Maliyyə və Vergilər Nazirliyi vətəndaşlara müraciət edib.
ANS TV-nin məlumatına görə, Vergilər Nazirliyi bəyan edir ki, mart ayının 31-i mənfəət, gəlir, əmlak və yol vergisi üzrə bəyannamələrin vergi orqanlarına təqdim edilməsinin son müddətidir. Bu gün ərzində vergilər tam həcmdə ödənilməlidir. Əks halda vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə qarşı 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Büdcəyə çatası vergi məbləğini hesabatı təqdim etməməklə yayındırdıqda isə yayındırılmış vergi məbləğinin 50%-i miqdarında cərimə olunacaq.
Vergilər qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, bir ildən çox olmamaqla ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1%-i miqdarında faiz tutulur.
Maliyyə Nazirliyi isə qeyri-hökumət təşkilatlarına müraciət edib. Qurum bəyan edir ki, onlar illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Əks halda İnzibati Xətalar Məcəlləsinə görə, inzibati tənbeh nəzərdə tutulub. Bu isə vəzifəli şəxslər üçün 300-400 manat, hüquqi şəxslər üçün 500-2000 manat cərimə deməkdir./anspress/