“Son günlər mənim “Kürdüstan” adlı mahnım müxtəlif müzakirələrə səbəb olub. Bilənlər bilir, bilməyənlərin diqqətinə çatdırım ki, mən bu mahnını 38 il öncə - Şah rejiminin axırlarında, İran İslam İnqilabından əvvəl yazdırmışam”.
Bunu əməkdar artist Yaqub Zurufçu deyib. Onun sözlərinə görə, 1978-ci ildə bu mahnı ilə yanaşı, daha 13 parçanın da yer aldığı kaset işıq üzü görüb: “Siyasi mövzularda “Dayaq” ləqəbi ilə çıxardığım bu kaset mənim İranı tərk etməyimə səbəb oldu. "Kürdüstan" mahnısına gəlincə, bu şerə həm də ona görə müraciət etmişdim ki, onu Əlirza Nabdel (Oxtay) yazmışdı. Əlirza Nabdel Hüseyn Cavid, Mikayıl Müşviq, Cəfər Cabbarlı səviyyəsində bir şair olub. Bu ad Şimali Azərbaycanda demək olar ki, heç kimə tanış deyil. Halbuki Əlirza Nabdel yazıları ilə Cənubi azərbaycanlıların oyanış hərəkatı yolunda böyük işlər görmüş, canını fəda etmiş və şəhid olmuş böyük şair idi. “Azərbaycanlıların milli məsələləri” adlı kitabı yetər ki, Nabdelin kim olduğunu biləsən. Cənubi Azərbaycanın Xoy şəhərində dünyaya gələn böyük yazarı kürd olmaqda ittiham etmək əvəzinə mütaliə etməyi məsləhət görürəm”.
Y. Zurufçu əlavə edib ki, Sovetlər Birliyi zamanı İranda bəzi xalqlar arasında isti münasibət olub: “İranda olan vilayətlər arasında siyasi fikirlərinə görə ən öndə gedənləri kürdlər və azərbaycanlılar idi. Rejimin siyasi təcridxanaları bu iki xalqın nümayəndələri ilə doluydu. Bu iki xalq o zaman amalları uğrunda birləşmişdi. Dünyanın siyasətini iri kapitalist ölkələri təyin edir. Onlar istədikləri zaman xalqları dost ya düşmənə çevirə bilər. Gəlin, xalqları ittiham etmək əvəzinə, aranı qatan iyrənc siyasətləri ifşa edək. Media nümayəndələrinə müraciət edirəm ki, məsələnin əsl mahiyyətinə varmaq ədalət yolunda təmiz vicdanla addımlamaq deməkdir, bu məsələdə diqqətli olsunlar”.
Qeyd edək ki, müxtəlif saytlar Y. Zurufçunu “Kürdüstan”ı təbliğ edən mahnı oxumaqda ittiham edib./apa/