Aleksandr Lapşinlə görüşmək üçün heç bir problem yoxdur. Bu barədə Trend-ə A.Lapşinin ailəsi tərəfindən təyin edilmiş vəkili Eduard Çernin məlumat verib.
Vəkil bildirib ki, A.Lapşinin saxlanma şəraiti normaldır və ailə üzvlərinin onunla görüşməsi üçün problem yoxdur:
"Erməni mətbuatı yazmışdı ki, guya həyat yoldaşı onunla danışa bilmir, məlumat ala bilmir. Bununla bağlı Lapşinə məlumat verdim və həyat yoldaşının dediklərini ona çatdırdım. Sonra Lapşinin həyat yoldaşı Yekaterina ilə telefon əlaqəsi yaratdım. O bildirdi ki, Lapşinlə görüşmək üçün Bakıya gəlmək istəyir".
Vəkil bildirib ki, A.Lapşinin anası Bakıdadır və istədiyi vaxt oğlu ilə görüşüb onunla maraqlanır: "Mən də mütəmadi onunla görüşürəm. Lapşin özü də dəfələrlə etiraf edib ki, saxlanmasında, onunla görüşməkdə heç bir problem yoxdur".
E.Çernin Rusiya və İsrailin ölkəmizdəki səfirliklərinin nümayəndələrinin Lapşinlə görüşməsinə də toxunub: "Saxlanılandan sonra Rusiya səfirliyinin əməkdaşları bir dəfə, İsrail səfirliyinin əməkdaşları isə iki dəfə Lapşinlə görüşüblər, məsələni nəzarətdə saxlayırlar. Hazırda hər iki səfirlik yenidən Lapşinlə görüşmək üçün aidiyyəti qurumlara müraciət edib. Müraciətə cavab veriləndən sonra onlar Lapşinlə yenidən görüşəcəklər. Səfirlik nümayəndələrinin Lapşinlə görüşə bilməmələri ilə bağlı iddiaların heç bir əsası yoxdur. Bu, doğru deyil. Lapşin xəstəxanada, azadlıqda deyil ki, onunla rahat görüşsünlər. Lapşinlə görüşmək üçün prosedur qaydalarına uyğun olaraq aidiyyəti rəsmi qurumlara müraciət edilməlidir. Müraciətə cavab veriləndən sonra isə görüşmək üçün vaxt təyin edilir".
Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.
O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.
Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.
Bundan əvvəl Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər davam etdirilir. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.
Belarus Baş Prokurorluğu yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi.