri axtarırdıq. Çelyabinskdə taxta-şalban məsələsini detallı danışdıq, Tolyattidə bank tapdıq, şəmkirlilər işlədirdi. Taxta-şalbanın pulunu ora köçürəcəkdik. Elə bilirdim ki, taxta-şalbanı daşıyıb aparacağıq. Gələndən sonra Tariyelə dedim ki, hər şey hazırdır, pulu köçürək, taxta-şalban gələcək. Dedi ki, işinlə məşğul ol, bizə lazım idi ki, sən 20 gün burada olmayasan. Nəsrullah da gəldi çıxdı. O da Tariyelin sözünü dedi. Aydın da məni kənddə harada görürdü, deyirdi ki, nə oldu, taxta-şalban üçün nə vaxt gedirik? Deyirdim ki, hələ pul yoxdur. 1997-ci il fevralın əvvəli idi, hadisədən 7-8 gün əvvəl olardı. Tariyel maşını ilə məni Ziya Bünyadovun yaşadığı binaya apardı. Orada binanın giriş çıxışı, maşını harada saxlayacağını dedi.
“Ziya Bünyadovun yaşadığı binanın qabağına çatdıq”
- Ora başqa kim getmişdi?
-Cavanşir, Tariyel, Nəsrullah və mən getmişdik. Cavanşir maşından düşməmişdi. Şəhidlər Xiyabanı istiqamətindən piyada gəlib binaların qabağından keçib Ziya Bünyadovun yaşadığı binanın qabağına çatdıq. Bloku göstərdilər. Çıxanda hansı istiqamətə qaçacağımı, maşının harada dayanıb gözləyəcəyini göstərdilər. İndiyə qədər yadımdadır, orada binanın yanında “ploşadka” vardı, dedi maşın orada dayanacaq. Bundan sonra dedilər ki, get evə, çağıracağıq. Bir gün çağırdılar. Dedilər ki, gedirik. Qalib, Cavanşir, Tariyel və mən getdik. Mahir bu işlərdən kənar idi. Cavan idi deyə onu kənar saxlayırdıq. Ona kurtka, ayaqqabı, papaq, əlcək aldırmışdıq. Qaliblə mən bir maşında, Tariyellə Cavanşir bir maşında getdik. Tariyelin “06"da biz getdik, ”09"la da onlar gəldilər.
- Silahlı idiz?
- Cavanşir bıçaq almışdı. Bıçağı Tariyel Nəsrullaha göstərdi. Nəsrullah bıçağa əlini vurmadı. Tariyel ona dedi ki, qorxursan əlinin izi düşər? Bizim ən böyük səhvimiz orada başladı. Bunu orada qovmalı idik. Qovmadıq. Yəni sən qorxundan əlini bıçağa vurmursan, bizi də gör hara göndərirsən?
- Başqa söz deyən olmadı ona?
- Yox, Tariyel dedi. O, bir barmağının ucunu bıçağın tiyəsinə, o birini də bıçağın tutacağına dirəyib qaldırdı, baxdı, stolun üstünə atdı. Bıçağın ümumi görünüşünə, formasına baxdı. Əldəqayırma iri bıçaq idi. Peycerlər, telefonlar da hazır idi. Peycerlər əvvəldən var idi, onlarla əlaqə saxlayırdıq. Məsələn, yazırdı ki, gəlin şəhərə. Və ya gəlin bağa. Yəni aldığımız konspirativ evə. Yazırdı ki, bu gün Aydınla məşğul olacağıq.
Ömürlük məhbus Nizami Nağıyev: “İndi belə düşünürəm ki, Heydər Əliyevdən küskün olublar, ona inamsızlıq yaratmaq istəyiblər”
Nizami Nağıyev atası Adil Nağıyevlə
Blokda qadınların olması qatilə cinayəti törətməyə mane olub
- Hadisə yerinə gedəndən sonra nə baş verdi?
- Qətli 2-3 gün əvvəl törətməli idik. Qalib binanın tinində dayandı. Tariyelgil də kənarda dayanıb onun gəlməsi haqda telefonla Qalibə məlumat verməli idilər. Mən maşından düşüb gedib bloka girdim. Gördüm ki, orada 2 qadın dayanıb söhbət edir. Çıxdım, gördüm həyətdə də adamlar var. Qalib də dedi ki, gəl gedək. Başa düşdük ki, alınmayacaq, qayıdıb getdik. Son 4 günü hər gün səhərlər konspirativ evə yığışırdıq. Fevralın 20-də də yığışdıq, bir də danışdıq, dağılışdıq.
- Orada televizor vardı?
- Yox, yox idi. Olsa da kim idi televizora baxan? Heç evdə də baxmırdım. Ramanada heç fərli işıq var idi ki, televizora da baxaq?
“Onun adını ilk gündən bizə Aydın deyirdilər”
- Yəni həmin illərdə Ziya Bünyadovun çıxışlarını televizorda ara-sıra verirdilər. O, xalqın adamı idi, xalqın içində olurdu. Onu ən azı televizordan baxıb tanıya bilərdiz. Parlamentdə odlu-alovlı çıxış edən deputatlardan idi...
