Uşaqların qoluna niyə qandal vurulub? - DİN-dən açıqlama
03.06.2016 1170 0.0 0

Daxili İşlər Nazirliyi Cəlilabad rayonunda azyaşlı oğlanın ac olduğuna görə çörək oğurladığı üçün polis əməkdaşları tərəfindən saxlanılması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə açıqlamasında bildirib ki, dünən sosial şəbəkələrdə Cəlilabad rayonunun "İran Bazarı” adlanan ərazisindən çörək və qənd oğurlayan 10-11 yaşlı uşağın polis tərəfindən həbs olunmasını əks etdirən bir fotoşəklin və məlumatların yayılması, azyaşlının bu əməlinin guya aclıqla əlaqələndirilməsi bəzi fürsətcil şəxslərin məsələni az qala siyasiləşdirməsinə səbəb olub: “İctimaiyyətin marağına səbəb olmuş hadisənin biri-biri ilə yaxın qohumluq əlaqəsində olan 1 deyil, 2 iştirakçısı vardır və onlar da iddia edildiyi kimi, azyaşlılar deyil, artıq həddi-buluğa çatmış yeniyetmələrdir.

Cəlilabad və Biləsuvar rayonlarında yaşayan 15 və 16 yaşlı iki yeniyetmə qabaqcadan cinayət əlaqəsinə girərək cari il aprelin 21-dən 22-nə keçən gecə Biləsuvarın Bəydili kəndində yaşayan Zemfira Xanışovaya məxsus ərzaq mağazasına tavandan qanunsuz olaraq daxil olub və oradan təqribən 782 manat dəyərində müxtəlif ərzaq məhsulları oğurlayıblar.

Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır. Polis tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hər iki yeniyetmə saxlanılıb. Onlar ifadələrində oğurladıqları ərzaq məhsullarını Cəlilabad şəhərinin “İran bazarı” adlanan ərazidə tanımadıqları şəxslərə dəyərindən aşağı qiymətə satdıqlarını etiraf ediblər. Hər ikisi təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində “valideynlərin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri ilə onların Salyan və digər qonşu rayonlarda silsilə oğurluq faktları törətmələri də müəyyən edilib. İndi bir sıra KİV-lərdə guya çörəklə imtahana çəkilən, aclıqdan oğurluq törətmiş şəxs kimi canıyananlıqla müdafiə olunan hər iki yeniyetmə istintaq zamanı qaçmağa cəhd göstəriblər. Ona görə də cinayət işinin istintaqı çərçivəsində şübhəli şəxslər hadisə yerlərinə çıxarıldığına və zərurət yarandığına görə əl qandallarından istifadə edilib.

Qeyd edək ki, yeniyetmələr barədə bütün zəruri isstintaq-əməliyyat tədbirləri qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə aparılır”./qafqazinfo.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar