Xalq artisti Habil Əliyevin səhhəti orta-ağır olaraq qalır.
Bunu açıqlmasında xalq artistinin həyat yoldaşı Şərqiyyə Əliyeva deyib.
Onun sözlərinə görə avqustun 21-dən ev şəraitində müalicəsi davam etdirən kaman ustası, həkimlərin daimi nəzarəti altındadır. "Habilin yanına ən yaxın adamlarından başqa heç kim buraxılmır, vəziyyətində heç bir irəlliləyiş yoxdur".
Avqustun 15-də vəziyyəti ağırlaşan Habil Əliyev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Bir həftə reanimasiya şəraitində müalicə alan xalq artisti daha sonra evə buraxılıb və hazırda müalicəsini həkimlərin nəzarəti altında ev şəraitində davam etdirir.
Habil Əliyev ürək və ağciyər çatışmazlığından əziyyət çəkir.
Sənətkarın səhhəti Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi nəzarətindədir.
Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır.
Habil Əliyev "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib./anspress/