Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 31-də Bakı vaxtı ilə saat 21.55-də Şırnak əyalətinin Uludərə rayonundakı Şenoba bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə bağlı Türkiyənin müdafiə naziri Fikri İşıka və Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Başsağlığında deyilir: "Qardaş Türkiyə Respublikasının Şırnak vilayatində baş verən helikopter qəzası nəticəsində biri general olmaqla çox sayda hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən sarsıtdı. Biz bu dəhşətli hadisədən çox kədərlənirik.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin"./Report/