- Onun barəsində heç eşitməmişdim. Sovet İttifaqı Qəhrəmanı, deputat, akademik olmasını bilmirdim. Evdə tapılmırdım axı televizora da baxım. Qəzet də oxumurdum ki, belə bir adamın olmasını bilim. Evə gedəndə də tövləyə girib heyvanlarla, parniklə məşğul olurdum. Çox vaxt Türkiyəyə, Rusiyaya gedirdim. Evdə tapılmırdım. Bütün bu işləri Tariyel bilirdi. Elə demişdilər ki, alimdir, İslam dininə qarşıdır. Mənə onun kimliyi haqda axıra yaxın demişdilər. Onun adını ilk gündən bizə Aydın deyirdilər.
“Nifrət, nifrət, yenə də nifrət oyadırdılar”
- Neçə yaşınız vardı dəstəyə qoşulanda?
- 28 yaşında qoşuldum, 33 yaşımda da bu hadisə baş verdi. O vaxt heç ağlıma da gəlməzdi ki, belə bir hadisə ola bilər. İçimdə o qədər inam var idi ki, ay cənnətə gedəcəyik, kafirləri qıracağıq.
- Sizlərə bunları təlimlərdə aşılamışdılar?
- Hə, “zampolit” kimi biri gəlirdi. “Zampolit” deyildi, molla idi, o, dindən elə danışırdı ki, təsir altına düşürdük. Kor-koranə din təəssübkeşi olmuşduq. Hədislər, rəvayətlər danışırdı, deyirdi ki, kafirləri öldürmək lazımdır. Kafirlərə nifrət yaradırdı, əsasən də sionist, masson söhbətləri eləyirdi. Nifrət, nifrət, yenə də nifrət oyadırdılar. Biz də cahil adamlar idik.
“Burada bildim ki, bunlar yalanmış, Ziya Bünyadovun...”
Nizami Nağıyev söhbətin bu yerində kövrəlir, səsi boğulur. Doluxsunan gözlərini kənara çevirib zorla eşidiləcək səslə deyir ki, gec də olsa hansı bir əməlin altına imza atdığını anlayıb. Həbsə düşəndən sonra Ziya Bünyadovla bağlı qəzetlərdə, jurnallarda yazılanları oxuyub, onun barəsindəki verilişlərə baxıb:
- Bizə tamam başqa bir adam təsvir etmişdilər. Deyirdilər adı Aydındır, özü də alimdir. Bizə hadisəni törətməyimizdən 2 gün əvvəl onun əsl adını dedilər. Dedilər ki, adı Ziyadır, familiyası Bünyadovdur. Amma onda da bilmədik ki, Ziya Bünyadov sıradan bir alim, akademik deyil. Bizə deyirdilər ki, onun həyat yoldaşı yəhudidir. Burada bildim ki, bunlar yalanmış, Ziya Bünyadovun yoldaşı Tahirə xanım Yusif Vəzir Çəmənzəminlinin qohumudur. Tariyel bizi aldadıb. Onun özünün dayısı arvadı cuhud idi, özü gedib “cuhud”un bişirdiyi yeməyi yeyir, onun evində qalırdı. Əslində belə götürəndə bizimlə “cuhud”lar da əmioğluyuq. İbrahim əleyhissalamın dayılarıdır. Biz İsmayıl əleyhissalamın balalarıyıq. Əmiuşaqlarımızdırlar. Hər millətin yaxşısı da, pisi də var.
Dəstə başçısının əvvəlcə bir müxalifət liderini öldürmək planı olubmuş...
-Ziya Bünyadovu öldürməklə nəyə nail olmaq istəyirdilər? Bu haqda düşünmüsüz?
- İndi belə düşünürəm ki, Heydər Əliyevdən küskün olublar, ona inamsızlıq yaratmaq istəyiblər. Ölkədə çaxnaşma yaratmaq istəyiblər. Başqa nə ola bilər? Oturublar, seçiblər. Sonradan Tariyeldən eşitmişdim ki, əvvəlcə bir müxalifət liderini də aradan götürmək planı olub. Amma düşünüblər ki, bunu eləsək, küçəyə heç kim çıxmayacaq. Sonradan baxıblar ki, Ziya Bünyadovun cəmiyyətdə nüfuzu daha çoxdur. Çirkin məqsəd onların idi, bizim saf niyyətimizdən istifadə etdilər.
- Saf niyyət nəyə deyirsiz?
“Bizdən pis niyyətləri üçün istifadə etdilər, necə lazımdır, elə də istifadə etdilər”
- Bizə kafir birinə qarşı çıxacağımızı deyirdilər. Burada da hərdən rast gəlirik. Öz dədəsinə kafir deyənlər var. Səbəbini soruşursan, cavab verir ki, namaz qılmır. Deyirəm ki, dədən Allahı tanıyır, deyir tanıyır, peyğəmbəri tanıyır, deyir tanıyır, Quranı tanıyır, deyir tanıyır. Deyirəm ki, namaz qılmır, əcəb eləyir qılmır. Məgər dində məcburiyyət var? Bəqərə surəsində yazılıb - dində heç bir məcburiyyət yoxdur. Kimisə dinə, imana gətirmək istəyirsən, onunla mehriban davran, xoş münasibət göstər. Atana kafir deməklə nəyə nail ola bilərsən? Bizə əvvəl gündən düz yol göstərən olmadı, səhv yola yönləndirdilər. Hər naqisliyin kökündə savadsızlıq dayanır. Cahil olmuşuq. Bisavadlıqdan olub bunlar. Burada böyük alimlərin kitabını oxudum. Heç birində “qonşun namaz qılmırsa, get qonşuna əziyyət ver”, əmri yoxdur. Hər birində “sən get yaxşılıq et” əmri var. Bizdən pis niyyətləri üçün istifadə etdilər, necə lazımdır, elə də istifadə etdilər.
“Mənə bəraət yoxdur. Səhvimi etiraf edirəm”
- Sağlıq durumunuz necədir?
- Ürəyim xəstədir. Heç “voronok”a (dustaq daşınan maşın- E.M.) oturub müalicə müəssisəsinə gedə bilmirəm. Nəfəs alma problemim var. Müalicə olunuram. Deyirlər təzə həbsxana tikilir, orada şərait fərqli olacaq. Bircə istəyim prezidentdəndir. Onun ədalətinə sığınıram. Göydə Allahın, yerdə prezidentin rəhminə sığınıram. Demirəm azadlığa buraxsın, mənə ümid işığı versin. O dövrü siz də yaşamısız. Mənə bəraət yoxdur. Səhvimi etiraf edirəm. Əslində səhv yox, böyük bir günah etmişəm. İnsanı öldürmək ən böyük günahdır, etmişəm. İmkan varsa, ömürlük cəzanı ümid işığı ilə əvəzləyin. Əfv Komissiyasının sədri Ramiz Mehdiyevdən, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov cənablarından, Əfv Komissiyasının üzvlərindən rica edirəm, imkan varsa, ömürlüyü üstümdən götürsünlər. Ziya Bünyadovun qohumlarından üzr istəyirəm. İmkan varsa bağışlasınlar, Tahirə xanımın yolunu getsinlər.
“Tariyel dedi ki, Nəsrullah tələb edir ki, bu işi başa çatdırın”
- İzlədiyiniz şəxsin kimliyini nə vaxt bildiz?
- Axıra yaxın, öldürməzdən 2 gün əvvəl idi. Tariyel dedi ki, Aydın əslində Ziya Bünyadovdur. Ona görə Aydın deyirdik ki, birdən səhv edib haradasa adını çəkərsiz, telefonda söhbət edəndə adını deyərsiz, peycerdə yazarsız. Başladı ki, yoldaşı cuhuddur, sionistdir. Çox sonralar bildim ki, onun yoldaşı Yusif Vəzir Çəmənzəminlinin qohumlarındandır. Bunu 2010-cu ildə bilmişəm. Atam mənim yanıma bura gəldi, söhbət elədi, bildim. Tariyel bizi aldatmışdı. Özünün dayısının həyat yoldaşı cuhud ola-ola bizi aldatmışdı. Hətta özünün də qarışığının olduğunu deyirdi. Sırf azərbaycanlı olmadığını deyirdi. Biz də ona inanırdıq. 1997-ci il fevralın 21-də yenə də yığışdıq. Tariyel dedi ki, Nəsrullah tələb edir ki, bu işi başa çatdırın. Yəni qəti qoymuşdu ki, bu iş başa çatdırılmalıdır, nə edirsiz edin.
- Aranızdan uzaqlaşmaq istəyən olmadı?
- Yox, biz artıq Tariyelə biət etmişdik, onun dediyindən çıxmırdıq. Elə orada idik ki, Mahir də gəlib həmin evə çıxdı. Onu çağıran olmamışdı. Tariyel dedi ki, yaxşı gəlmisən, hava soyuqdur, oturarsan maşında, motoru da söndürməzsən. Birdən motor sönər, işə düşməz. Bunlar Qaliblə gedəcəklər, sən də maşında qalarsan. 2 “Uzi” avtomatı onların maşınına qoyduq, 2 avtomat da bizim maşına qoyduq. Silahları ona görə qoyurduq ki, birdən bizi təqib eləyən olsa atəş açsınlar, bizi yayındıra bilsinlər. İlk dəfə gedəndə üstümüzdə 1 bıçaq vardı. 2-ci dəfə gedənə Qalib səsboğucusu olan tapançanı götürüb qarnının üstünə qayışının altına keçirmişdi. Həmin gün üzü axşamüstünə yaxın əvvəlcə “Teleteatr”a yaxın getdik, gözlədik. Tariyeldən zəng gəldi ki, girin həyətə, gəlir. Tariyelgil parlamentin yanında dayanmışdılar, gəldiyini görmüşdülər. Maşını “ploşadka”da saxladıq, Mahir maşında qalıb motoru söndürmədi...
“Göstəriş verlimişdi ki, sırf bıçaqla vurulsun”
- Bilirdiniz ki, Qalib silahla atəş açacaq?
- Yox, bilmirdim. Sonradan özlüyümdə analiz edəndə, belə qənaətə gəlmişdim ki, Qalibə “kontrolnı” atəş açması əmri verilib.
- Sizin yanınızda belə əmr verilməmişdi?
- Allaha and olsun ki, belə söhbət olmamışdı. Birinci dəfə gedəndə, ancaq mənim əlimdə bıçaq olub. Tapança söhbəti yox idi. Göstəriş verlimişdi ki, sırf bıçaqla vurulsun. Yəqin düşünüblər ki, vurmaz, ona görə Qalibə bərk-bərk tapşırıblar ki, silahla vur. O da vurdu. İşdə bir az şişirtmələr də olmuşdu. Müstəntiq Rövşən Əliyev istintaqı aparanda “Əl-Fəqih” adlı bir təşkilat adı yazmışdı, guya biz həmin təşkilatın üzvü olmuşuq. Bunlar hamısı şişirtmə idi.
- Azərbaycanda sizdən başqa üzvü olduğunuz təşkilatın nümayəndələri vardı?
- Tariyel deyirdi ki, Azərbaycandakı yeganə “Hizbullah”çı bizlərik. Belə deyirdi.
- Hadisə yerinə necə, sonralar gedib baş çəkmişdiniz?
- Heç vaxt! Kim gedər ora? Yox, getməmişdim. Mənim orada nə işim var? Gedib nə edəcəkdim?
“Vurdum, arxası üstündə yerə yıxıldı”
- Həmin gün Ziya Bünyadovun yanında kimsə vardı?
- Yox, tək idi. Tariyelgil onun gəlişini xəbər verdilər. Mən o gəlməmiş qaçıb girmişdim bloka. Həmin gün qar yağmışdı, küçədə adam demək olar ki, yox idi. Gəldi, girdi bloka. 2-ci mərtəbədə pilləkənlərdə üz-üzə çıxdıq. Əlimdəki bıçaqla ardıcıl zərbələr vurdum. İlk zərbə əlinə dəydi, sonrakıları bilmədim. Bircə rus dilində ana söyüşü söydü. Vurdum, arxası üstündə yerə yıxıldı. Mən blokdan çıxan anda, Qalib bloka girdi. Mən qaçanda eşitdim ki, silahdan atır. Maşına oturduq, oradan uzaqlaşdıq. Bir az aralaşdıq, Mahiri maşından düşürdük. Az keçdi, Tariyel yenə zəng elədi, dedi ki, nə oldu, Qalib dedi ki, elədik. Gəldik evə, paltarları, krossovkaları, əlcəkləri, papaqları çıxardıq, silahları atdıq evə. Qaliblə Cavanşir paltarları götürüb getdilər. Mən də Tariyelin maşınına minib gəlib “Gənclik”də düşdüm. Metro ilə “Əzizbəyov” stansiyasına, oradan taksi tutub evə gəldim. Həmin gün işıqlar yanmırdı. Heç bilmədim ki, nə baş verir... 3 gün evdən bayıra çıxmadım. Sonra peycerə zəng gəldi ki, dəmir vermək lazımdır, şəhərə gəl. “Çermet”ə getdim, görüşdük. Tariyel, Cavanşir həyəcanlı idilər. Televizorda Heydər Əliyev bu hadisə barədə çıxış eləmişdi, hamı qorxu içində idi. Hansı işin altına qol qoyduğumuzu dərk etməyə başlamışdıq. Tariyelin rəngi qaçmışdı. Televizorda xəbərlərdən bilmişdim ki, ilk zərbə əlinə, 3 bıçaq da bədəninə dəyib. Elə orada qərarlaşdıq ki, ölkədən çıxaq. Türkiyəyə gedib un vuraq. Qalib polis idi deyə işdən çıxa bilmirdi. Cavanşir, Tariyel və mən Türkiyəyə getdik. Tariyel orada bizə dedi ki, siz hoteldə qalın, özü də itdi. Sonradan gəldi, dedi ki, hər şey qaydasındadır, narahat olmayın. Sonradan bildik ki, Tariyellə Nəsrullah Türkiyədə görüşüblər. Görüşdən sonra dedi ki, narahat olmayın, hər şey yaxşı olacaq. Bundan sonra adi həyat yaşayacaqsız, daha heç bir “işə” getməyəcəksiz. Bakıya qayıdandan sonra aldığınız konspirativ evin hər iki zirzəmisini doldurun, evi də satın. 20 ton un aldıq və Bakıya yolladıq. Özümüz də qayıdıb gəldik. Bakıda un məsələsi də o dövrlərdə çətin idi. Qohum-əqrəbaya un satırdıq.
“Məndən kimsə şübhələnə bilməzdi”
Martın 20-də Tariyel bizə kəndə gəldi. Dedi ki, gedirik o tərəfə (İrana). Evdə de ki, Rusiyaya gedirəm. Get anbara, orada gözlə. Cavanşirlə Qalib ora gələcəklər. Qalibin ağ “Niva”sı vardı, dedi ki, onunla Cəlilabada gedin. Evdə dedim ki, 10-15 gün olmayacağam, Rusiyaya gedirəm mal-material gətirməyə. O dövrdə atamgil artıq Əhmədlidə yaşayırdılar. Qardaşım qonşuluqda olurdu, yol polisində işləyirdi. O da nə bilirdi ki, haradan gedib haradan gəlirəm.
