Yeni Azərbaycan Partiyası bu il Milli Məclisə seçkilərə 8 dairədən namizəd verməyib və bunun səbəblərini açıqlayıb. Bundan başqa, YAP hazırkı deputatlarından 13-nün namizədliyini yenidən irəli sürməyib.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında partiyanın 8 dairədən namizəd irəli sürməməsinə aydınlıq gətirib: "Həmin dairələrdən birində - Xankəndidə YAP-ın təşkilatı yoxdur. Digər 7 dairədə isə oradan namizədliklərini irəli sürmüş tanınmış şəxslərə, ziyalılara hörmət əlaməti olaraq alternativ namizəd vermək istəmədik".
S. Novruzov bildirib ki, parlamentdə hazırda YAP-ın 71 mandat yeri var: "Bunlardan 5 yer boşalmışdı. Bir nəfər vəfat etmiş, bir nəfər mandatından imtina etmiş, digərləri vəzifəyə təyin olunmuşdu. Boş yerlərə və daha 13 yerə partiya yeni namizəd irəli sürüb. YAP-ın hazırkı 53 deputatının namizədliyi isə təkrar irəli sürülüb”.
S. Novruzov deyib ki, YAP-dan irəli sürülən namizədlərin böyük əksəriyyətini gənclər və qadınlar təşkil edir: “Namizədlərimizdən 25-i qadındır”.