Ukraynanın “Batkivşına” Partiyasının lideri Yuliya Timoşenko prezident Petro Poroşenkonun davranışını Ukraynanı əldən vermək cəhdi adlandırıb.
Məlumata görə, Y. Timoşenko P. Poroşenkoya müraciət edərək Ali Radanın növbədənkənar iclasının çağırılmasını tələb edib.
“Bunun üçün prezidentin iradəsi lazımdır, başqa heç nə. Prezident parlamenti toplamalı, Ali Radanın rəhbəri isə növbədənkənar iclası elan etməlidir. Mən prezidentdən və parlament sədrindən bunu etmələrini xahiş edirəm. Ona görə ki, onların hazırkı davranışı Ukraynanı əldən vermək cəhdinə bərabərdir, - deyə Y. Timoşenko bildirib.
Y. Timoşenko qeyd edib ki, hökumətin “de-fakto” istefaya göndərildiyi, hakimiyyəti isə klanların ələ keçirdiyi bir vaxtda parlamentin tətildə olması yersizdir.
“Parlamentdə niyə tətil elan olunub? Ona görə ki, bütün bunların üstü örtülsün, hər şey necə var, elə saxlansın”, - deyə o vurğulayıb.
Y. Timoşenko bildirib ki, iki variantdan birini seçmək üçün 28 gün var: “Birinci variant növbədənkənar seçkilər keçirmək və insanlara parlamentdə bir daha klan güclərinin və klan deputatlarının olmağacağına dair söz verməkdir. İkinci variant isə odur ki, prezident dövlətin klan sistemi ilə idarəçiliyini saxlayaraq məsuliyyəti üzərinə götürür. Lakin bu halda Ukrayna dövlətçiliyini itirə bilər”./apa/