Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində turizm səyahətinə çıxamaq istəyən hüquqi və fiziki şəxslərə müraciət edib.Məlumata görə, müraciətdə bildirilir ki, son illər respublikada turizm sahəsində keçirilən islahatlar və turizm sektoruna dövlət tərəfindən göstərilən qayğı nəticəsində bu sahə inkişaf edib, ayrı-ayrı regionlara səfərə çıxan xarici və yerli turistlərin sayı artıb:
"Bu səfərlərin təşkili müxtəlif turizm şirkətləri ilə yanaşı ayrı-ayrı fiziki şəxslər tərəfindən də həyata keçirilir. Lakin qeyri-müntəzəm şəkildə təşkil edilmiş turlar zamanı nəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş rejiminə riayət etmələrinə nəzarət olunmur, daşımalara cəlb edilmiş nəqliyyat vasitəsinin marşrutun keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirilmir ki, bu da bəzən ağır yol-nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir.
Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi təhlükəsizliyin təmin olunması məqsədilə belə səfərlərin müasir, təhlükəsizlik elementləri ilə təchiz olunmuş xüsusi avtobuslara malik olan turizm şirkətləri vasitəsilə həyata keçirilməsinə üstünlük verilməsini məqsədəmüvafiq hesab edir, bu səfərlər ayrı-ayrı fiziki şəxslər tərəfindən təklif edildikdə isə onların müşayiət olunması və daşımalarda istifadə olunacaq nəqliyyat vasitəsinin seçilmiş marşrutlara uyğunluğu barədə məlumat əldə edilməsi üçün Baş DYP İdarəsinin 902 qaynar-xətt telefonuna müraciət olunmasını tövsiyə edir"./apa/