Bu gün xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzun qız nəvəsi Ayanın toyudur.
Məlumata görə, toy məclisi paytaxtın şadlıq saraylarından birində keçirilir.
18 yaşlı Ayan Ramiz Novruzun qızı tanınmış stilist-vizajist Şəfəq Novruzovanın qızıdır. Toy məclisində başda vizajistin ailə üzvləri - atası Ramiz Novruz, anası və qardaşı müğənni Cavidan Novruz olmaqla bir çox tanınmış simalar da iştirak edir. Toy mərasimində iştirak edənlər arasında həmçinin şou-biznesin bir çox tanınmış müğənniləri var.
Əsli Lerikdən olan Ramiz Kəvvam oğlu Novruzov 1955-ci il mayın 25-də Biləsuvar rayonunun Səmədabad qəsəbəsində anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə, Adil İsgəndərovun kursuna daxil olub. 1978-ci ildə ali məktəbi bitirərək təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor fəaliyyətinə başlayaraq bir neçə fərqli rolda çıxış edib. 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına daxil olub. Bu teatrın səhnəsində Nəvvab və İran şahzadəsi, Sisyanov və Kərbəlayi xan, Seyton, Edmund, Kreon, İbn Yəmin, Səlim bəy, Andranik və Nostradamus, Ələs bəy, Qaçaq Süleyman, Cəbrayıl və başqa rolları yaradıb. Kinomanlar və teletamaşa həvəskarları Ramiz Novruzu Həzi Aslanov, Dərbənd elçisi, Divan bəyi, musiqi müəllimi, Antoni, Kənan, Nihad və s. rollarından tanıyırlar. R.Novruz 1993-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident mükafatçısıdır./anspress/