“Səudiyyə Ərəbistanında saray daxilində baş verənlər Yaxın Şərq coğrafiyasında böyük xaos yaradacaq”.
Məlumata görə, bu barədə Abant İzzet Baysal Universitetinin beynəlxalq münasibətlər kafedrasının üzvü, professor Veysel Ayhan deyib.
Onun sözlərinə görə, “mülayim İslam”a keçid sələfilikdən qopmaqdır və Səudiyyə Ərəbistanı bununla beynəlxalq sistemə inteqrasiya olunmağa çalışır.
“Lakin bütün bunlar Səudiyyənin daxili məsələsi kimi dəyərləndirilməməlidir. Proseslər eyni zamanda regional və qlobal təsirlərə səbəb olacaq”, - deyə o bildirib.
V.Ayhanın fikrincə, Livanın baş naziri Saad Haririnin istefa qərarı, Yəməndə husilərin Ər-Riyada raket hücumu cəhdi və Səudiyyə Ərəbistanında anti-korrupsiya əməliyyatı Yaxın Şərqdə yeni mərhələnin başlandığının göstəricisidir.
“ABŞ prezidenti Donald Tramp sosial media üzərində Səudiyyə Ərəbisstanındakı əməliyyatı dəstəklədi. İsrailin baş naziri isə Londonda səfərdə olarkən bölgədə İran təhlükəsinin olduğunu, Livanda, ümumilikdə bölgədə baş verənlərin İranın addımları ilə bağlı olduğunu bildirdi. Səudiyyədə hakimiyyətin qardaşdan qardaşa deyil, atadan oğula keçməsi də yeni bir idarəçiliyin orta çıxdığını göstərir. Yeni idarəçilik 32 yaşlı Məhəmməd bin Salmanın iqtidara gəlməsi ilə başlanır. O, rəsmi şəkildə kral olmasa da, faktiki olaraq səlahiyyətlərinin hüdudları genişlənir. Hazırda həm vəhhabizm, həm də Səudi ailəsinin ortaya qoyduğu dövlət quruluşunda dəyişikliklər baş verir”, - deyə o bildirib.
Professor hesab edir ki, bu qədər sürətli dəyişikliyin nəzarətdə saxlanılması çətin görünür: “Müharibə şiddətlənə və Səudi ailəsinin iqtidarı itirə biləcəyi ehtimalları mövcuddur. Ölkə daxilində əməliyyatlara qarşı olanlar da ortaya çıxa bilər. Çünki Səudiyyədə çox güclü ailələr var və bu ailələrin bir qismi həm ordu içində, həm də digər sahələrdə təsir gücünə malikdirlər”.
V.Ayhan Yaxın Şərqdə ciddi şəkildə qarşıdurma mərhələsinə sürükləndiyinə diqqət çəkib.
“Səudiyyə Ərəbistanı ciddi şəkildə təhlükəsizlik problemi ilə üz-üzədir. Bu problemin ABŞ tərəfindən də həll edilə bilinməyəcəyi görünür. Buna görə də Rusiyadan silah almaq üçün hərəkətə keçdi. Ciddi şəkildə silahlanır. Səudiyyə Ərəbistanı bir hücum təhlükəsi altındadır. Livan və İrana qarşı müharibə elanını gündəmə gətirməsi onu göstərir ki, Səudiyyə döyüş mövqeyini davam etdirəcək”, - deyə o bildirib./Publika.az/