Azərbaycanda avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri təhlükəsizliyi təmin olunmalı olan məhsulların siyahısına daxil edilib.
Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat veriblər.
Xəbərdə deyilir ki, Nazirlər Kabinetinin 27 noyabr, 2015-ci il tarixli, 369 saylı qərarı ilə avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri təhlükəsizliyi təmin olunmalı olan məhsulların siyahısına daxil edilib.
Qərara əsasən, bundan sonra ölkəyə idxal edilən, həmçinin istehsal edilən avtonəqliyyat vasitələrinin bütün ehtiyat hissələri yalnız sertifikatlaşdırılandan sonra dövriyyəyə buraxıla bilər.
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna əsasən, uyğunluğun qiymətləndirilməsini, başqa sözlə, sertifikatlaşdırmanı akkreditasiya olunmuş müstəqil qurumlar həyata keçirir.
Məlumat üçün deyək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin akkreditasiya etdiyi 3 sertifikatlaşdırma orqanının fəaliyyət sahəsində avtonəqliyyat vasitələrinin ehtiyat hissələrini sertifikatlaşdırmaq nəzərdə tutulub. Bunlar “AzeSert” MMC, “Azcertcenter” MMC və “TexnoSert” MMC-dir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehlakçılara akkreditasiya olunmuş qurumlar tərəfindən təhlükəsizliyi təsdiq olunmamış, sertifikatlaşdırılmayan ehtiyat hissələrini almamağı tövsiyə edir.
“Milli Sertifikatlaşdırma Sistemi haqqında” Əsasnaməyə əsasən, sertifikatlaşdırma insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısını almaq, istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsində köməklik və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaratmaq məqsədləri üçün keçirilir./virtualaz.org/