"Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindəki 183 km-lik hissə bu ilin sonuna qədər ilkin istismara veriləcək. Türkiyə ərazisində isə Gürcüstan sərhədindən Qarsa qədər 80 km-ə hissədə torpaq işlərinin 90%-i yekunlaşıb. Digər işlər sürətləndirilib və söz verilib ki, ilin sonunadək qurtarılacaq."
Məlumata görə, bu barədə “ASAN radio”nun “QəbuldASAN” verilişində qonaq olan “Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
QSC sədrinin sözlərinə görə, növbəti il üçün qatarların orta sürətinin daha da artırılması planlaşdırılır: “Gələn ilin ortalarında həmin istiqamətdə dəmiryolu qatarlarının orta sürəti 100-140 km/saat arasında tənzimləyəcəyik. Amma Qars dağlıq olduğu üçün orada orta sürət 60-80 km/saat arasında olacaq”.
C.Qurbanov bildirib ki, Azərbaycanda sürətli qatarlarının olması üçün yeni yolların tikilməsinə ehtiyac var: “Bəzi ölkələrdə sürətli qatarların texnologiyası fərqlidir. Onlar hava yastıqlarının üzərində hərəkət edir. Hazırda Azərbayandakı yollarda belə qatarların istifadəsi mümkün deyil. Onun üçün gərək bu yolların yanından yeni dəmir yolu xətti çəkilsin. Amma indiki yolları təmir etməklə sürəti bir qədər artırmaq mümkündür”.
“Azərbaycan Dəmir Yolları" QSC-nin sədri gələn ilin sonuna qədər Gəncə istiqamətində saatda 100 km məsafə qət edən qatarların buraxılmasının planlaşdırıldığını söyləyib: “Cənab prezident tərəfindən Gəncə üçün tapşırıq almışıq və çalışacağıq ki, 2017-ci ilin ortalarına və yaxud axırına yaxın bu yola ən azı 100 km/saat sürətlə hərəkət edən qatar buraxaq. Bununla da Gəncəyə 3-3,5 saata çatmaq məsələsini həll edəcəyik”.
Onun fikrincə, bunun üçün yeni qatarların alınması planlaşdırılır: “Biz düşünürük ki, bu məqsədlə "Stadler Rail Group" şirkətindən yeni ikimərtəbəli qatarlar alaq və gələn il istifadəyə verək”./report/