Vəkilləri jurnalistə bəraət istəyir
06.10.2015 491 0
Həbsdə olan jurnalist Xədicə İsmayıl barəsində çıxarılmış hökmdən verilmiş apellyasiya şikayəti üzrə hazırlıq iclası təyin edilib. Şikayətə 15 oktyabr saat 14:30-da Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə baxılacaq.
Vəkilləri tərəfindən verilmiş şikayətdə X.İsmayıl barəsində bəraət hökmünün çıxarılması xahiş edilib.
X.İsmayıl jurnalist Tural Mustafayevin şikayəti əsasında saxlanılıb. Mustafayevin intihara cəhd etməsi ilə bağlı Səbail Rayon Prokurorluğunda fakt əsasında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və bu ittiham üzrə 5 dekabr 2014-cü ildə X.İsmayılova barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan X.İsmayılovaya qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub və həbs müddəti artırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.İsmayıla qarşı 125-ci maddə üzrə verilmiş ittihama xitam verilib, digər maddələr üzrə təqsirli hesab edilərək, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. X.İsmayıl ittihamları qəbul etmir, siyasi sifarişlə həbs edildiyini bildirir. «Amnesty İnternational» təşkilatı X.İsmayılı "vicdan məhbusu" kimi tanıyıb./bizimyol.info/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər