Vaşinqtonda Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib
24.02.2017 769 0.0 0

Fevralın 23-də ABŞ-ın paytaxtında Corc Vaşinqton Universitetinin Cək Morton kinozalında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan, nüfuzlu beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” (“Endless corridor”) sənədli filmin premyerası keçirilib.
 
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Xocalı qətliamının qurbanlarının xatirəsinə həsr olunan tədbirdə Vaşinqtonda akkreditə olunan diplomatik korpus, yerli ictimaiyyət nümayəndələri, tələbələr, eləcə də Vaşinqton və onun ətrafında yaşayan soydaşlarımız iştirak edib.
 
Öncə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü zamanı Xocalıda heç bir insaniyyət qaydalarına sığmayan qətliamın törədilməsindən və erməni işğalçılarının mülki əhaliyə etdiyi zülümlərdən danışıb, bu faciənin xalqımızın yaddaşında buraxdığı izlərdən söz açıb. Diplomat bildirib ki, Xocalı qətliamı Ermənistanın Azərbaycana hərbi təcavüzü və bu təcavüz zamanı Ermənistanın həyata keçirdiyi amansız etnik təmizləmə siyasəti kontekstində törədilmişdir və əməllər öz hüquqi və siyasi qiymətini almalıdır. Bu xüsusda, səfir Elin Süleymanov Xocalı əməllərinə görə ədalətin təmin olunmasının və onun dünya miqyasında daha geniş tanınmasının regionda sülhün bərqərar olunmasına töhfə verəcəyini bildirib.  
 
Daha sonra filmin icraçı prodüseri, nüfuzlu “Grammy Award” mükafatçısı ABŞ-ın sabiq prezidenti Cimmi Karter administrasiyasında ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışmış Cerald Rafşun (ABŞ) Xocalı faciəsi barədə fikirlərini bölüşüb.
 
O, filmin tarixçəsi barədə danışıb, bildirib ki, film çəkilişləri zamanı Xocalıda baş verənlər barədə tanış olduqdan sonra orada kütləvi şəkildə insan hüquqlarının kobud pozulmasını dərk edib. Eyni zamanda, prodüser Rafşun Xocalı qətliamı barədə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bu filmin əhəmiyyəti barədə danışıb. 
 
Qeyd edək ki, sözügedən filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirlərini keçirən “Xocalıya ədalət” kampaniyası çərçivəsində və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.
 
Tanınmış prodüser Aleksandras Brokas və Cerald Rafşun tərəfindən çəkilmiş bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar