Milli Məclisin bu gün keçirilən iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı məmurları hədəf alan sərt çıxış edib.
Məlumata görə, deputat binaların üzlənməsinə külli miqdarda vəsait xərcləndiyini vurğulayıb. S.Rüstəmxanlı yanğın hadisəsinin Milli Məclisdə müzakirə olunmasının vacibliyini diqqətə çatdırıb:
“Nəticədə yararsız materialla binalar üzlənib. Sonra da camaatı odun içinə atıblar. Başqa məsələlərdə müzakirə üçün yarım saat vaxt ayırırsınız. Niyə bu yanğın hadisəsi Milli Məclisdə müzakirə olunmasın? Sabah da deyəcəklər ki, deputatlar da bu işin içindədirlər, ona görə də heç nə danışmırlar. Kimin sözü varsa, bu mövzuda danışmalıdır”.
Deputatın çıxışı spiker Oqtay Əsədovun narazılığına səbəb olub: “Siz hər dəfə Milli Məclisin iclası başlayanda bu cür təpki verirsiniz. Mən təklif etdim ki, danışmaq üçün kimin sözü var, amma heç kim təkid etmədi”.
Sabir Rüstəmxanlı da spikerə yerindən sərt tonda cavab verib: “Mən danışmaq üçün təkid etdim. Yalan danışmayın” .
Bu sözlər spikerlə deputat arasında gərginliyin daha da artmasına səbəb olub. “Mən sizinlə mədəniyyətlə danışıram. Yalanı da siz danışırsınız. Siz yazıçısınız, mən sizə hörmət edirəm. Mətbuat nümayəndələrinə özünüzü göstərmək nəyə lazımdır ki? Hamı hamını yaxşı tanıyır”, - deyə spiker vurğulayıb./anspress/