Sürət həddini aşan sürücülər haqqında elektron protokollar tərtib edilir və bu “ASAN” ödəniş sistemi ilə onların mobil telefonlarına sms-lə bildirilir. Sms məlumatın gəlməsi üçün mütləq sürücünün mobil nömrəsi yol polisinin məlumat sistemində olmalıdır. Ancaq əksər sürücülərin mobil nömrələri qeydiyyatda yoxdur. Bəs belə sürücülər nə etməlidirlər?
2014-cü ilə qədər avtomobillər qeydiyyata alınarkən sahibinin telefon nömrəsinin yol polisinə verilməsi mütləq deyildi. Ona görə də xeyli sürücünün mobil telefon nömrəsi yol polisinin məlumat bazasında yoxdur. “ASAN” ödəniş sisteminin tətbiqi ilə mobil nömrənin də qeydiyyata alınması şərt kimi qoyulub. Bu, sürücülərin daha operativ məlumatlandırılması məqsədi daşıyır.
Məsələn radarların sürət rejiminin yenidən tənzimlənmasindən sonra 38 min nəfər saatda 10-20 kilometr sürət həddini aşdığına görə cərimələnmişdi. Onların neçə faizinə sms məlumatın gəlməsi məlum deyil.
Düzdür, sonradan elektron protokollar vətəndaşın yaşadığı ünvana göndərilir, amma mobil nömrənin qeydiyyatda olması mübahisəli məsələlərin həllində yardımçı ola bilər./xezerxeber.com/