Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Jandarma Baş Komandanlığının Qərargah rəisi, korpus generalı İbrahim Yaşarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, nazir qonağı salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdiyini, strateji tərəfdaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrin davamlı olduğunu qeyd edib.
Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.
Sonra Azərbaycan və Türkiyə arasında qarşılıqlı təcrübə mübadiləsinin, təlim və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb, əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.