İŞİD terror təşkilatının “Siyasi bürosu” “paytaxt” adlandırdığı Rakkada aprelin 22-də toplanıb.
Qazeta.info Publika.az -a istinadən xəbər verir ki, İŞİD lideri Əbubəkr əl-Bağdadinin iştirakı ilə keçirilən toplantıda son ayların ağır itkilərinə diqqət çəkilib.
Toplantıda İŞİD-in son qalası hesab edilən Rakka şəhərindən müxtəlif ölkələrə çəkilmə və “yer altına” enmə vaxtının gəldiyi qərarı alınıb.
Məlumata görə, İŞİD Mosul və Əl-Babdan qaçanlarla birlikdə şəhərdə 21 min döyüşçü saxlayır. ABŞ iyunun 15-dən sonra şəhərin azad edilməsi üçün əməliyyata başlamağı planlaşdırır. Terror təşkilatı əməliyyatdan əvvəl “Əl-Qaidə” nümunəsində olduğu kimi ərəb mənşəli ölkələrə geri çəkilməyə hazırlaşır.
Bölgədəki sünni ərəb tayfalarının liderləri bildirirlər ki, İŞİD Rakkanın müdafiəsi üçün burada yalnız 7 min döyüşçü saxlamağı planlaşdırır. Mənbələr qeyd edir ki, uzun illərdir təşkilatın sıralarında olan xarici döyüşçülər Rakkanın müdafiəsi üçün qalacaq. Ancaq təşkilata son 12 ayda qatılanlar isə ölkələrinə geri dönərək “yer altında” gözləmə mövqeyi tutacaqlar.