Universal poçt rabitəsi xidmətlərinin tarifləri Tarif Şurası, digər poçt rabitəsi xidmətlərinin tarifləri poçt rabitəsi operatorları tərəfindən sərbəst şəkildə müəyyən ediləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nı təsdiq edib.
Məlumata görə, bununla bağlı qərarı rabitə və yüksək texnologiyalart naziri Ramin Quluzadə imzalayıb.
Müvafiq olaraq Rabitə və Yüksək Texnologyalar Nazirliyinin 14.06.2006-cı il tarixli 131 nömrəli əmri ilə təsdiqlənən “Poçt rabitəsi Qaydaları” ləğv edilib. Yeni Qaydalara əsasən ümumi istifadədə olan poçt rabitəsi xidmətlərinə universal poçt rabitəsi xidmətləri, digər poçt rabitəsi xidmətləri, o cümlədən sürətli poçt rabitəsi xidmətləri, pul köçürmələri üzrə rabitə xidmətləri, kuryer xidmətləri və əlavə xidmətlər aid edilir. Milli operator Azərbaycan Respublikasının bütün ərazisində universal poçt rabitəsi xidmətlərinin göstərilməsini təmin edir. Universal poçt rabitəsi xidmətlərinə çəkisi 2 kq-a qədər olan daxili və beynəlxalq məktub, banderol və kiçik paketlər (sadə və sifarişli) və çəkisi 10 kq-a qədər olan daxili və beynəlxalq adi poçt bağlamaları aiddir. Milli operator tərəfindən çəkisi 7 kq-a qədər olan daxili və beynəlxalq sekoqramların (içərisində korlar üçün nəzərdə tutulmuş qabarıq şriftli nəşrlər olan poçt göndərişi) göndərilməsi, poçt rabitəsi obyektləri tərəfindən göndərilən xidməti poçt göndərişləri pulsuzdur. Universal poçt rabitəsi xidmətlərinin tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilir. Digər poçt rabitəsi xidmətlərinin tarifləri poçt rabitəsi operatorları tərəfindən sərbəst şəkildə müəyyən edilir. Poçt rabitəsi operatorlarının əsas funksiyaları sırasına qanunla müəyyən olunmuş hallarda və qaydada əməliyyat-axtarış tədbirlərinin və prosessual hərəkətlərin həyata keçirilməsində hüquq mühafizə orqanlarına yardım göstərilməsi də daxildir. Beynəlxalq poçt mübadilə məntəqələrini və yerlərini Dövlət Gömrük Komitəsi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə müəyyən edirlər. Beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən mallar gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi başa çatanadək və onların buraxılışı barədə rəsmi icazə verilənədək gömrük orqanlarının nəzarəti altında olurlar. Poçt rabitəsi operatoru rəsmi internet səhifəsində öz şəbəkəsində qəbul edilən və çatdırılan qeydiyyatlı poçt göndərişlərinin onlayn izlənilməsi imkanını təmin edir. İstifadəçi poçt göndərişinin qəbuluna dair qəbzdə göstərilən ştrix-kod nömrəsini sistemə daxil etməklə həmin göndərişin şəbəkədəki cari statusu barədə interaktiv məlumat alır. Sadə poçt göndərişlərinin, dövrü çap nəşrlərinin, habelə qeydiyyatlı poçt göndərişlərinin daxil olması barədə bildirişlərin ünvançılar tərəfindən alınması üçün poçt obyektində abunə qutuları quraşdırılır. Abunə qutusunu icarəyə götürmüş fiziki və ya hüquqi şəxs qutunun nömrəsi əsasında ona ünvanlanmış sadə məktubları, dövrü çap nəşrlərini və bildirişləri bu qutuya yönəldə bilər. Abunə qutusunun açarının verilməsi barədə poçt obyektinin əməkdaşı ərizədə qeyd edir və qeyd abunəçinin imzası ilə təsdiq edilir. Abunə qutusundan təyin edilmiş istifadə müddəti bitdikdə və ya abunəçi gələcək istifadədən imtina etdiyi halda açar abunəçi tərəfindən poçt obyektinə qaytarılır.
Milli operator Azərbaycan Respublikasının bütün ərazisində RYTN tərəfindən müəyyən olunmuş normativlərə uyğun olaraq poçt qutularının yerləşdirilməsi və istifadəsi üzrə müstəsna hüquqa malikdir. Poçt qutuları Milli operator tərəfindən poçt obyektlərinin girişində, yerli icra hakimiyyəti və ya yerli özünüidarəetmə orqanları ilə razılaşdırmaqla yaşayış binalarının və inzibati binaların divarlarında, yaşayış massivlərində, dəmiryolu stansiyalarında, hava və dəniz limanlarında, avtovağzallarda və istifadəçilər üçün münasib olan digər yerlərdə quraşdırılır. Poçt göndərişləri 3 əsas sinfə - məktub poçtu göndərişləri, poçt bağlamaları və sürətli poçt göndərişlərinə ayrılır. Poçt kartı, məktub, banderol, sekoqram, kiçik paket və “M” kisələri birlikdə “məktub poçtu göndərişləri” (və ya qısaca “məktub poçtu”) adlanır. Qeydiyyatlı poçt göndərişlərinə sifarişli və qiyməti bəyan olunmuş məktub poçtu göndərişləri, adi və qiyməti bəyan olunmuş bağlamalar, sürətli poçt göndərişləri aid edilir. Sürətli poçt rabitəsi xidmətlərinin göstərilməsi İqtisadiyyat Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilmiş poçt rabitəsi operatorları tərəfindən həyata keçirilir./apa/