“Bir çox ulduz yarışması oldu. Rəhmətlik İlhamə Quliyeva deyirdi ki, elə bil zavodlar müğənni istehsal edir. O qədər oxuya bilməyən yarışmaya qatılırdı. Ona görə indi hamı istəyir ki, müğənni olsun. Müğənni olmaq həm asandır, həm də çətindir. Elə bilirsiz ki, pasport alıb müğənni olum. Belə deyil”.
OLAY yazır ki, bu sözləri “MTV Xəbər”ə açıqlamasında Xalq artisti Gülyaz Məmmədova deyib. O, bayağı mahnıları da tənqid edib:
“Allah verən səsdir. Bununla peşəkar sənətə yiyələnmək üçün təhsil alırsan, müəllim qarşısında oxuyursan. Amma oxuyan qalır kənarda, oxuya bilməyənlər efirə çıxanda tapşırılır. Belə olur. Bayağı musiqilərin efirlərdə çox olmasını istəməzdim. Çünki bunlar toyda oxunulan mahnılardır, efirlərdə yox. Bizim təmiz muğamlarımız var. Dərs keçdiyimiz üçün ifa tərzlərini bilirik.
Bir az notdan kənara çıxanda bilirsən ki, toylarda oxunan tərzdir. Hətta Bakı kəndlərində də elə oxumurlar. Qonaqlar xanəndə ilə bərabər oxuyur, muğamları, qəzəlləri bilirlər. O, başqa ifa tərzidir. Bu mahnılar toylarda ifa olunur, efirlərdə icazə verilməməlidir. Toyda hər şey oxumaq olar. Mən də toyda oxumuşam, həmin mahnılara oynamışam. Elə mahnı var ki, efirlik deyil”.