Xocalıdan qalxan Ermənistan təyyarələri vurulacaq? - RƏSMİ
24.05.2017 1493 0.0 0

Xocalı hava limanının Azərbaycanın Qarabağ bölgəsi ərazisində yerləşdiyini və bu ərazilərdə uçuşların təhlükəsizliyinə tam zəmanət verilmədiyini nəzərə alaraq, “Aviasiya Haqqında” Qanuna uyğun olaraq bu ərazi Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən mülki aviasiya üçün qadağan olunmuş zona elan edilib.

Bu barədə Azvision.az-ın sorğusuna cavab olaraq Dövlət Mülki Aviasiya Administrasiyasından bildirilib.

Qeyd edilib ki, uçuşlara qadağan olunmuş zona barədə rəsmi məlumat Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda (AIP) öz əksini tapıb.

“Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, hər hansı qanunsuz uçuşlara qarşı Azərbaycanın müvafiq icra hakimiyyəti orqanları tərəfindən “Aviasiya Haqqında” Qanuna və “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”na uyğun tədbirlər görüləcək”.

Qeyd edək ki, Ermənistan mətbuatı Xocalı aeroportu ilə bağlı yenidən təxribat xarakterli məlumat yayıb. Düşmən tərəfi bəyan edib ki, aeroportdan 2 yerlik təkmotorlu təyyarələr havaya qalxacaq və Şuşaya qədər uçuşlar həyata keçiriləcək. Gün ərzində bir neçə belə uçuşun həyata keçiriləcəyi bildirilib.

Xatırladaq ki, 2011-ci ildə 8 milyon dollara yenidən rekonstruksiya olunan Xocalı aeroportundan İrəvana uçuşların gerçəkləşəcəyi elan olunsa da, rəsmi Bakının sərt xəbərdarlığından sonra Ermənistan rəhbərliyi bu uçuşları gerçəkləşdirməyə cürət etməmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar