YARDIMLIDA NARKOTACİRLƏR HƏBS OLUNUB.
14.08.2014 1954 0.0 0
Yardımlı rayonunda narkotik ticarəti ilə məşğul olan dəstə həbs edilib.
 
Mötəbər qaynaqdan əldə etdiyi xəbərə görə, Yardımlıya yeni polis rəisi təyin olunan Nadir Məmmədov narkoticarətə qarşı geniş əməliyyat həyata keçirilib və İrandan Azərbaycana külli miqdarda narkotik keçirən və uzun müddətdir bu fəaliyyətlə məşğul olduğu barədə şübhələr olan şəbəkə yaxalanıb.
 
Əməliyyatın “xırda zəmində” başlanıldığı, “siqaret qaçaqmalçılığı” adı ilə həyata keçirildiyi qeyd olunur. Bildirilir ki, İrandan qaçaqlamçılıq yolu ilə siqaret gətirən Seymur Məriş oğlu Əməşov həbs edilib, daha sonra isə qrupun digər üzvü – Elnur Fəxrəddin oğlu Rzayev saxlanılıb.
 
Yalnız bundan sonra rayonda xüsusi mülk və sərvət sahibi olan, “mötəbər şəxs” sırasında adı keçən qrup rəhbəri Sərvər xanış oğlu Əmirov saxlanılıb.
 
Mənbənin məlumatına görə, böyük partiyalarla işləyən bu qrupun həbsindən sonra narkotik alverçiliyində adı keçənlərin hamısı saxlanılıb.
 

Narkotacirlər kiminlə əlaqəlidir 

Rayondakı mənbələrin Axar.az-a verdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan və narkotik alveri edən qrupa rəhbərlik etdiyi barədə ciddi ehtimallar olan Sərvər Əmirovun hüquq-mühafizə orqanları ilə əlaqələri varmış. Daha doğrusu, Yardımlı Rayon Polis Şöbəsinin keçmiş rəisi Şamil Seyidli (hazırda Ağcabədi Rayon Polis İdarəsinin rəisidir) Sərvər Əmirovun şəxsi mülkündə kirayədə yaşayıb:
 
“Polkovnik Şamil Seyidli Yardımlı rayonuna yeni rəis təyin olunanda Sərvər öz evini ona təklif elədi. Rəis də kiminsə evində onsuz da qalmalıydı, ona görə də Sərvərin təklifini qəbul elədi. Sərvərin rayonda danışdığına görə, evi rəisə qalmaq üçün təmannasız vermişdi və elə bundan da istifadə etməyə başladı: deyirdi ki, rəsi dostumdur, ona görə də mənim evimdə qalır”.
 
Sakinlərin dediyinə görə, Sərvər Əmirov Şamil Seyidli ilə dost olduğu barədə təsəvvürlər yaratdıqdan sonra maddi imkanları da böyüyüb: rayonda böyük mülklər, daşınmaz əmlak, bahalı avtomobillər alıb.
 

Rəsi müavini işdən qovuldu 

Narkotacirlərin Yardımlı polisi ilə bərabər, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin Bakıdan ezam olunmuş xüsusi təyinatlıları ilə birgə həyata keçirildiyi də iddia olunur.
 
Hazırda saxlanılan şəxslər MCQMBİ-də dindirilir.
 
İşin ən heyrətamiz məqamı isə araşdırma zamanı narkotacirlərin hüquq-mühafizə orqanı işçilərindən bəzilərinin adını çəkməsi və rayon polislərindən bir neçəsinin istintaqa cəlb edilməsidir:
 
“Yardımlı Rayon Polis Şöbəsi rəisinin müavini, polis polkovnik-leytenantı Vidadi Əhədov da istintaqa cəlb edilənlər sırasındadır. O, artıq hüquq-mühafizə orqanları sırasından xaric edilib”, - deyə mənbə qeyd edir.

 

 
Daha 2 polis əməkdaşının da Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə dəvət edildiyini və onların da işdən qovulduğunu, hazırda həbs olunma ehtimallarının belə qaldığını iddia edən mənbənin sözlərinə görə, ən təəccüblü məqam polkovnik-leytenant Vidadi Əhmədovun polis sıralarından qovulmasıdır:
 
“Bu faktdan rayon camaatı çox təəccübləndi. Çünki Vidadi Əhmədovun Sərvər Əmirov və onun ətrafında olan adamlara nifrət etdiyini hamı bilir. İndi heyrətlənirik ki, doğrudanmı onun gizli şəkildə bu qrupla əlaqəsi olub?”
 
Mənbə həmçinin qeyd etdi ki, əməliyyatlar iyin ayının sonuna yaxın, Ramazan Bayramı günlərində həyata keçirilib.
 

Polis rəisi narkoəməliyyatdan danışır

Yardımlı Rayon Polis Şöbəsinin yeni rəisi Nadir Məmmədov açıqlamasında hadisə ilə bağlı məlumat verə bilməyəcəyini dedi:
 
“Hansısa formada müxtəlif şayiələr gəzə bilər. Yalnız onu deyə bilərəm ki, bu dediklərinizlə bağlı həqiqətən müəyyən tədbirlər keçirmişik. Nəticələr də var. Əlavə məlumat isə verə bilmərik. Ətraflı məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ala bilərsiniz”.
 
Rəis müavininin vəsiqəsinin əlindən alınması ilə bağlı da N.Məmmədov əlavə məlumat verə bilməyəcəyini bildirdi: “Bu suallarınıza yalnız mətbuat xidmətimizdən cavab ala bilərsiniz”.
 
DİN mətbuat xidməti münasibətini öyrənməyə çalışırıq.//Axar.az

Teqlər:YARDIMLIDA NARKOTACİRLƏR HƏBS OLUNU

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar