YENİ DOĞULMUŞ KÖRPƏ ÖLÜB
18.11.2014 1627 0.0 0

Yeni ana olan gənc qadının sevinci göz yaşları ilə əvəz olub. Körpəsinin dünyaya gəlməsinə yalnız iki gün sevinə bilib. Bu həyata gözlərini əbədi yuman balacanın cansız bədənini görmək ailə üzvlərinə çox ağır olub. Onlar uşağın ölümündə həkimləri günahlandırır. Ağxalatlılar isə əllərindən gələni etdiklərini bildirir.

ANS TV-nin məlumatIna görə, Cəliabad rayonun Fərzili kəndində Şükürovların ilk övlad sevinci cəmi ikicə gün çəkib. İki gündən sonra körpənin ölümü və ananın ağır durumu ailə üzvlərini həkimlərdən şikayətçi salıb.

Şikayətçi Yəhya Adıyev deyir ki, doğuşdan qabaq həkimlər onun yoldaşını yoxlamayıblar: "Həkimlər onu aparata da salmayıblar. Doğuş zamanı uşağı əziblər. Doğuş çətin olub. Uşaq ölü vəziyyətdə olub. Sonra uşağı ayıldıblar. Gecə uşaq həkimi çağırmayıblar. Səhəri günü həkim gəlib müalicə yazıb, xeyri olmayıb”.

29 yaşlı ana Gülər Şükürova körpəsinin ölmündə mama-ginekoloqları günahlandırır. Deyir ki, doğuş əgər ağır idisə, niyə vaxtında qeysəriyyə əməliyyatı eləmədilər və ya doğulan uşağı müalicə edə bilməyəcəkdilərsə, niyə paytaxta aparmağa qoymadılar?.

"Uşağın ölümündə günahkar həkimdir. Məni də uşağımı da bu günə qoydu".

Məsələyə aydınlıq gətirmək üçün doğuşun həyata keçirildiyi Cəliabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində olduq. Şöbə müdiri Dilbər Əhmədova və ailənin şikayətçi düşdüyü mama-ginekoloq Lətifə Əliyeva işdə olmadığından məsələ ilə bağlı baş həkimin müavini Valeh Məmmədov açıqlama verdi. 

Həkimin sözlərinə görə, çəkisi 3kq 800 qram olan oğlan uşağının doğuşu ağır kecdiyi üçün aparılan reanimasion tədbirlər heç bir nəticə verməyib. Uşağın ölməsindən hiddətlənən valideynlər heç kəslə razılaşmadan ananı və uşağı götürüb evə aparıblar. Amma baş həkimin müavini deyir ki, növbətçi həkimin məlumatından sonra dərhal kənddəki tibb bacısı, bazar günü isə təcili yardım maşını ilə mama-ginekiloq onların evinə göndərilib və zahı qadının səhhətində heç bir problem yoxdur.

"Uşağın ölümünə asfiksiya və beyin ödümü səbəb olub. Bu şikayəti biz özümüz araşdıracağıq. Tibb işçiləri barədə ciddi tədbir görüləcək, onlara cəza veriləcək. Görülən tədbir barədə əlavə sizə məlumat veriləcək”, deyə V.Məmmədov bildirib.//AnsPress


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar