Əməkdaşları barədə son günlər təzadlı xəbərlər yayılan Xarici İşlər Nazirliyi (XİN) ətrafında daha yeni qalmaqalların olması da istisna edilmir. Araşdırmaya görə, əksər ekspertlər problemin səfirliklərə işçi götürən zaman başladığını vurğulayırlar. Bu zaman sistemə təsadüfi və ya başqa niyyətli adamların düşməsi asanlaşır.
“Məsələ bundadır ki, hər hansı bir ölkəyə səfir təyin edilən diplomat kadrları özü müəyyən edərək XİN-ə təqdim edir. Bu zaman yaxın tanışların, qohumların və həmyerlilərin işə götürülməsi istisna edilmir. Buna görə də səfirliyin 1-ci katibi, 2-ci katibi, konsul kimi vəzifələrə təsadüfi adamların düşməsi asanlaşır”, - deyə politoloq Qabil Hüseynli bildirib.
Qabil Hüseynli – politoloq
Politoloqun dedikləri XİN ətrafında son cünlərdə cərəyan edən hadisələrlə səsləşir. Bir neçə gündür ki, yerli mətbuatda Azərbaycanın Avstraliyadakı səfirilyinin keçmiş əməkdaşı Anar Həsənovun və Niderland krallığındakı konsulu Nahid Cəfərovun fəaliyyət göstərdikləri ölkələrdən siyasi sığınacaq istəməsi ilə bağlı xəbərlər yer alır. Bu diplomatların Bakıya gəlməkdən imtina etməsi onların İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədovla çox yaxın münasibətlərinin olması ilə əlaqələndirilir.
Arif Məmmədov isə son günlərdə Azərbaycan hakimiyyətinə qarşı sərt müxalif çıxışları ilə xüsusilə seçilir. Avropa parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni şərh etdiyi son açıqlamasında isə o, rəsmi Bakına yalançılıqda günahlandırır.
Qəribə mənzərə yaranır. Rəsmi Bakının seçib İslam Əməkdaşlıq Təşkilatına, oradan da Avropa İttifaqına göndərdiyi şəxs diplomat kimi deyil, düşərgə dəyişmiş siyasətçi kimi davranır. Nəticədə, onun bu addımı Azərbaycana düşmən olan bir sıra qüvvələrə ölkəyə qarşı yeni təbliğat kampaniyası qurmağa imkan yaradır. Nəticədə, sadə avropalılar Azərbaycanın istənilən Qarabağ münaqişəsi kimi haqlı davasında Ermənistanın tərəfini tutmağa meylli olurlar.
Arif Məmmədov - işdən çıxarılmış diplomat
Bu fəaliyyət Avropadakı erməni lobbisinin son günlərdə Dağlıq Qarabağdakı “demokratik seçkilər” barədə təşkil elədiyi təbliğat kampaniyası ilə üst-üstə düşdüyündən Azərbaycanın imicinə daha böyük zərbə dəyir.
Təbii ki, peşəkar diplomatın bu cür addım atması mümkün deyil. Beynəlxalq təcrübə göstərir ki, peşəkar diplomtalar siyasi mövqelərindən asılı olmayaraq daima öz ölkələrinin xeyrinə fəaliyyət göstərir - lobbiçilik fəaliyyəti qururlar, təbliğat kampaniyası gerçəkləşdirir.
Qabil Hüseynli Azərbaycanın diplomatik fəaliyyətindəki bu çatışmazlığı diplomatik fəaliyyət və dövlət qulluğu haqqında qanunların, həmçinin XİN barədə əsasnamənin pozulması kimi dəyərləndirir: “Qanunlara görə, dövlət qulluğuna götürələn şəxs testdən keçməlidir. Amma nədənsə diplomatik fəaliyyətə götürülənlər testdən keçirilmirlər. Ona görə də qeyri-peşəkarların XİN-ə düşməsi asanlaşır. Bu problemi həll etməyin bir yolu var, diplomatik fəaliyyətdə götürülən işçilər testdən keçirilməlidirlər».
Bu məsələnin başqa bir tərəfi də var. Beynəlxalq təcrübə göstərir ki, güclü dövlətlərdə dövlət qulluqçularının seçim ənənəsi daha qədimdir. Məsələn, Çində hələ Konfutsi zamanından, yəni 2 min ildən çoxdur ki, dövlət qulluğuna işçiləri açıq imtahanla qəbul edirlər. XVII əsrin ortalarında isə Çində dövlət qulluqçusunun əsas fəaliyyət prinsipi müəyyən edilib: “Vicdanlı məmur hakimiyyətin deyil, dövlətin maraqlarını müdafiə etməlidir”. Başqa sözlə, vicdanlı məmur dövlətin maraqlarını hakimiyyətlə olan siyasi intriqalarına qurban verməməlidir. Azərbaycan diplomatlarının da bu prinsipləri əsas götürməsinin vaxtı çatıb./anspress/