Zelenski: `Rusiya qoşunlarının qarşısı alınıb, Ukraynanın işğalı planı iflasa uğradı`
19.03.2022 542 0.0 0

"Ukrayna ordusu bir çox istiqamətlərdə Rusiya qoşunlarının qarşısını alıb".

Ukrayna mətbuatına istinadən xəbər verilir ki, bunu Prezident Volodimir Zelenski xalqa videomüraciətində deyib.

"Ukrayna Silahlı Qüvvələrinin cəsurluğu və hazırlığı sayəsində işğalçı qoşunların demək olar, bütün istiqamətlərdə fəaliyyəti dayandırıldı. Xarkov vilayətində çətin döyüşlər, xüsusə İzum yaxınlığında ağır hərbi əməliyyatlar gedirdi. Rus qoşunları hətta ora təlim mərkəzlərindən hərbçilər göndəriblər. Tam hazırlıqsız kontingent. Döyüşdə yarım saat belə dözə bilməyən insanlar”, - Prezident şənbə gecəsi videomüraciətində bildirib.

Zelenskinin sözlərinə görə, ordu Kiyev, Suma və Çerniqov vilayətlərində, eləcə də Ukraynanın cənubunda düşmənin qoşununu dayandırıb.

"Kiyev, Suma, Çerniqov vilayətlərində, ölkəmizin cənubunda ordu işğalçıları dayandırdı. Rusiya hərbçilərinin dövlətimizi ələ keçirmək üçün ilkin planı iflasa uğradı. Və hiss olunur ki, onlar bizimlə nə etmək mümkün olduğunu bilmirlər. Görünür, onların hərbi komandirləri siyasi liderlərinə bizi əldən salmaq, Ukraynanı tükəndirmək üçün qəddar və yanlış taktikadan başqa bir şey təklif edə bilmirlər”, - Zelenski əlavə edib.

Prezident qeyd edib ki, “onların (Rusiya -red) hərbçilərinin bu taktikası yalnız həmin ölkə üçün vəziyyəti gərginləşdirir.

Xatırladaq Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Hərbi əməliyyatlar zamanı hər iki tərəfdən xeyli insan həlak olub. Müharibə Ukraynanın infrastrukturuna külli miqdarda ziyan vurub, ölkənin minlərlə dinc sakini həlak olub və ya yaralanıb. Eyni zamanda yüz minlərlə mülki şəxs ölkəni tərk etmək məcburiyyəti ilə üzləşib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar