Avqustun 9-da Rusiyaya səfər edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Vladimir Putin tərəfindən “Konstantinov” sarayında qarşılaması diqqətçəkici məqamdır.
Məlumata görə, burada gizli niyyətin olduğuna dair iddialar var.
Çünki Yunanıstanla yanaşı Rusiya da özünü Bizans imperiyasının varisi hesab edir. Belə ki, XV əsrdə Rusiya hökmdarı Moskvanın Böyük Knyazı III İvan son Bizans imperatorunun qardaşı qızı və taxtın nəzəri varisi Sofiya Paleoloq ilə evlənərək, özünü Bizans taxtının varisliyinə iddiasını ortaya qoymuşdu. Lakin 1453-cü ildə Konstantinopolu tutan Osmanlı sultanı II Mehmet Qeyseri-Rum titulunu qəbul edərək, özünü Bizansın varisi elan etmişdi.
Hələ o vaxtdan Rusiya Konstantinopola və Bizans imperiyasının varisliyinə iddialıdır. Bu, həm də tarixi Bizans imperiyasının ərazilərinə iddialı olmaq deməkdir. Maraqlıdır ki, ötən il Rusiya prezidenti Vladimir Putin Müqəddəs Afon dağına səfəri çərçivəsində Bizans imperatorlarının taxtına əyləşdi.
Təyyarə böhranı ilə başlanan “soyuq savaş”dan sonra Ərdoğanın ilk dəfə rus torpaqlarına səfəri zamanı məhz Konstantinov sarayının "Yunan" zalında qəbul olunması Bizans varisliyinə iddialar fonunda diqqətdən yayınmır. Bununla Rusiyanın Ankaraya tarixi mesaj verdiyini düşünənlər də var.
Lakin “Komsomolskaya Pravda” qəzeti bununla Rusiyanın heç bir niyyəti ortaya qoymadığını yazıb.
“Bu saray Çar Rusiyasının mirasıdır. Müharibədə və Sovet vaxtında ciddi zərər görmüş saray bir neçə il qabaq təmir olunub. Lakin orada tarixi adlar saxlanılıb. Bura qonaqları qəbul etmək üçün çox rahat məkandır. Misal üçün, ötən il Rusiya prezidenti Qırğızıstan prezidenti Almazbek Atambayevi də bu sarayda qarşılamışdı. Axı qırğızlara Rusiya dövlətinin yunan kökləri haqda mesaj verməyə ehtiyac yoxdur. Bu baxımdan, Ərdoğanın da burada qəbul olunması hansısa mesajın verilməsindən yox, əlverişli görüş mühitinin olmasından irəli gəlir”, - deyə qəzet yazıb./publika.az/