- Hamı ticarətlə məşğul olduğunuzu düşünürdü?
- Uşaqlıqdan o qədər zəhmətkeş olmuşam ki, kimsə ağlına belə gətirməzdi ki, mən belə işlərlə məşğul ola bilərəm. Uşaq vaxtında bütün günü torpaqla, əkin-biçinlə məşğul olurdum. Atamın heç vaxt ağına gələ bilməzdi ki, mən belə bir işlə məşğul ola, kiməsə qoşula bilərəm. Atam bizə gələndə həyətə baxırdı, fərəhlənirdi. Parnikimə, qoyunlarıma, həyət-bacaya baxırdı, sevinirdi. Görürdülər ki, həm də ticarətlə məşğulam. O vaxt un gətirəndə atama demişdim ki, çörək bişirən sexlərdən xahiş eləsin, bizdən un alsınlar. Bizdən 20 tona yaxın un almışdılar. Yəni məndən kimsə şübhələnə bilməzdi.
“O biri əsgər Qalibi vurdu. Sonra bildik ki, o ölüb”
- İrana 1997-ci il martın 20-də keçdiniz?
- Martın 20-si və ya 21-i olardı. Biz Bakıdan çıxanda Qalib qardaşına dedi ki, gedib bir arayış alıb iş yerinə versin. Cəlilabadda gördüm ki, Tariyel, Mahir, Cavanşir də ora gəliblər. Xanları da orada gördüm. Vüsalı da evindən çağırdıq. Maşına oturub bizimlə sərhədə qədər gəldi. Orada Vüsalın xalası oğlu Mais sərhəddə işləyirdi. Mais fit çaldı, əsgərlər gəldilər. Adambaşı əsgərlərin “qlavarına” 10 şirvan verdik, setkanı qaldırdılar, keçib getdik. Qamışlıqdan yol var idi, keçib gedəcəkdik. Üstümüzdə silah yox idi. Ancaq pul var idi. Qamışlıqdan keçib dərəyə düşmüşdük ki, əsgərlərin “qlavarı” silahı üstümüzə çəkdi, dedi, sizi təhvil verəcəyəm. Başladıq ki, əşi, atan yaxşı, anan yaxşı, əl çək. Pulunu almısan, imkan ver gedək. Demə, o, bunu pula görə edirmiş, əlavə pul almaq istəyirmiş. Bunu artıq həbs ediləndən sonra bildim. Əsgəri tutmuşdular, belə ifadə vermişdi. Həmin gün özünün ehtiyatsızlığından silahdan atəş açıldı. Güllə açılmasından sonra məsələ böyüdü, artıq zastavada da bildilər ki, keçid olub. Tariyel həmin vaxt onun üstünə hücum elədi. O biri əsgər də başladı atəş açmağa. Onun vurub ağzını partlatdıq, Cavanşir silahı əlindən aldı. O biri əsgər Qalibi vurdu. Sonra bildik ki, o ölüb. Hadisə səhərə yaxın 4-5-də oldu. Qamışlığa, oradan çayın içinə atılıb qaçdıq. Getdik kəndə.
- İran tərəfdən əsgərlər yox idi?
- Biz neçə il gedib-gəldik, mən orada onların əsgərini görmədim. Oradan çıxandan sonra bir maşın gəldi, oturub yola çıxdıq. Bizi bir qəsəbəyə apardılar, orada bizi ayrı-ayrı otaqlara saldılar. Pəncərələri qara örtüklə bağlı otaqlar idi. Səhəri Tariyellə Nəsrullah məni çağırdılar.
“Bakı aeroportunda işləməyə başladım”
- Tariyellə Nəsrullah nə dedilər?
- Dedilər ki, sən təcili evə qayıtmalısan. Bəs Bakıdan Qaliblə bir çıxmısan, səni Qalibin qardaşı da onunla birgə görüb. Gedib haradasa deyər ki, evdən Nizami ilə çıxıb, səni axtararlar. İrana keçəndən 3 gün sonra məni Yardımlıya gətirdilər. Orada bir yaşlı kişi vardı, ona pul verdilər, o da məni sərhəddən bu tərəfə keçirdi. Səhərə yaxın Yardımlı-Masallı yolunda bir taksiyə oturdum, getdim Masallı bazarına. Bazardan şalvar, köynək alıb geyindim, Bakıya gəldim. Qardaşlarıma zəng edib vəziyyətlə maraqlandım. Gördüm ki, sakitlikdir. Sonradan Mahir, Cavanşir, Tariyel peyda oldu. Hərə öz həyatını yaşamağa başladı. Atam da məni aparıb gömrükdə işə düzəltdi. Dedi ki, ticarətdən əl çək, get gömrükdə işlə. Bakı aeroportunda işləməyə başladım. Odlar Yurdu Universitetinə də daxil olmuşdum.
“2 qardaşım polisdə, 1 qardaşım da Milli Təhlükəsizlik Nazirliyində işləyirdi”
- Həmin vaxt atanız artıq Abşeronun icra başçısı idi?
- Hə, icra başçısı idi.
- Atanızla tez-tez görüşürdünüz?
- Yox, elə də çox vaxtımız olmurdu. Nə onun, nə də mənim. Heç qardaşlarımla da görüşə bilmirdim. 2 qardaşım polisdə, 1 qardaşım da Milli Təhlükəsizlik Nazirliyində işləyirdi. Vaxtımız olmurdu.
- Qalib Babayevin qohum-qardaşı sizdən onun barəsində soruşmadılar? Necə olsa axırıncı dəfə sizinlə birgə görmüşdülər axı onu?
- Yox, onlar məndən nə soruşacaqdılar. Elə bilirdilər, Qalib əməliyyata gedib, hadisə baş verib, onu öldürüblər.
“Kim kimdən acıqlıdır, bu işi də onun üstünə atırdı”
- İstintaqa da çağıran olmadı?
- Yox, heç maraqlanan olmadı. Adi həyat başlamışdı. Tariyel də Moskvaya getmişdi, orada 7-8 ay yaşadı. Həmin vaxt artıq evlənmişdi də. Oradan xəbər göndərmişdi ki, evi satın. Cavanşir də Maarifi gətirdi, evi mənim adımdan çıxarıb onun adına keçirdilər. O vaxta qədər biz evi tər-təmiz eləmişdik. Zirzəmiləri doldurmuşduq, qrim üçün nə vardısa yığışdırıb yandırmışdıq. Silahlar orada torpağın altında qaldı. Maarif də evi adına keçirəndən sonra ailəsi ilə orada yaşamağa başladı. 1998-ci ildə Tariyelgilə getdim. Ara-sıra gedib onun anasına baş çəkirdim. Dedi ki, Tariyel səninlə danışmaq istəyir. Moskvadan zəng elədi, danışdıq. Vəziyyətlə maraqlandı, dedim ki, sakitlikdir, mətbuatda da heç nə yoxdur.
- O vaxt mətbuatda nə yazırdılar?
- Kim kimə nə deyib, nə baş verib, belə məsələlərdən yazırdılar.
- Hadisə ilə bağlı nə yazırdılar?
- Arada nəsə yazılar olurdu. Kim kimdən acıqlıdır, bu işi də onun üstünə atırdı. Parlamentdə kim nə deyirdi, atırdılar onun üstünə.
“Taksi sürücüsü deyirdi ki, Ziya Bünyadovu snayperlə vurublar”
- Elə həmin günlərdə mətbuatda belə məlumatlar da vardı ki, qətlin sifarişçisi mərhumun ağzından atmağı sifariş edib, ona görə də güllələr ona həmin istiqamətə atılıb...
- Allaha and olsun ki, belə bir söhbət olmayıb, yalandır. Qalib bloka keçib atıb və çıxıb. O günlərdə belə şeylər çox yazırdılar. Guya Ziya bizə deyib ki, “ay uşaqlar, neylirsiz?” Belə söhbət olmayıb. Ziya bircə ana söyüşü söydü orada, vəssalam. Rusca ana söyüşü söydü. Hərə bir söz deyir. “Uşaqlar nə edirsiz?” söhbəti olmayıb. Hətta həmin günlərdə bir taksiyə oturmuşdum. Taksi sürücüsü deyirdi ki, Ziya Bünyadovu snayperlə vurublar. Guya dikdən o bloka girəndə snayperlə vurublar. Nağıllar, əfsanələr çox idi. Əslində isə bizimlə heç kim maraqlanmırdı. Heç kəs! Qəti şəkildə çağıran, maraqlanan yox idi!
- Amma istintaqın getdiyindən məlumatlı idiniz?
- Yox, haradan xəbər biləcəkdik?
- Ən azı mətbuatı izləyirdiniz, mətbuatda xəbərlər verilirdi axı...
“Hadisədən sonra dəstə dağılmışdı”
- O vaxtlar mətbuatda qarışıq yazırdılar. Hər qəzet bir cür yazırdı. Kimsə çıxıb bir söz deyəndə yazırdılar. Hər dəfə yazılar eyni olmurdu. Kim nə istəyirdi, onu da yazırdı. İstintaqla bağlı da ciddi bir məlumat olmurdu. Dediyim kimi bizi axtaran da yox idi. Tariyelə də bunu dedim. Dedim sakitçilikdir. Artıq Xətaidəki anbarı təhvil vermişdik. Mən gömrükdə işləyirdim. Tariyel Moskvada, Mahir, Cavanşir nə işlə məşğul olurdular bilmirdim. Qalibi də sərhəddə öldürmüşdülər. Hadisədən sonra dəstə dağılmışdı.
- Qalib Babayev sərhəddə öldürüləndən sonra onun yas məclisinə getmişdiz?
- Yox, getmədik. Düşündük ki, qardaşı birdən bizdən şübhələnər. Ona görə getmədim.
“Gömrükdə işə düzəlmişdim”
- Heç qəbrinin üstünə də getmədiz?
- Tariyel Azərbaycana o hadisədən 2 ildən sonra qayıdıb gəldi. Bundan sonra yığışıb Xaçmaza, Çiçi kəndində onun qəbrinin üstünə getdik. 1999-cu ilin yayının sonları idi. Tariyel Moskvadan qayıdandan sonra daha Montində yaşamadı. Pirşağıdakı bağına köçüb orada yaşamağa başladı. Atasından qalma bağ idi. O qayıdıb gələndən sonra heç görüşməyə vaxt olmurdu. Hadisədən sonra gömrükdə işə düzəlmişdim, bir gün səhər növbəsində olurdum, bir gün də axşam. Görüşə bilmirdik.
- Gömrükdə işə hadisədən dərhal sonra düzəlmişdiz?
- Fevralda hadisə olmuşdu, dekabrda artıq gömrükdə işləyirdim.
- İşə düzəlməyinizə kim kömək etdi?
- Atam işə düzəltmişdi. Demişdi ki, qardaşların kimi sən də get bir işin qulpundan yapış, gələcəyin olsun. Əkin biçindən, alverdən bir şey olmaz.
- Gömrükdə vəzifəniz nə idi?
- İnspektor idim. Sərnişinləri yoxlayırdım, əsasən yük şöbəsində olurdum, yüklərə nəzarət edirdim. Günüm işdə keçirdi.
“O bizi aparıb elə bir işin içinə salmışdı ki...”
- Düşünürdüz ki, bu işin üstü açılmayacaq?
- 3 ildə bizi faktiki axtaran olmadı. Ağlımıza nə gələrdi ki, bizi müəyyən edib həbs edə bilərlər.
- Tariyellə bu haqda söhbətləriniz olurdu?
- Tariyel də gələndən sonra adi həyatımızı yaşayırdıq. Bu haqda demək olar ki, danışmırdıq.
- Nəsrullah ilə əlaqə qalırdı?
- O, 2000-ci ilin əvvəlində gəlib çıxdı. Tariyel gedib onunla görüşmüşdü. Mənə də demişdi ki, birdən Nəsrullah sənə yaxınlaşsa, yaxınlıq vermə, de ki, nə sözün var, Tariyelə de, mənə yaxın gəlmə. Mən də dedim ki, bizi Nəsrullah ilə sən tanış etdin, biz Nəsrullah tanımırdıq. Həmin vaxt Tariyel özü də baş verənlərə görə peşman olmuşdu. O bizi aparıb elə bir işin içinə salmışdı ki... Artıq həmin vaxt onun 2 uşağı vardı, yoldaşı 3-cü uşağa hamilə idi. Bilirdi ki, bunun sonu yoxdur. Arada söhbət olanda da deyirdi ki, bizim uşaqların aqibəti necə olacaq? Ona deyirdim ki, bu işin üstü açılsa, hamımız əlli-ayaqlı gedəcəyik, məhv olacağıq. İt kimi peşman idi.
- Deyirsiniz ki, Ziya Bünyadovu sizə ilkin olaraq Aydın adı ilə tanıtmışdılar. Dəstə daxilində sizlərin də gizli adınız vardı?
- Yox, bizim gizli adlarımız yox idi. Bilirdik ki, o tərəfdən gələn Nəsrullahın, Məhəmmədin adları qondarmadır. Onlar öz adlarını demirdilər.
Ziya Bünyadovu qətlə yetirən dəstəni telefonları ələ verib
- Bəs sizin ən qorxduğunuz məsələ - bu işin üstü necə açıldı?
- 2000-ci ildə prokurorluğun rəhbərliyi dəyişildi. Heydər Əliyev göstəriş vermişdi ki, bu işin üstü hökmən açılmalıdır. Təxminən may ayı idi. Tariyeldə bir telefon nömrəsi vardı, onu hadisədən çox sonra ləğv eləmişdi. O telefon nömrəsi kimin adına idi, həmin adamı istintaqa çağırmışdılar. Həmin adam da Tariyelin telefon nömrəsini bilirdi. Tariyel gəlib dedi ki, nömrə kimin adınadır, onu istintaqa çağırıblar. O adam da nömrənin məndə olduğunu bilir. Ona dedim ki, evimiz yıxıldı. Sonradan Cavanşirin oğurladığı telefonların sahiblərini də istintaqa çağırmağa başladılar.
- Hansı telefonlardan söhbət gedirdi?
- Hadisədən əvvəl istifadə edilən telefonlar vardı.
- Qətldən əvvəl Ziya Bünyadovu izlədiyi zaman Tariyelin istifadə etdiyi telefonları müəyyən etmişdilər?
- Hə, həmin telefonlar oğurluq sənədlərlə alınmışdı. Sənədlərin sahibi Tariyelin həmin nömrəni işlətdiyini bilirdi. İstintaqçılar da həmin nömrədən qətldən əvvəl və sonra 2 zəng olduğunu aydınlaşdırmışdılar. Təxmin etmişdilər ki, cinayətdə istifadə edilən nömrədir. Sahibini axtarmışlar, onu da tapmışdılar.
- Sizdə o adamların istintaqa çağırılması haqda məlumat haradan idi?
- Xanların maşınından əmisi oğlunun pasportunu oğurlayıb işdə istifadə edilən telefon nömrələrini almışdlar. Xanlar da Cavanşirə demişdi ki, əmisi oğlunu istintaqa çağırıblar, sıxırlar. Beləcə bilirdik ki, adamları çağırırlar. Ətrafda salam-əleykimiz olan adamları da çağırırdılar. Peycerlərlə də maraqlanmağa başlamışdılar.
Dəstənin ölkədən qaçmaq planı olub
- Başa düşmüşdüz ki, istintaqçılar sizləri müəyyən edə biliblər?
- Bilirdik ki, geci-tezi var. Həmin günlərin birində Tariyel dedi ki, gəl Mərdəkana dəniz kənarında görüşək. 2000-ci ilin iyul ayı idi. Getdim, Tariyel çox həyəcanlı idi. Dedi ki, Cavanşirin qardaşı Aslanı çağırıblar istintaqa, gözləyək, görək nə xəbərlə gələcək. Axşamüstü Aslan gəldi, Cavanşirə dedi ki, istintaqda səni istəyirlər, sən mütləq istintaqa getməlisən. İstifadə olunan 2 telefonun hər ikisini o almışdı. Tariyel Cavanşirlə bir kənara çəkilib söhbətə başladılar. Nə dedilər, nə söhbət elədilər bilmədim. Qayıdıb gəldilər, Tariyel dedi ki, gələn cümə, bir də o biri cümə saat 10-da Günəşlidə poçtun qabağına gələrsən. Buradan o tərəfə gedəcəyik.
- Yəni ölkədən çıxacaqdız?
- Hə, getməli idik. 2 cümə günü Günəşlidə poçtun qabağına getdim. Evdə də demişdim ki, Rusiyaya gedirəm. Tariyellə Cavanşir görüşə gəlmədilər. O gündən Tariyellə Cavanşir haqda xəbərim olmadı. Belə başa düşdüm ki, qaçıb ölkədən çıxıblar. Bizi də qoyub qaçıblar. Sentyabrın 28-də məni istintaqa çağırdılar. Çünki mən Tariyelə bir xarici pasport almışdım. O, Moskvadan qayıdandan sonra iyun ayında pasportu alanda öz poliklinikamızdan ona sağlamlıq kağızı almışdım. Bunu istintaqçılar araşdırıb bilmişdilər. Bizimlə anbarda kim işləmişdi, hamını çağırmışdılar. Fəhlələr, qarovulçular dindirilmişdi, barəmizdə kifayət qədər məlumat toplamışdılar. Mən də istintaqa gəldim. Tariyellə Cavanşir artıq yox idi, Qalib ölmüşdü, Mahirin də harada olması haqda məlumatsız idim. 2 gün sorğu-sual etdilər. Dindirdilər, deyirdim ki, xəbərim yoxdur. Sonda baş prokurorun kabinetinə apardılar.
- Kimlər vardı orada?
- Ramil Usubov, müavini Zahid Dünyamalıyev, Zakir Qaralov, Rüstəm Usubov, Ramiz Rzayev və 2-3 nəfər başqa adamlar vardı. Ramiz Rzayev başladı suallar verməyə. Baxırdım ki, haradasa məlumatlıdırlar.
- Nə deyirdilər ki, belə qənaətə gəlirdiniz?
- Telefonların alınmasından danışırdılar, elə məqamları deyirdilər ki, bilirdim ki, xəbərləri var. Amma boynumdan atırdım, deyirdim mən eləməmişəm. İranlılar söhbəti də ortaya çıxmışdı.
- O məsələ necə olmuşdu?
- Bilmirəm axı. Sadəcə suallarından başa düşürdüm ki, artıq iş gedib, mənə deyirdilər ki, siz onlarla işləmisiz. Haqqımda kifayət qədər məlumatlı idilər. Görürdüm ki, çıxış yolu qalmayıb. Tariyelgil görüşə gəlsəydilər, mən də onlarla qaçıb ölkədən gedəcəkdim. İstintaqçıların əlində idim. Qaçan yerim yox idi.
- Baş verənləri etiraf eləməyə başladız?
- Sual-cavabın ən qızğın vaxtında baş prokuror Zakir Qaralov yerindən qalxıb iti addımlarla mənə yaxınlaşdı, sağ qolumdan bərk-bərk tutub silkələdi, yuxarı qaldırdı, dedi ki, bax bu əlinlə vurmusan. Bu əlində tutduğun bıçaqla vurmusan.
“Hə, bundan sonra başladım danışmağa”
- Və başladız danışmağa?
- Hə, bundan sonra başladım danışmağa. Nə baş vermişdisə, hamısını dedim. Sonradan Tariyelin o biri dəstəsində olan lənkəranlı uşaqları da tutdular. Orada 3 nəfəri tutdular, Xanlar, Maarif və bir başqası. 1 nəfər də qaçıb o tərəfə (İrana) keçmişdi.
- İş materillarını oxuyanda, sizin məhkəmədə ittihamları rədd etməyiniz diqqətimi çəkdi. İndi dediklərinizi o dövrdə niyə dilə gətirmirdiz?
Sonuncu hissə növbəti sayımızda