May ayının 12-də DİN-in Kollegiyası "Yol-patrul xidməti haqqında" yeni Təlimat təsdiq edib. Təlimatda xeyli yeniliklər var. Onların ən maraqlılarından biri xidmətin növləri ilə bağlıdır.
Məlumata görə, bunu yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.
Ekspertin sözlərinə görə, yəqin ki, nazirlik yol-patrul xidmətində aşkarlığı yüksəltmək məqsədilə və müasir texniki vasitələrin geniş tətbiqini nəzərə alaraq bu xidmətin yalnız aşkar üsulla aparılmalı olduğunu təsbit edib: "Başqa sözlə, yeni Təlimatda gizli xidmət, hətta qarışıq (yəni yarı aşkar, yarı gizli) xidmət nəzərdə tutulmur".
Ə.Hüseynov əlavə edib ki, "Yol-patrul xidməti haqqında" yeni Təlimatda digər mühüm bir yenilik hərəkətdə olan nəqliyyat vasitəsinin DYP əməkdaşı tərəfindən saxlanılması halları ilə bağlıdır: "Bundan sonra nəqliyyat vasitələri yalnız "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 85-ci maddəsində nəzərdə tutulan hallarda dayandırıla bilər. Bu isə o deməkdir ki, məsələn, hər hansı başqa səbəb yoxdursa, reyd keçirilməsi adı ilə avtomobili dayandırmaq artıq olmaz"./Milli.az/