Zakir Həsənov Azərbaycan ordusunun gücündən danışıb
24.06.2015 683 0.0 0

Müdafiə naziri general-polkovnik Zakir Həsənov: “Silahlı Qüvvələrimiz qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirməyə qadirdir”

 İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ötən ildən bu günədək Ordumuzun vəziyyəti, əsas prioritetləri, aparılan islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu ordu dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilərək döyüş hazırlığına görə Müstəqil Dövlətlər Birliyi məkanında ön sıralarda qərarlaşıb.
Ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və hərb elminin günün tələbləri səviyyəsinə qaldırılması üzrə bir sıra əhəmiyyətli tədbirlər görülərək bu sahədə işlər davam etdirilir, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərinə diqqət artırılır.
İlk növbədə, qeyd etmək istərdim ki, Ali Baş Komandanın tapşırığı ilə 2015-ci il Silahlı Qüvvələrdə döyüş hazırlığı ili elan olunub. Burada planlı şəkildə, mərhələlərlə mühüm məsələlər həyata keçirilir. Həm struktur, həm kadrlar baxımından mühüm işlər görülür. Qarşımıza qoyulan məqsəd isə hər bir hərbi qulluqçunun, tutduğu vəzifədən asılı olmayaraq, öz yerində tapşırıqları yüksək səviyyədə yerinə yetirməsinə qadir olması və vəzifələrini döyüş şəraitinə uyğun bacarmasıdır. 
İstənilən səviyyələrdəki qərargahlarda, idarəetmə məntəqələrində şəxsi heyətin biliyi, bacarığı, təcrübəsi və vərdişləri təkmilləşdirilir. Döyüş hazırlığının çöl şəraitində, o cümlədən müəyyən hissəsinin gecə vaxtı, özü də birbaşa döyüş şəraitinə uyğun keçirilməsinə üstünlük verilir. Bununla əlaqədar döyüş hazırlığı planına uyğun olaraq, Silahlı Qüvvələrin bütün birlik və birləşmələrində, Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunda, o cümlədən Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, tank, artilleriya, kəşfiyyat, mühəndis-istehkam hərbi hissələrində, Xüsusi Təyinatlı Qüvvələrdə gündüz və gecə şəraitində müxtəlif səviyyəli irimiqyaslı təlimlər keçirilir.
Xüsusi qeyd etmək istərdim ki, qısa müddət ərzində tam təmin olunmuş yeni poliqonlar inşa edilib və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi üçün müvafiq şərait yaradılıb. Burada əsas məqsəd ordunu gələcək döyüşlərə hazırlamaq, zabit və əsgərlərin qarşısında duran vəzifələrin yüksək səviyyədə icrasını təmin etməkdir.
Dövlətimizin başçısının tapşırığına əsasən, Müdafiə Nazirliyinin döyüş hazırlığı planına uyğun olaraq keçirilən təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilər də cəlb edilib. Onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, müasir silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, düzgün istifadə və istismarı qaydalarını bilmək imkanı əldə ediblər. Eyni zamanda, Silahlı Qüvvələrimizin şəxsi heyəti beynəlxalq səviyyədə keçirilən müxtəlif təlimlərdə iştirak edir.
Keçən ilin avqustunda ilk dəfə Naxçıvanda, bu ilin aprelində Tbilisidə, mayında isə Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın möhkəmləndirilməsi və regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi məqsədilə müdafiə nazirlərinin üçtərəfli formatda görüşləri keçirilib. Bu görüşlərin mühüm nəticəsi ondan ibarət olub ki, təhsil və tibb sahələrində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi məqsədilə Üçtərəfli Koordinasiya Qrupu yaradılıb. 
Hərbi sahədə əməkdaşlığa dair imzalanmış sazişə əsasən, ilk dəfə keçən ilin sentyabr-oktyabr aylarında Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin ölkəmizdə “TurAz Qartalı 2014” və cari ilin martında Türkiyədə keçirilən “TurAz Şahini 2015” təlimlərini xatırlatmaq istərdim. İlk dəfə olaraq Azərbaycan şahinləri ikiyerli “F-16” tipli döyüş-təlim qırıcı təyyarələrində uçuşlar yerinə yetiriblər.
İkitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının bölmələri cəlb olunmaqla əvvəl Qars vilayətində, sonra isə may ayında Bakıda və Naxçıvanda döyüş atışlı birgə taktiki təlimləri, iyunda isə Azərbaycan, Türkiyə və Gürcüstanın Xüsusi Təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” təlimi keçirilib.
Bu əməkdaşlıq çərçivəsində ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi, enerji və nəqliyyat infrastrukturlarının mühafizəsinin təşkili və gücləndirilməsi məqsədilə hər il birgə kompyuter dəstəkli komanda-qərargah təlimi (“Eternity”) keçirilir. 
Təlimlər, yoxlamalar və digər tədbirlər ordumuzun müasir döyüşün ən mürəkkəb tapşırıqlarını belə müvəffəqiyyətlə yerinə yetirməyə hazır olduğunu, onun döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından ustalıqla istifadə etmək bacarığının əhəmiyyətli dərəcədə artdığını göstərdi.
Ötən ilin yay aylarında cəbhə xəttində hadisələrin gərginləşməsi, noyabr ayında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistanın Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli döyüş helikopterinin məhv edilməsi, döyüşlərdə canlı qüvvə sarıdan xeyli sayda itki verən Ermənistan Silahlı Qüvvələrinin təxribat törətmək planlarının tam alt-üst edilməsi bir daha ordumuzun kifayət qədər gücə malik olduğunu sübuta yetirdi. 
Ermənistan tərəfi itkilərini gizlətməyə çalışır. Amma biz işğal olunmuş ərazilərdəki vəziyyətdən tam məlumatlıyıq. Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyət çox acınacaqlıdır. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən rejimdir. Düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, o cümlədən Yaxın Şərq regionundan - Livandan və Suriyadan muzdluları cəlb edir.
Şübhəsiz ki, Azərbaycanın müasir tələblərə cavab verə biləcək güclü ordusunun formalaşdırılmasında, yüksək döyüş hazırlığının təmin edilməsində hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti vardır. Ali Baş Komandanın tapşırığına əsasən, döyüş hazırlığının daha da artırılması məqsədilə hərbi təhsil sisteminə ciddi diqqət yetirilir. Bu sistem müxtəlif pilləli ardıcıl təhsil proqramlarını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələri şəbəkəsindən və təhsili idarəetmə orqanlarından ibarətdir. Bundan əlavə, zabit-gizir heyətinin peşəkar hazırlığının təkmilləşdirilməsi üçün biz bu gün xüsusi proqram tərtib etmişik.
Silahlı Qüvvələrdə hərb elminin inkişafı, eləcə də elmi və elmi-pedaqoji kadr hazırlığı məqsədilə 2014-cü ildən Hərbi Akademiyanın Adyunkturası fəaliyyətə başlayıb. Artıq burada qiyabi və əyani təhsil üzrə qəbul həyata keçirilir, 12 zabit fəlsəfə doktoru, 4 nəfər isə Adyunkturaya elmlər doktoru hazırlığı proqramı üzrə qəbul olunub. 
Dost və digər dövlətlərin hərbi təhsil sistemi ilə tanışlıq, təcrübə mübadiləsi məqsədilə Müdafiə Nazirliyinin yüksək səviyyəli nümayəndə heyətlərinin Türkiyə, Rusiya, Belarus və digər ölkələrə səfərləri olub. Plana uyğun olaraq hərbi təhsil müəssisələrinin professor və müəllim heyəti Türkiyənin, Litvanın, İordaniyanın, Pakistanın, o cümlədən NATO dövlətlərinin hərbi-təhsil müəssisələrinin nümayəndələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparır. 
Digər bir vacib məsələ - Silahlı Qüvvələrdə müasir dövrün tələblərinə uyğun aparılan kadr siyəsətidir. Daha layiqli kadrların aşkar edilməsi, düzgün seçilməsi, yerləşdirilməsi, vəzifə üzrə irəli çəkilməsi və təhsil almağa göndərilməsi, növbəti hərbi rütbələrin vaxtında verilməsi və mükafatlandırılması məqsədilə kadrların obyektiv qiymətləndirilməsi yeni attestasiya qaydalarının tətbiqi ilə həyata keçirilir. 
