Azərbaycan prezidenti İlham Əliyev Latviyadakı səfirin geri çağırılması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Elman Hidayət oğlu Zeynalovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılır.
Bir müddət əvvəl Elman Zeynalovun ailəsi ilə bağlı qalmaqallı məlumat yayılıb. Bildirilirdi ki, səfirin xanımı Nəzirə Zeynalova rüşvət verməkdə ittiham edilir.
Diplomatın xanımına qarşı cinayət işinin qaldırılmasına səbəb onun Latviyada sürücülük vəsiqəsini xüsusi kurs keçmədən və digər formal prosedurlara əməl etmədən sürücülük vəsiqəsini pulla almağa cəhd göstərməsidir. Bu məqsədlə o, Yol Hərəkətinin Təhlükəsizliyi Direksiyasının (CSDD) müfəttişlərinə müraciət edərək sürücülük vəsiqəsini almaq üçün onlara 500 avro təklif edib.
Elman Zeynalov məlum hadisə ilə bağlı açıqlama vermişdi. O, bildirib ki, həyat yoldaşı N. Zeynalova ötən ilin sonunda sürücülük vəsiqəsi ilə bağlı bütün imtahanları və lazım olan mərhələləri əla göstəricilərlə verib: "Bütün mərhələləri özü keçəndən sonra əməkdaşa 500 yox, 50 avro Yeni İl qabağı hədiyyə olaraq verib. Yəni vəsiqə müqabilində yox, sadəcə sonda, hər şeyi özü yerinə yetirəndən sonra Yeni İl hədiyyəsi kimi təqdim edib".
Elman Zeynalov - geri çağırılan səfir
Yalan məlumatları yayanları məsuliyyətsizlik, tərbiyəsizlikdə ittiham edən səfir Bakıya dönəndən sonra bu məsələyə bir səfir kimi yox, sadə vətəndaş kimi yanaşacağını bildirib.
"Artıq mənim bu ölkədəki səfir səlahiyyətim başa çatıb və mən ölkəmizə geri çağırılmağımı gözləyirəm. Düzdür, bu, mənim ailəmə, xüsusilə xanımıma qarşı hörmətsizlik, böhtandır. Ona görə də ölkəyə geri qayıtdıqdan, yəni vəzifəmi təhvil verdikdən sonra bu iş nəzarətimdə olacaq və nə edəcəyimi özüm bilirəm"./anspress/