YAŞAYIŞ ÜÇÜN TORPAQ ALANLAR OXUSUN-PREZİDENT FƏRMAN VERİB
06.02.2015 1195 0.0 0

Prezident “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə fərman verib.

Bildirək ki, qanunun 9.8-ci maddəsi aşağıdakı məzmunda dəyişdirilib

 “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.”.

Bundan başqa 9.1-ci maddədə “vətəndaşlarının mülkiyyətinə” sözlərindən sonra “bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla” sözləri əlavə olunub.

Əlavə olaraq bildirək ki, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar