Azərbaycan Respublikasına rəsmi səfərə gələn Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun oktyabrın 22-də rəsmi qarşılanma mərasimi olub.
Qazeta.info xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Venesuela Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdikdən sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronu qarşılayıb.
Qarşılanma zamanı, Venesuelanın və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Nikolas Maduroya, Venesuela nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdikdən sonra, Azərbaycan Prezidenti İlham Əliyev və Venesuela Prezidenti Nikolas Maduro rəsmi foto çəkdirdilər.