Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib.
Qazeta.info Mədəniyyət Nazirliyinin məlumatına əsasən bildirir ki, tanınmış qoboy ifaçısı, Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli Kamil Cəlil oğlu Cəlilov ömrünün 84-cü ilində vəfat edib.
Kamil Cəlilov 29 yanvar 1938-ci il tarixində Bakı şəhərində anadan olub. O, Azərbaycan milli ifaçılıq məktəbinin istedadlı nümayəndəsi, özünəməxsus orijinal üslubu ilə fərqlənən mahir qoboy ifaçısı olub.
Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra əmək fəaliyyətinə başlayan sənətçi öz istedadı və zəhmətsevərliyi sayəsində qısa müddət ərzində xalq musiqi incilərini dərindən öyrənib və 40 il ərzində öz ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşdirib.
İstedadlı musiqiçi 1968-ci ildən başlayaraq uzun illər görkəmli pianoçu, Xalq artisti Gülarə Əliyevanın yaratdığı “Dan ulduzu” ansamblının solisti olub. Kollektivlə birgə Kamil Cəlilov Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə, Hindistanda, Əfqanıstanda, İordaniyada, Əlcəzairdə, Mərakeşdə, Norveçdə, İranda, İsraildə, Kanadada və dünyanın digər ölkələrində milli musiqi sənətimizi məharətlə təbliğ edib.
Uzun illər ərzində İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətlə məşğul olan Kamil Cəlilov milli ifaçılıq məktəbinin yüksək ənənələri əsasında səy və bacarığını gənc ifaçıların yetişdirilməsinə sərf edib.
Kamil Cəlilov milli mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinə görə dövlət tərəfindən daima diqqət və qayğıyla əhatə olunub, Əməkdar artist, Xalq artisti fəxri adlarına, habelə Prezident təqaüdünə layiq görülüb. Kamil Cəlilov 2013-cü ildə “Şöhrət”, 2018-ci ildə isə “Şərəf” ordeni ilə təltif olunub.
Kamil Cəlilovun əziz xatirəsi sənətsevərlərin, həmkarlarının və doğmalarının qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!