Yaponiyanın Yokohama şəhərindəki qiymətli əşyalar sərgisindən bazar qiyməti təxminən 200 milyon ien (1,8 milyon dollar) olan brilyant oğurlanıb.
Bildirək ki, bu barədə "Kyodo" agentliyi bildirib.
Polis bildirib ki, oğurluq anı qeydə alınmayıb və oğruların şəxsiyyəti məlum deyil.
Əlli karatlıq brilyant "Pasifiko Yokohama" sərgi mərkəzində zərgərlik ekspozisiyasında digər qiymətli əşyalarla birlikdə nümayiş etdirilib. Cümə axşamı sərgi bağlanarkən xidmətçi qiymətli daşın yoxa çıxdığını aşkarlayıb. Onun olduğu vitrin açıq imiş.
Polisin fikrincə, brilyant çox qısa müddətdə oğurlanıb. İstintaq güman edir ki, oğrular qrupla hərəkət ediblər və ola bilər ki, onların cinayət ortaqları nümayiş zalının heyəti arasındadır.
Xatırladaq ki, Tokioda əvvəlki qalmaqallı oğurluq hadisəsi 2015-ci ilin noyabrında baş verib. Həmin vaxt üç naməlum şəxs "Harry Winston" firmasının zərgərlik dükanına basqın edib. Onlar vitrinləri sındırıblar və qiyməti təxminən 1 milyon dollar olan ləl-cəvahiratı oğurlayıblar. Polis basqınçıların şəxsiyyətlərini müəyyən edib. Məlum olub ki, onlar Böyük Britaniya vətəndaşlarıdır. Şübhəli şəxslər beynəlxalq axtarışa verilib. Amma onları indiyə qədər tapmaq mümkün olmayıb. /Report/