Zabitlərin bilik və bacarıqlarına uyğun istifadə olunması, dəyişən xidmət şəraitinə uyğunlaşma vərdişlərinin inkişaf etdirilməsi, xidmətdə bərabər şəraitin yaradılması məqsədilə Silahlı Qüvvələrdə onların xidməti yerlərinin planlı şəkildə yerdəyişməsi (rotasiyası) yeni təlimat əsasında aparılır.
Hazırda isə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kadr siyasəti konsepsiyası”nın layihəsi üzərində işlər davam etdirilir.
Hərbi xidmətin nüfuzunun artırılması və maddi stimullaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi hərbi quruculuqda aparılan irimiqyaslı islahatlar çərçivəsində təqdirəlayiq işlərdən hesab olunur. Müdafiə Nazirliyi ölkənin əsas güc strukturlarından biri kimi bu sahədə bir neçə yeni qanunvericilik aktının layihələrini hazırlayıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırıb və onları müvafiq instansiyaya təqdim edib. 
Keçən ilin dekabrında Silahlı Qüvvələrin Sıra Nizamnaməsi təsdiq edilib. Bu nizamnamə bir sıra yeniliklərlə yanaşı, həm də mövcud qaydaların təkmilləşdirilməsini özündə ehtiva edir. Şübhəsiz ki, bu, birinci növbədə orduda hərbi intizamın möhkəmləndirilməsinə istiqamətlənib. 
Hərbi sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Silahlı Qüvvələrin İntizam, Qarnizon və Qarovul xidmətləri, Daxili Xidmət nizamnamələrinin təkmilləşdirilməsi məqsədilə onların yeni layihələri hazırlanıb və razılaşdırılması üçün aidiyyəti dövlət orqanlarına göndərilib. Artıq razılaşdırma prosesi başa çatmaq üzrədir.
Müasir standartlara keçidlə əlaqədar hərbi birləşmələrdə bəzi vəzifələrin səlahiyyətlərinə dəyişikliklər edilib, yeni yaradılan bir sıra vəzifələr və onların səlahiyyətləri artıq Daxili Xidmət Nizamnaməsinin yeni layihəsində öz əksini tapıb.
Biz hərbi qanunvericilik aktlarını təkmilləşdirərkən, şübhəsiz, dünya təcrübəsini nəzərdən keçiririk. Bu zaman hansısa konkret bir ölkənin təcrübəsinə deyil, Azərbaycanın milli mənafelərinə üstünlük verir, inkişaf etmiş dövlətlərin təcrübəsindən yararlanırıq. 
Hərbi qulluqçuların hüquq və vəzifələrini müəyyən edən, əsas normativ hüquqi akt olan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsi hazırlanaraq, hərbi qulluqçuların, onların ailə üzvlərinin, ehtiyata və ya istefaya buraxılmış şəxslərin sosial və hüquqi təminatının daha da yaxşılaşdırılması məqsədilə sənədə bir sıra yeni müddəalar daxil edilib. 
Silahlı Qüvvələrdən ehtiyata və ya istefaya buraxılmış şəxslərə xidmət dövründə istifadə etmədikləri növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı qəbul olunub. Bu qərara əsasən, Müdafiə Nazirliyi tərəfindən kompensasiyanın ödənilməsi qaydaları təsdiq edilib. Proses mərhələli şəkildə və vəsait ayrıldıqca həyata keçiriləcək.
Silahlı Qüvvələrdə aparılan islahatlar çərçivəsində hərbi hissə komandirlərinin hərbi nizamnamələr və normativ hüquqi aktlarla müəyyən olunan hüquqlarının icrasına imkan verən sənədlərin layihələri hazırlanıb. 
Azərbaycan Respublikasının Hərbi Doktrinasının, Silahlı Qüvvələrin 10 illik İnkişaf Strategiyasının yeni layihələri işlənib, Milli Təhlükəsizlik Konsepsiyasına daxil ediləcək ölkənin müdafiə qabiliyyətinin inkişafına dair təkliflər hazırlanıb. 
Son illər ərzində Azərbaycanın hərbi xərcləri sürətlə inkişaf edib və qısa zamanda hərbi büdcəmiz 20 dəfədən çox artıb. Hazırda Ermənistanın dövlət büdcəsinin bütün xərcləri Azərbaycanın 2015-ci il üçün hərbi büdcəsindən təxminən 2 milyard ABŞ dolları azdır. Ermənistanın hərbi xərcləri isə ümumiyyətlə, Azərbaycanın hərbi xərcləri ilə müqayisədə olduqca cüzi görünür. 
Ali Baş Komandanımız İlham Əliyevin “düşmənin ayaqlarının altında torpaq od tutub yanmalıdır” sözləri qarşımızda mühüm vəzifələr qoyur. Məhz buna görə də Silahlı Qüvvələrimizin döyüş arsenalının müasir tələblər əsasında yenilənərək gücləndirilməsi ümumi fəaliyyətimizin başlıca istiqamətlərindən birini təşkil edir. 
Silahlı Qüvvələrimizin imkan və qabiliyyətlərinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminatının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması, silahlanmaya qəbul edilməsi istiqamətində işlər aparılır. Biz müəyyən olunmuş inkişaf proqramına əsasən, hərbi təyinatlı məmulatların təmirini, modernləşməsini və təkrar emalını həyata keçiririk. Qoşunların silah və döyüş sursatı ilə təminatı, uzun müddət istismarda olan silahların və cihazların yeniləri ilə əvəzlənməsi, onların istifadəsinin düzgün təşkil olunması məsələlərinə xüsusi diqqət yetirilir.
Qoşunların döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaq məqsədilə hissə və bölmələr müasir 152 mm “Msta-S”, 120 mm “Vena” özüyeriyən artilleriya qurğuları, 122 mm “Sakarya” reaktiv yaylım atəşi sistemləri, 120 mm “Sani” minaatan kompleksləri, 220 mm TOS-1A reaktiv qurğuları, yeni növ döyüş sursatları, müxtəlif təyinatlı təmir və komanda müşahidə maşınları ilə təmin edilib. Hissə və bölmələrə müasir T-90S, BMP-3, BTR-82A zirehli-tank texnikaları, müxtəlif təyinatlı təmir-təxliyə maşınları və tədris trenajorları daxil olub.
Sözsüz ki, çətin təbii şəraitdə xidmət edən və torpaqlarımızın qorunması kimi məsuliyyətli bir vəzifəni öhdəsinə götürən hərbi qulluqçuların sosial-məişət şəraiti və əşya-ərzaq təminatı da daim diqqət mərkəzindədir.
İlk növbədə ön xətdə yerləşən və digər hərbi hissələr daha müasir, şəxsi heyətin təhlükəsizliyini daha səmərəli təmin edən zirehli dəbilqələrlə təchiz olunub. Hərbi qulluqçuların geyimlərinin modelində və digər əşya əmlaklarının keyfiyyətində də əsaslı dəyişikliklər baş verib. Onlar birdəfəlik sanitar-gigiyenik ləvazimatlar və digər təsərrüfat əmlakları ilə təmin edilir.
Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir. Qısa bir müddətdə relyefinə görə daşıma yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitlərində yerləşən və uzunmüddətli ərzaq tədarükü edilən hərbi hissələrin şəxsi heyətinin gücləndirilmiş kalorili hazır və keyfiyyətli milli yeməklərlə təmin edilməsi məsələsi həllini tapıb. Həmçinin ön xətdə yerləşən hərbi hissələrin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədilə onlar qablaşdırılmış su ilə təmin olunur.
Ali Baş Komandanın tapşırığı ilə orduda həyata keçirilən mühüm islahatlardan biri də məişət və təsərrüfat fəaliyyəti ilə bağlı vacib tapşırıqların təcrübəli mülki işçilərə və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına həvalə edilməsidir. Hazırda Silahlı Qüvvələrdə təxminən 20 min nəfərədək mülki şəxs və 20 min nəfərədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu işlə təmin edilib.
Bu istiqamətdə atılan addımlar bölgə sakinləri tərəfindən də müsbət qarşılanır. Cəbhəboyu rayonlarda əsgəri xidmətini başa vuran yüzlərlə gənc ordunun məişət-təsərrüfat sahələrində işlə təmin edilir, ailələrin sosial şəraitinin yaxşılaşdırılmasına zəmin yaradılır.
Şəxsi heyətin məişət xidmətinin yaxşılaşdırılması məqsədilə bir çox hərbi hissələrdə müasir tipli hamam-camaşırxana kombinatları fəaliyyət göstərir. Bir sıra hərbi hissələrdə yeni kombinatların inşası davam etdirilir.
Hərbi qulluqçuların və onların ailə üzvlərinin xidməti və yaşayış-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Ali Baş Komandanın göstərişinə əsasən, il ərzində tikinti-quruculuq işləri ilə bağlı böyük proqramlar həyata keçirilib. Artıq müxtəlif qarnizonlarda zəruri infrastrukturla yanaşı müasir tələblərə cavab verən, həmçinin ailəli hərbi qulluqçuların ehtiyacları da nəzərə alınmaqla geniş mənzillər, eləcə də yataqxanaların inşa edildiyi 4 hərbi şəhərcik kompleksi hərbi qulluqçuların istifadəsinə verilib. Cari ilin sonunadək daha 6 iri hərbi şəhərcik kompleksinin tikintisinin başa çatdırılması planlaşdırılır. Bir il müddətində 90 hərbi şəhərciyin qazlaşdırılması başa çatdırılıb, 21 hərbi şəhərcikdə isə bu işlər davam etdirilir.
Hərbi hissələrdə hərbi qulluqçuların sosial-məişət şəraitinə diqqətin artırılması, yüksək kalorili qidalarla təmin edilməsi onların arasında xəstələnmə hallarının xeyli dərəcədə azalmasına, immunitetinin artmasına, bir sıra yoluxucu xəstəliklərin – difteriya, qızılca, malyariya, qarın yatalağı kimi təhlükəli infeksiyaların qarşısının tamamilə alınmasına gətirib çıxarıb.
Silahlı Qüvvələrin digər təminat növləri kimi şəxsi heyətin tibbi təminatı da yaxşılaşır, hərbi təbabətimiz inkişaf edir, təkmilləşdirilir. Hərbi həkimlərimiz dünyanın inkişaf etmiş dövlətlərində, o cümlədən Türkiyədə, Almaniyada və digər ölkələrdə ixtisasartırma və təkmilləşmə kurslarında, elmi-praktik konfranslarda iştirak edirlər. Hazırda Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında 20 həkim ixtisaslaşma təhsili alır və artıq bu kursları bitirmiş 25 hərbi həkim hospitallarda müvafiq vəzifələrə təyin olunub.
Bu ilin aprel ayında Hərbi Tibb Fakültəsinin istifadəyə verilən yeni inzibati binasında əlverişli təlim bazası formalaşdırılıb, ən müasir standartlara cavab verən Simulyasiya Mərkəzi yaradılıb.
Hərbi hissələrdə onlarla tibb məntəqəsi tikilib. Bir sıra tibb müəssisələri əsaslı təmirdən sonra ən qabaqcıl tibbi avadanlıqla təchiz edilən yeni binalara köçürülüb. Hərbi qulluqçular üçün sanatoriya istifadəyə verilib, Naxçıvan şəhərində, Ələt qəsəbəsində yeni hərbi hospitalların, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin binalarının tikintisi başa çatmaq üzrədir. Bundan əlavə, döyüş mövqeyində olan bütün hərbi hissə və bölmələr təcili tibbi yardım avtomobilləri, diaqnostik tibbi cihaz və avadanlıq, dərman preparatları, fərdi tibbi vasitələrlə tam təmin olunub. Hərbi qulluqçulara erkən ixtisaslı tibbi yardımın göstərilməsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalı sanitar helikopter və reanimobillərlə təchiz edilib.
Silahlı Qüvvələrdə mənəvi-psixoloji hazırlıq işi də daim diqqət mərkəzində saxlanılır. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə hərbi psixoloq sisteminin fəaliyyətinə yenidən baxılıb. Psixoloji iş hərbi qulluqçuların hərbi xidmətə çağırıldığı gündən ehtiyata buraxılanadək planlı şəkildə, mütəmadi və davamlı olaraq həyata keçirilir. Silahlı Qüvvələrin şəxsi heyəti ilə xalqımızın tarixi qəhrəmanlarının, İkinci Dünya müharibəsində Vətənimizin qəhrəman övladlarının, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində igidlik göstərmiş Milli Qəhrəmanların həyat və fəaliyyətlərinin öyrənilməsinə dair tədbirlər keçirilir.

Silahlı Qüvvələrdə nizam-intizamın güсləndirilməsi istiqamətində də biz kompleks tədbirlər həyata keçirir, bu sahəyə birbaşa cavabdeh olan zabitlərin ştat sayını artırırıq. Bu, bölükdən tutmuş Müdafiə Nazirliyi Baş İdarəsinin strukturuna kimi olan bir sahəni əhatə edir. Bura fərdi tərbiyədən başlayaraq hərbi kollektivin formalaşması, hərbi qulluqçuların hərbi xidmətə aid olmayan təsərrüfat işlərindən ayrılması, hərbi qulluqçular arasında qarşılıqlı hörmət, nizam-intizama aid hərəkətlər də daxildir.
Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına əsasən, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində müvafiq tədbirlər həyata keçirilir. Müdafiə Nazirliyi Xarici İşlər, Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Mətbuat Şurası, İnsan Hüquqları üzrə Müvəkkilin Aparatı və digər qurumlarla birgə tədbirlər keçirib. İl ərzində Milli Məclisin deputatlarının, QHT və KİV nümayəndələrinin cəbhə bölgələrinə səfərləri təşkil olunub. Onların şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsi ilə tanış olmaları üçün lazımi şərait yaradılıb. Qeyd olunan fəaliyyətlərin bundan sonra da davam etdirilməsi planlaşdırdığımız işlər içərisindədir.
Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ictimaiyyətin çoxsaylı müraciətləri nəzərə alınaraq onun işi sürətləndirilib, keçirilən iclasların və baxılan sənədlərin sayı artırılıb. Son bir il ərzində komissiyanın fəaliyyəti təkmilləşdirilərək vətəndaşların müraciətlərinə əsasən, onlara qanunvericiliyin tələbləri çatdırılır, izahedici və məlumatlandırıcı məktublar göndərilir. Keçən dövr ərzində komissiyanın iclaslarında 2 mindən artıq sənədə baxılaraq müvafiq qərarlar qəbul olunub. 
Prezident İlham Əliyevin ictimaiyyətlə açıq təmaslarda olmaq tələbi Müdafiə Nazirliyinin fəaliyyətində əsas prinsip kimi rəhbər tutulur. Nazirliyə daxil olan on minlərlə məktub və ərizəyə müəyyən edilmiş qaydada cavablar verilib, tədbirlər görülüb, habelə vətəndaşların qəbulu təşkil olunub. 
Müdafiə Nazirliyinin beynəlxalq aləmdəki fəaliyyəti vahid xarici siyasət strategiyasının tərkib hissəsi olaraq dövlətin milli maraqlarının həyata keçirilməsinə və təhlükəsizliyinin təmin edilməsinə yönəldilib. Bu fəaliyyət çərçivəsində, xüsusilə də son illərdə Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq sahəsində çoxsaylı təşkilatlarla, ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirilməklə daha çox praktiki iş birliyinə üstünlük verilib. Belə ki, ötən bir il ərzində əsas diqqəti müdafiə və təhlükəsizlik sahəsində islahatların aparılmasına, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin və əməliyyat uyarlılığının artırılmasına, hərbi təhsil və tədris istiqamətində qabaqcıl təcrübələrin öyrənilməsinə, sülhməramlı əməliyyatlarda iştiraka, enerji və kibertəhlükəsizliyin təminatına və digər təhlükəsizlik çağırışları ilə mübarizəyə yönəltməklə bir çox silsilə tədbirlər həyata keçirilib. 
İndiyədək 34 ölkə ilə hərbi əməkdaşlıq sahəsində hökumətlərarası və qurumlararası yeni hüquq-müqavilə sənədləri imzalanıb, daha 26 ölkə ilə eyni müqavilə sənədlərinin imzalanmasına dair müzakirələr aparılır. 
Xüsusilə qeyd etmək lazımdır ki, son bir il ərzində Latviya, Serbiya, Türkiyə, Gürcüstan, Litva, Rusiya, Qırğızıstan və İranın müdafiə nazirləri respublikamıza işgüzar səfərlər edib, bununla yanaşı, Türkiyə Respublikasının Silahlı Qüvvələri və Pakistan İslam Respublikasının Birləşmiş Qərargahı arasında müdafiə sahəsində yüksək səviyyəli dialoq iclasları keçirilib.
Silahlı Qüvvələrin beynəlxalq təhlükəsizliyə və sabitliyə töhfəsi artmaqda davam edir. Belə ki, 2015-ci ildən NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında Silahlı Qüvvələrin 94 nəfərlik sülhməramlı kontingenti strateji əhəmiyyətə malik Kabil beynəlxalq hava limanını mühafizə edir. Ümumiyyətlə isə 1999-cu ildən bu günə qədər Silahlı Qüvvələrin 3 minə yaxın hərbi qulluqçusu dünyanın müxtəlif regionlarında keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib. 
Müdafiə Nazirliyi, eyni zamanda, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramı çərçivəsində mövcud mexanizmlərdən də səmərəli şəkildə istifadə edir. Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Silahlı Qüvvələrin bir taboru NATO-nun qiymətləndirmə təlimlərindən müvəffəqiyyətlə keçərək 2014-cü ildə NATO-nun “Döyüşə hazır” sertifikatını alıb. Bundan əlavə, Silahlı Qüvvələrin bir kəşfiyyat bölüyü də 2015-ci ilin yanvarında ƏİK çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilib.
Sülhməramlı əməliyyatlar və NATO qərargahlarında digər dövlətlərin hərbi qulluqçuları ilə çiyin-çiyinə xidmət zamanı toplanılan təcrübə Silahlı Qüvvələrimizin qarşılıqlı uyarlılıq səviyyəsinin artırılmasına və müvafiq qabiliyyətlərin əldə edilməsinə imkan yaradıb. Hazırda Silahlı Qüvvələrin 10 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edir. Bu xidmət Azərbaycanı NATO ilə əməkdaşlıq edən digər tərəfdaş dövlətlər arasında lider ölkəyə çevirib. 
Ötən ilin sentyabrında ilk dəfə Azərbaycanda “ADEX-2014” müdafiə sərgisinin təşkilini də beynəlxalq hərbi əməkdaşlıq sahəsində qazandığımız uğurlar sırasına əlavə etmək zəruridir. 
Cari dövr ərzində beynəlxalq inspeksiya qrupları tərəfindən Silahlı Qüvvələrimizdə “Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə” çərçivəsində “Elan olunmuş yer”in 4 inspeksiyası, “Vyana-11 Sənədi” çərçivəsində isə 1 “Qiymətləndirmə səfəri” və “Göstərilən rayon”un 4 inspeksiyası keçirilib. Eyni zamanda, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi tərəfindən qoşunların təmas xəttində 24 dəfə monitorinq təşkil edilib. 
Sözsüz ki, qeyd edilən bütün bu uğurların əsasında Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti durur. 
Ordumuz son bir ildə bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə tam hərbi üstünlüyə yiyələndiyini sübuta yetirdi. Biz düşmənə gücümüzü göstərməklə onlara aydın başa saldıq ki, münaqişənin yeganə çıxış yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məqsədilə erməni silahlı birləşmələrinin ərazilərimizi birdəfəlik və qeyd-şərtsiz tərk etməsidir. Düşmən bunu anlamalıdır. Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşən yeganə vəzifə isə düşməni darmadağın etməyə hər an hazır olmaqdır. Biz buna hazırıq və bütün qoşun növlərində döyüş hazırlığının gücləndirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və döyüş əzminin yüksəldilməsi məqsədilə daim keçirilən döyüş atışlı təlimlər, məşqlər qələbə gününün uzaqda olmadığına sübutdur.
Ordumuzun güclü potensialı tam əminliklə deməyə əsas verir ki, bundan sonra da nəzərdə tutulan bütün işlər, qarşıya qoyulan məqsədlər uğurla yerinə yetiriləcəkdir. Biz Ali Baş Komandan tərəfindən qarşımıza qoyulan bütün vəzifələrin öhdəsindən gəlmək üçün bundan sonra da səy və bacarıqlarımızı əsirgəməyəcəyik. 
Bu bayram günündə mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində, sülhməramlı qüvvələrin tərkibində, xarici dövlətlərdəki missiyalarımızda xidmət edən şəxsi heyəti təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətdə uğurlar arzulayıram.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar