Yerevanda "Nairit" zavodunda yanğın baş verib.
Bu barədə Ermənistan KİV-lərinə istinadən xəbər verilir.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğın zavod ərazisində başlayıb. Hadisə yerində 6 yanğınsöndürmə briqadası işləyir.
Qeyd edək ki, Ermənistanda uzun müddətdir fəaliyyət göstərən müəssisələrdən olan "Nairit" müflis həddində olub. Bu illər ərzində müəssisənin ilk öncə Sənaye Nazirliyinə məxsus olan səhmləri əldən-ələ keçib. Lakin səhmdar və investorlardan heç biri onun yenidənqurulması üçün lazımi miqdarda vəsait sərf etməyib. Müəssisə rəhbərliyi işçilərin əmək haqqının vaxtlı-vaxtında verilməməsi və digər ödənişlərin edilməməsi səbəbindən daim xoşagəlməz vəziyyətlə üzləşib.
2015-ci ilin fevral ayında zavodda çoxsaylı yüksək ixtisaslı mütəxəssislər də olmaqla işçilərin 2/3 hissəsi işdən azad edilmişdi.
***
Məlumata görə, artıq yanğının qarşısı alınıb.
Xilasedicilərin sözlərinə görə, yanan məhlul təhlükə kəsb etmir.
"Shamshyan.com" saytının verdiyi xəbərə görə, yanğın zavodda rezervuarların birində baş vermiş partlayışdan sonra başlayıb.
Tüstü və alov bir neçə kilometrlikdən də görünür.
Polis ölən və yaralananların olub-olmadığını dəqiqləşdirir./Report/