Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azadlıq Radiosunun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılova yenidən məhkəmə kollegiyasının dəyişdirilməsi haqqında vəsatət qaldırıb. O, kollegiya üzvlərinin onun istəklərinə qeyri-ciddi yanaşdıqlarını bildirib. Amma məhkəmə jurnalistin vəsatətinin əsassız olduğunu və məhkəmə kollegiyasının dəyişdirilməsini məqsədəuyğun hesab etməyib. Beləliklə, Xədicə İsmayılovanın qaldırdığı vəsatət rədd edilib.
Daha sonra o, məhkəmədə müdafiə olunmaq üçün vaxt istəyib. Xədicə İsmayılova Azadlıq Radiosunun maliyyə sənədlərinin dəlil kimi istifadə olunmasını tələb edib. O, jurnalistlər Elçin Zahiroğlu və Ramal Hüseynovun da məhkəmədə şahid qismində itşirak etmələrini istəyib.
Məhkəmə bu vəsatəti də rədd edib. Ramella Allahverdiyeva qeyd edib ki, prosesdə kifayət qədər şahid var və yenilərinə ehtiyac yoxdur. Dövlət ittihamçısı Ramazan Hadıyev də bildirib ki, Xədicə İsmayılovanın günahını sübut etmək üçün lazımi qədər dəlil var.
Məhkəmə prosesi günün ikinci yarısında davam edəcək.
Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə Xədicə İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə-külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir./anspress/