YAP Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib
25.02.2017 833 0.0 0

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında baş nazirin müavini, partiyanın sədr müavini-icra katibi Əli Əhmədovun iştirakı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
 
Məlumata görə, Ə. Əhmədov çıxışında bildirib ki, Xocalı soyqırımını törədənlər təəssüf ki, hələ də cəzasız qalıblar: "Onlar ermənilərin tarixdə uşaq qatili kimi qalmasına səbəb oldular. Xocalıda nəinki böyüklərə, uşaqlara da qıymaqla bir daha sübut etdilər ki, həm də uşaq qatilidirlər”.
 
Baş nazirin müavini deyib ki, Xocalı heç vaxt unudulmamalıdır: “Amma söhbət təkcə unutmamaqdan getmir. Biz Xocalı faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə, törətdikləri qətliama görə cavab verməsinə nail olmalıyıq. Bütün dünyanın və bizim qarşımızda duran əsas məqsəd bundan ibarət olmalıdır. Bu o demək deyil ki, biz qisasçı xalqıq. Azərbaycan xalqı heç vaxt qisasçı olmayıb. Biz, sadəcə, xalqızımıza təcavüz edənlərin, soyqırımı törədənlərin cəzalanmasına nail olmaq istəyirik. Təbliğat işləri də aparılmalıdır. Bizim bütün səylərimiz ona yönəlməlidir ki, dünya birliyi, beynəlxalq təşkilatlar Xocalını soyqırımı kimi tanısın".
 
Milli Məclis sədrinin müavini Bahar Muradova isə beynəlxalq təşkilatları, xüsusilə ATƏT-in Minsk qrupunu tənqid edərək bildirib ki, onlar ya birdəfəlik üzərlərinə götürdükləri missiyanın öhdəsindən gəlib Dağlıq Qarabağ münaqişəsini həll etməli, işğalçı Ermənistanın əməllərinə qiymət verməli, ya da bacarıqsızlıqlarını etiraf edib geri çəkilməlidirlər: “Hətta bəzi məsələlərdə ermənilərdən maliyyə asılılıqları olduğunu etiraf edib, kənara dursunlar, o zaman Azərbaycan özü öz torpaqlarının geri qaytarılmasının öhdəsindən gələcək. Çünki biz buna qadir güclü dövlətik”.
 
Tədbir digər iştirakçıların çıxışı ilə davam edib. /apa/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar