Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında fərman imzalayıb.
Məlumata görə, fərmana əsasən ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması məqsədilə aşağıdakı tərkibdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası yaradılır:
Şuranın sədri
Artur Rasi-zadə – Azərbaycan Respublikasının baş naziri
Şuranın üzvləri:
Natiq Əmirov – Azərbaycan Respublikası prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Rüfət Aslanlı – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri
Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Şuranın cari fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılacaq. Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Mərkəzi Bankına tövsiyə edilir.
Fərmanda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi işinə Şura tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yaradıla bilər.
Şuraya aşağıdakı vəzifələr tapşırılır:
- Bir ay müddətində ölkədə maliyyə-kredit sektorunun mövcud vəziyyətinin təhlili, qanunvericilik bazasının ekspertizasının həyata keçirilməsi, maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısının alınması, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflər hazırlayıb prezidentə təqdim edilməsi;
- Makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirməklə bu barədə prezidentə hər rübdən sonrakı ayın 30-dək məlumat verilməsi./apa/