Yeni qəbul qaydaları: Abituriyentlər üçün inanılmaz fürsətlər yaradılıb
21.02.2018 1104 3.0 0

Nadir İsrafilov: "Bu, adambaşına düşən tələbələrin sayına görə aparıcı dövlətlərlə rəqabətə hesablanan növbəti addımdır"

 

Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"na bilavasitə Dövlət İmtahan Mərkəzinin (DİM) təklifi əsasında dəyişikliklər edib. DİM yeni qaydaları tətbiq edərəklərin seçim imkanlarını daha da genişləndirib.

 

 

Qazeta.info Sputnik Azərbaycan-a istinadla bildirir ki, qəbul olunmuş yeni qaydaların nədən ibarət olduğunu və bunun abituriyentlərə nə kimi müsbət təsiri olacağını təhsil üzrə mütəxəssislər cavablayıb.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məsələyə aydınlıq gətirərək deyib ki, DİM tərəfindən ildə iki dəfə — yazda və yayda qəbul imtahanları keçirilir. Əvvəl qayda belə idi ki, abituriyent I-IV ixtisas qrupları üzrə eyni tədris ilində bir ixtisas qrupu üzrə yazda və yayda keçirilən qəbul imtahanlarında iştirak edə bilirdi.

"Hər bir abituriyentin il ərzində iki dəfə şansı olsa da, yalnız bir ixtisas qrupu üzrə imtahan vermək imkanı var idi. Yeni dəyişikliyə əsasən isə artıq abituriyent istənilən iki müxtəlif ixtisas qrupunu seçib imtahana girə bilərlər. Məsələn, abituriyent yazda 2-ci qrup üzrə imtahan verəcəksə, onun yayda 1, 3 və 4-cü qrup üzrə imtahan vermək şansı olacaq" – deyə DİM sözçüsü bildirib.

X.Xanlarzadə əlavə edib ki, müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edən abituriyentlər hər iki ixtisas qrupu üzrə müsabiqə şərtini ödədikləri halda öz ixtisas seçimi ərizələrində hər iki ixtisas qrupuna daxil olan ixtisasları seçə biləcəklər. Hər hansı bir ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən abituriyentlər isə yalnız həmin ixtisas qrupuna daxil olan ixtisasları seçə bilərlər.

 

O vurğulayıb ki, bu yeni qayda abituriyentə daha çox seçim etmək şansı yaradır. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər qaydası da qüvvədə qalır.

Təhsil eksperti Nadir İsrailov isə təhsillə bağlı qaydaların tez-tez, yeri gəldi-gəlmədi dəyişdirilməsinin o qədər də tərəfdarı olmadığını deyib: "Bu kimi ifrat dəyişikliklər təhsilin bir sistem olaraq oturuşmasına mane olur, islahatların çevikliyinə və mobilliyinə əngəl yaradır, valideyn, abituriyentlər və ümumilikdə geniş ictimaiyyət arasında çaş-başlığa səbəb olur".

Nadir İsrafilov əlavə edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi.

"Kurikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar, heç şübhəsiz ki, Azərbaycanda təhsil islahatlarının gedişinə də təsirsiz ötüşmədi" – ekspert bildirib.

 

 

N.İsrafilovun fikrincə, tələbə qəbulu qaydalarındakı son dəyişiklik adambaşına düşən tələbələrin sayına görə aparıcı dövlətlərlə rəqabətə hesablanmış növbəti addımdır. Ali təhsilin hamı üçün əlçatan olmasına, məzunlara universitetlərə qəbul olunmaq üçün əlavə şans verilməsinə yönəlik tədbirlərin davamıdır. Necə ki, Milli Məclisdə "Təhsil haqqında" qanuna müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunacağı kimi.

"Əlbəttə, ali təhsillilərin, savadlı və peşəkar kadrların çoxluğu ölkəmizin, ümumi mənafeyimizin xeyrinədir. Lakin, bununla belə təhsil haqqı ödənişlərinin əlçatanlığı, ali təhsilli diplomçuların işlə təminatı barədə də düşünmək pis olmazdı" – deyə N.İsrafilov əlavə edib./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar