Biləsuvar rayonundan olan sahibkar Şəfəq Sadıqova məmur özbaşınalığından narazıdır.
Məlumata görə, rayonun Heydər Əliyev küçəsi 35 ünvanında “Dadlı məkan” adlı şirniyyat evinin sahibi olduğunu deyən xanım ona bu işdə ciddi əngəllər yaradıldığını bildirir:
“Fəaliyyətə may ayının 16-da başlamışam. Lakin elə ilk gündən mənə mane olmağa çalışıblar. Aprel ayından “3 fazalı” sayğacın quraşdılıması ilə bağlı rəsmi ərizə ilə müraciət etsəm də bu günə qədər müraciətimə baxılmayıb. Bu da mənim işimə ciddi şəkildə ziyan vurub.
Sonuncu dəfə avqust ayının 6-da saat təxminən 11 radələrində “Azərişıq”ın Biləsuvar rayon işçiləri tərəfindən heç bir rəsmi xəbərdarlıq olunmadan elektrik təchizatı dayandırılıb. Dəfələrlə müraciət etsəm də nə ayın 6-sı, nə 7-si, nə də 8-i tarixlərində mənə hec bir köməklik göstərilmədi, müraciətimi diqqətə alan olmadı”.
Xanım sahibkarın sözlərinə görə, aidiyyatı qurumların bu laqeydsizliyi nəticəsində mağazada olan bütün məhsulları istifadəyə yararsız hala düşüb:
“3 gün elektrik enerjisi olmadan vitrinlərdə qalmış və artıq xarab olmuş məhsulu vətəndaşa satmaq kimi bir ixtiyarim olmadığı (buna vicdanım yolverməzdi ) üçün xarab olmuş məhsulları aktlaşdıraraq ləğv etmək məcburiyyətindəydim. Müraciət etdiyim “Azərişıq”, Şəhər İcra nümayəndəliyi, “Sanepidemstansiya”, MKM (komxoz), hətta polis belə mənim müraciətimi heçə saydı.
Bu da mənim min bir zəhmətlə hazırladığım (mən hal-hazırda maddi dəyərini nəzərdə tutmuram) məhsulları birbaşa yola tökməyə məcbur etdi. Lakin bütün bu yazdıqlarıma baxmayaraq məni günahlandırmağa və haqsız çıxarmağa calışırlar.
Biləsuvarda məmur özbaşınalığı pik həddədir”./qafqazinfo/