“Bu il 12 nəfər Azərbaycanın prokurorluq orqanlarından xaric edilib”.
Bildirək ki, bunu baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, 2016-cı ilin ötən dövründə xidməti və əmək intizamının tələblərini pozduğuna, yaxud digər qanunsuz hallara yol verdiklərinə görə 45 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib: “Bundan başqa, 19 nəfərə şiddətli töhmət və töhmət verilib, 3 nəfər vəzifədən azad edilib, 2 nəfər aşağı vəzifəyə keçirilib”.
Z.Qaralov qeyd edib ki, 2016-cı ildə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilən sayca 17-ci müsabiqədə iştirak etmək məqsədilə sənədlərini təqdim edən gənc hüquqşünaslardan 117-si prokurorluqda qulluğa qəbul ediliblər: “Hazırda 2002-ci ildən keçirilən müsabiqə yolu ilə qulluğa qəbul edilən işçilər prokurorluğun kadr korpusunun 63 faizini təşkil edir. Bu müddətdə Prezident tərəfindən 2 prokurorluq işçisi “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib, Baş Prokurorluq üzrə müvafiq əmrlərlə 145 prokurorluq işçisi barədə həvəsləndirmə tədbiri tətbiq olunub, o cümlədən 5 nəfər “Prokurorluğun fəxri işçisi” döş nişanı, 48 nəfər Fəxri fərmanla təltif edilib, 15 nəfərə mükafatlandırma qaydasında rütbə, 12 nəfərə isə pul mükafatı verilib. Bundan əlavə, hərbi prokurorluq orqanlarının 44 işçisi “Qüsursuz xidmətə görə” medalları və yubiley medalı ilə təltif ediliblər”. /report/