Xocalı faciəsinin ildönümü ilə əlaqədar xatirə mərasimi keçirilib-Fotolar
24.02.2015 705 0.0 0

Qazeta.info bildirir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar olaraq Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilir.
Yerli icra hakimiyyəti orqanları, mülki təşkilatlar, idarə və müəssisələrin kollektivləri ilə Müdafiə Nazirliyinin birgə tədbirlər təşkil etməsi artıq ənənə halını alıb.
Fevralın 24-də Müdafiə Nazirliyinin dəstəyi ilə Bakıxanov qəsəbəsindəki Kaspi Liseyində "Biz Xocalıya qayıdacağıq!" devizi altında xatirə mərasimi keçirilib.
Mərasim iştirakçıları əvvəlcə "Xocalı faciəsi şagirdlərin gözü ilə" adlı rəsm işlərindən ibarət sərgi ilə tanış olublar. Sonra Xocalı faciəsini əks etdirən plakatlarla tərtib olunmuş klubda mərasim başlanıb.
Kaspi Təhsil Şirkətinin təsisçisi, "Kaspi" qəzetinin rəhbəri Sona xanım Vəliyeva Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımı barədə geniş çıxış edib və böyük əminliklə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində tezliklə işğal altında olan torpaqlarımız, eləcə də yerlə yeksan edilmiş Xocalı şəhəri azad ediləcək, bayrağımız Xankəndi, Şuşa, Laçın və digər yolumuzu gözləyən əzəli və əbədi yurd yerlərimizdə dalğalanacaqdır.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-mayor Dadaş Rzayev, Silahlı Qüvvələrin zabiti mayor Ramil Səfərov, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və başqaları dünya xalqlarının gec-tez Xocalının harayına səs verəcəklərinə və bu dəhşətli soyqırımı törədənlərin tezliklə beynəlxalq müttəhimlər kürsüsünə çıxarılacağına inandıqlarını bildiriblər.
Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının xoreoqrafiya qrupunun, solistlərin, incəsənət ustalarının və Liseyin bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya, videosüjetlər və Azərbaycan Hərb Tarixi Muzeyinin layihəsi olan "Briqada, irəli!" qəhrəmanlıq balladası təqdim edilib.
Kaspi Liseyinin direktoru Tural Əliyev Xocalı faciəsinin ildönümü ərəfəsində bu tədbirin məktəb kollektivinin, xüsusilə də şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb və bundan sonra da Müdafiə Nazirliyi ilə birgə silsilə tədbirlər həyata keçirəcəklərini qeyd edib.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar