Uzun müddətdir çox gec-gec görünən Zəlimxan Yaqubla görüş oldu. Fürsətdən istifadə edən əməkdaşımız şairin səhhətilə maraqlanıb. Zəlimxan Yaqubun bu müsahibəsində xəstəliklə mübarizə apardığı son illərdə dünyaya baxışının və ovqatının dəyişdiyini müşahidə etmək olar.
Zəlimxan Yaqubla ad günü ərəfəsində görüşmək istəyirdik. Hardasa bir ay əvval. Amma telefonunu həmin gün açmadı. Bəlkə də ona görə ki, yanvarın 21-də millətin hələ 20 Yanvar faciəsindən sıyrılıb çıxa bilmədiyi günlərdə ad günü mövzusu ilə gündəmə gəlmək istəmirdi. Hər halda, bu gün Mədəniyyət və İncəsənət Universitetinin aşıq yaradıcılığı kafedrasının təşkil etdiyi görüş bizə 65 yaşın gecikmiş təbrikini şairə ünvanlamaq fürsəti verdi. Səhəhtilə bağlı hal-əhval tutmuq imkanını da həmçinin.
Şair Zəlimxan Yaqub: "Həm buradakı, həm də oradakı həkimlərdən çox razıyam. Səhətimlə əlaqədar əllərindən gələni əsirgəmirlər. Bütün bunlara baxmayaraq həkimlər böyrəyin köçürülməyəcəyini deyir. Səbəb kimi orqanizmdə ciddi problemin olmaısıdr”.
Bir böyrəyi ilə Türkiyədə, o biri böyrəyi ilə Almaniyada vidalaşan şair indi tam böyrəksiz yaşayır. Həftədə üç dəfə dializ alır.
Bütün ağrıların dadını bildim
Bütün dərmanların adını bildim
Bütün insanları süzdüm, ələdim...
Ay Zəlimxan, diş tökülər, üz batar
Qurduğunu bir-bir sökən dünyadı.
Dünyanın cəfasını çox gördünüz, yoxsa səfasını?
“Səfasını da görmüşəm, cəfasını da… Bunlar hamısı həyatdı və Allahın göndərdiyi hər şeyi şərəflə qəbul etmək lazımdır”.
Onu 50 yaşının kadrlarına nisgillə baxan gördüm. 15 ildə sanki bir 50 il də yaşayıb Zəlimxan Yaqub. Bunu özü qədər dostları da bilir.
Sənət dostu Ağalar Bayramov: “Zəlimxanın ürəyi bir saraydı... Allah ona şəfa versin”.
Tək Amin demirik, həm də şairin öz təbirincə, ölməyə tələsmə, qalmağa tələs deyirik Zəlimxan Yaqub./anspress/