Moldova Prezident Administrasiyasının binası üzərindən Avropa İttifaqının bayrağı çıxarılıb, prezidentin saytındakı rumın dili bölməsi isə moldovan dili ilə əvəzlənib.
“RİA Novosti”yə istinadən yayılan məlumata görə, bu barədə yeni seçilmiş prezident, sosialistlərin lideri İqor Dodon göstəriş verib.
Prezident Administrasiyasından bildiriblər ki, prezident ölkə Konstitusiyasına hörmət edir və hamını analoji addım atmağa çağırır. Bununla belə, hökumət və parlament binalarının üzərində Aİ bayrağı dalğalanmağa davam edir.
Keçən həftə səlahiyyətlərinin icrasına başlayan İ. Dodon Rusiya ilə strateji tərəfdaşlığı bərpa etmək, Moldova istehsalı olan məhsulları Rusiya bazarına qaytarmaq və energetika sahəsində bu ölkə ilə əməkdaşlığı normallaşdırmaq niyyətindədir.
Qeyd edək ki, Moldova Konstitusiyasında dövlət dilinin latın qrafikası əsasında moldovan dili olduğu bildirilir. Lakin 2013-cü ilin dekabrında Konstitusiya Məhkəməsi dövlət dilinin rumın dili adlandırılması barədə qərar qəbul edib. Məhkəmənin qənaətinə görə, dövlət dilinin rumın dili adlandırıldığı Müstəqillik Bəyannaməsi Konstitusiyadan üstündür./apa/