Vergilər Nazirliyinə yeni səlahiyyət verilib.
Məlumata görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərmanında əksini tapıb.
İndiyə qədər məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə ilə bağlı cinayətlərə dair işlər üzrə ibtidai istintaq Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi) tərəfindən aparılıb. Dəyişikliyə əsasən bu sahədə Ədliyyə Nazirliyinin səlahiyyəti Vergilər Nazirliyi ilə bölüşdürülüb. Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə ilə bağlı cinayətlərə dair işlər üzrə ibtidai istintaq Ədliyyə Nazirliyi, vergilərin ödənilməməsi ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə münasibətdə həmçinin Vergilər Nazirliyi tərəfindən aparılacaq.
Qeyd edək ki, Azərbaycanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır./apa/