Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın tələblərinə müvafiq olaraq aparılır.
Qazeta.info Vergilər Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, müsabiqədə iştiraka yalnız aşağıdakı ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar buraxılırlar:
1. Hüquqşünaslıq;
2. Beynəlxalq hüquq;
3. Maliyyə;
4. İqtisadiyyat;
5. Statistika;
6. Beynəlxalq iqtisadi münasibətlər;
7. Mühasibat uçotu və audit;
8. Maliyyə və kredit;
9. İqtisadiyyatın tənzimlənməsi;
10. Əməyin iqtisadiyyatı və sosiologiyası;
11. İqtisadi kibernetika;
12. Qiymət və qiymətin əmələ gəlməsi;
13. Xəzinə əməliyyatlarının uçotu;
14. İqtisadi nəzəriyyə;
15. Vergilər və vergitutma;
16. Sığorta işinin təşkili;
17. Milli hesablar sistemi;
18. Qiymətləndirmə (sahələr üzrə);
19. Qiymətli kağızlar;
20. İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi (sahələr üzrə);
21. Aqrar istehsalatın iqtisadiyyatı və idarəedilməsi;
22. Ticarət və istehlak kooperasiyasının iqtisadiyyatı və idarəedilməsi;
23. Gömrük işinin təşkili;
24. İqtisadiyyatın hüquqi tənzimlənməsi;
25. Vergi işinin təşkili və idarə edilməsi;
26. Tətbiqi riyaziyyat;
27. İnformatika;
28. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi;
29. Maliyyə nəzarəti və audit.
MBA proqamı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna Komissiya tərəfindən baxılaraq qərar verilir.
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu maddəsinə əsasən vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:
- məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;
- üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.
Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.
Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 30.08.2017-ci il saat 10:00-dan 13.09.2017-ci il saat 24:00-dək həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasına sağlamlıq haqqında tibbi arayışın, ali təhsil haqqında diplomun, məhkumluğun olması (olmaması) barədə arayışın və narkoloji dispanserdə qeydiyyatda olması (olmaması) barədə arayışın surətləri mütləq qaydada fayl şəklində əlavə olunmalıdır. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanına məlumat verilir. Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə namizədin iş nömrəsi və test imtahanının vaxtı və yeri barədə, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir. Ərizə göndərilən müddətdən 5 gün ərzində elektron poçt ünvanına heç bir məlumat göndərilməyən vətəndaşlar elanda qeyd olunmuş telefon nömrəsi ilə əlaqə saxlamalıdırlar.
Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Elektron ərizə vermiş namizədlər 18- 20.10.2017-ci il tarixdə (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı mərhələsi 21.10.2017-ci iltarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir.
Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı 28.08.2017-ci il tarixdə Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdiriləcəkdir.
Diqqət! Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan namizədlərə üstünlük verilir. Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.
“Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin 1.7-ci bəndinə müvafiq olaraq Vergilər Nazirliyinin Tədris Mərkəzinin vakant olan vəzifələri üzrə aşağıdakı tələblərə malik olan və həmin vəzifələrə işə qəbul olunmaq istəyən vətəndaşların işə qəbulla bağlı ərizələri elektron sənəd qəbulu dövründə Vergilər Nazirliyinin inzibati binasında (əlbə-əl) qəbul edilir:
İqtisadiyyat və menecment kafedrasının müəllimi:
Namizədlərə tələblər:
- İqtisadiyyat sahəsində ali təhsil (minimum magistr səviyyəsi);
- Elmi və pedaqoji sahədə minimum 2 il iş stajı;
- İqtisadiyyatın müxtəlif sahələri (mühasibat, bank, maliyyə, vergi və s.) üzrə yüksək səviyyədə nəzəri və praktiki biliklər;
- Təlimlərin aparılması texnologiyası və qaydaları üzrə zəruri biliklər;
- Yüksək səviyyədə nitq və ünsiyyət qurma bacarıqları;
- Müasir təlim metod və alətlərindən istifadə etmə bacarıqları;
- Auditoriyanı idarəetmə bacarığı;
- Təlimin xüsusiyyətindən asılı olaraq MS Windows, MS Office proqramları (xüsusilə Word və PowerPoint) üzrə zəruri biliklər.
Elmi-tədqiqat bölməsinin elmi işçisi:
Namizədlərə tələblər:
- İqtisadiyyat və ya hüquq sahəsində ali təhsil (minimum magistr səviyyəsi);
- Elmi-tədqiqat sahəsində minimum 2 il iş stajı;
- İqtisadiyyatın müxtəlif sahələri (mühasibat, bank, maliyyə, vergi və s.) üzrə yüksək səviyyədə nəzəri və praktiki biliklər;
- Elmi-tədqiqat işləri aparmaq və müvafiq işləri yerinə yetirmək bacarığı;
- MS Windows, MS Office proqramları (xüsusilə Word və PowerPoint) üzrə zəruri biliklər.
Müsabiqəyə yalnız Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar. Müsabiqə zamanı xarici dil biliklərinə və elmi dərəcəyə malik olan namizədlərə üstünlük veriləcəkdir.
Vergilər Nazirliyinin Tədris Mərkəzi Şamaxı rayonu, Nağaraxana kəndində yerləşir. Tədris Mərkəzinin Əsasnaməsi, vakant vəzifələrin mövcud olduğu kafedranın və bölmənin Əsasnamələri və həmin vəzifələrin təlimatları ilə Vergilər Nazirliyinin Tədris Mərkəzinin internet səhifəsinin (www.tedris.taxes.gov.az) “Normativ sənədlər” bölməsində tanış olmaq olar.
Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqdır.