Bu gün Bakıda yol polisləri əsasən qayda pozan xanımı sürücüləri saxlayıblar. Bu dəfə onlara heç bir cərimə yazılmayıb, əksinə, gül və qiymətli hədiyyələr alan xanım sürücülərə yol polisi tərəfindən bayram hədiyyəsi edilib. Qazeta.info Avtosfer.az-a istinadla xəbər verir ki, yol polisləri paytaxtın müxtəlif küçə və prospektlərində təhlükəsizlik kəmərindən istifadə etməyən, müxtəlif qayda pozuntularına yol verən xanım sürücüləri saxlayıblar. Amma DYP əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü olduğu üçün həmin sürücülərə sadəcə xəbərdarlıq edib və onlara cərimə yazılmadan hədiyyələr verilib. Ümumilikdə, 50-yə qədər xanım sürücünü mükafatlandıran yol polisləri piyada keçidlərindən istifadə edən xanımları da yaddan çıxarmayıblar. Təxminən, 10 xanım piyada keçidindən istifadə etdiyi üçün yol polisindən hədiyyə qazanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, bu tədbir DİN rəhbərliyinin göstərişi ilə keçirilib və məqsəd də budur ki, xanım sürücülər yollarda daha ayıq-sayıq olsunlar, onlar öz xanımlıqları ilə başqalarına nümuna göstərsinlər: «Qaydalara əməl edən xanım sürücülər çoxdur. Lakin sükan arxasında mobil telefondan istifadə etmək vərdişini xanım sürücülər tərgetmirlər. Bu gün bayram olduğu üçün onları təbrik etdik, hədiyyələr verdik. Lakin adi vaxtlarda qayda pozan hər sürücü yol polisləri tərəfindən aşkar edilərək cərimə olunur. Daxili İşlər Nazirliyinin, Dövlət Yol Polisinin rəhbərliyi adından bütün xanım sürücüləri təbrik edirik. Onlara təhlükəsiz yol arzu edirik».