Avropa Sabitləşdirilmə Mexanizminin (ESM) Direktorlar Şurası Yunanıstana 86 mlrd avro məbləğində yardım proqramını təsdiqləyib.
APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstanın NEWSIT nəşri məlumat yayıb.
Məlumata görə, birinci tranşın həcmi 26 mlrd avro təşkil edəcək, bu məbləğdən 10 mlrd avro Yunanıstan banklarının rekapitallaşdırılmasına və konsolidasiyasına yönəldiləcək.
Qeyd edək ki, bundan əvvəl Almaniya parlamenti Yunanıstana 86 mlrd avro məbləğində yardımım ayrılmasını dəstəkləyib.
Qeyd olunan proqram daha əvvəl avqustun 14-də Avrozona ölkələrinin maliyyə nazirləri tərəfindən dəstəklənib. Yardımın üçüncü paketi 3 il müddətinə nəzərdə tutulub. Bu müddət ərzində Yunanıstan tələb olunan islahatları həyata keçirməlidir.
Bundan əvvəl verilən məlumata əsasən, Yunanıstan artıq avqustun 20-si səhər saatlarında Avropa Sabitlik Mexanizmindən (ESM) 13 mlrd avro məbləğində ilk kredit tranşı əldə edəcək.
Bu Yunanıstana Avropa Mərkəzi Bankının krediti üzrə tələb olunan məbləği ödəmək imkanı verəcək.
“ESM Direktorlar Şurası Yunanıstana birinci tranş üzrə qərar qəbul edib. Köçürülmə avqustun 20-si səhər saatlarında baş tutacaq. Söhbət, ümumilikdə, 26 mlrd avrodan gedir – bu məbləğdən 13 mlrd avro dərhal Yunanıstana köçürüləcək, daha 3 mlrd avro noyabrın sonunadək köçürüləcək. On milyard avroyadək vəsait isə ayrı hesaba köçürüləcək və ölkə banklarının rekapitallaşdırılması üçün istifadə edilə bilər”, deyə mənbə bildirib.
Bundan əvvəl Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Yunanıstan üçün maliyyə yardımının üçüncü paketi üzrə anlaşma memorandumunu imzalayıb.
Qeyd edək ki, daha əvvəl Avrozonaya daxil olan bütün ölkələrin parlamentləri Yunanıstana 86 mlrd avro məbləğində maliyyə yardımının ayrılmasını dəstəkləyib.