Uşaqların inkişafına mənfi təsir edən amillər
24.04.2015 2214 0.0 0
“12-13 aylıq uşaq oturmursa, iməkləmirsə, tutub durmursa, valideyn narahat olmalıdır”

 

“Uşaqları yetkin insanlardan fərqləndirən ən önəmli xüsusiyyət daimi böyümə və inkişafa malik olmasıdır. Uşaq inkişafı bir neçə əsas zəncirdən ibarətdir. Əsas istiqamətlərə zehni, fərdi, sosial inkişaf, hərəki funksiyaların inkişafı və fiziki inkişaf daxildir. Bu gün fiziki inkişaf daha ön planda tutulur. Pediatrlarımız, valideynlərimiz tərəfindən dəyərləndirmə çox zaman fiziki inkişafa doğru yönəldilir. Çox təəssüflər olsun ki, bəzən biz bilməyərəkdən sinir-psixi inkişaf problemlərinə gec diaqnoz qoymuş oluruq”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının asistenti, ATU-nun Tədris-terapevtik Klinikasının I Pediatriya şöbəsinin əməkdaşı, pediatr Nigar Sədiyeva deyib.  

 

Həkim bildirib ki, bir sıra hallarda əslində normal sayılan müayinələrdə sinir-psixi inkişaf problemləri dəyərləndirilməmiş qalır: “Sinir-psixi inkişafın problemlərində zaman həmişə bizim əleyhimizə işləyir. Biz nə qədər gec diaqnoz qoysaq, problem bir o qədər dərin olur. Və bu zaman həmin problemi korreksiya, müalicə etmək də bir o qədər çətinləşir”.

 

Nigar Sədiyeva deyib ki, uşaqlarda çox kiçik yaşlarda olan əqli inkişaf problemlərini qiymətləndirmək üçün savadlı bir ailə və peşəkar həkim kollektivinə ehtiyac var: “Ancaq hər zaman belə olmur. Bəzən inkişaf gerilikləri uşaqlarda kobud problemlər meydana gələndə nəzərə çarpır. Nitq qüsurları, əqli geriliklər, təhsildə uğursuzluqlar olanda diaqnoz qoyuruq. Bu zaman isə onların əlil olmamasına çalışırıq. Halbuki bu problemlər daha az yaşda aşkar edilsəydi onun qarşısını daha tez, daha asan almaq olardı”.

 

Mütəxəssis onu da deyib ki, bu gün əkiz, üçəm, vaxtından tez, süni mayalanma ilə doğulan uşaqların sayı çoxaldığı, yaşama şansı yüksəldiyi üçün onlar arasında sinir-psixi inkişaf problemlərinin ortaya çıxma ehtimalı da bir o qədər yüksəkdir: “Yüksək risk qruplu körpələr kimi onları izləmə proqramları da fərqli olmalıdır. Yüksək risk qrupuna aid olan uşaqların yaşama şansının artması bizi bu yöndə həyəcan siqnalı çalmağa vadar edir. Əkiz uşaqlar, uzun zaman müalicə alan valideynlərin övladları, hamiləliliyi müəyyən müdaxilə nəticəsində baş tutan qadınların dünyaya gətirdiyi körpələr, uzun zaman xəstəxanada müalicə olunan, reanimasiya, intensiv terapiya şöbələrindən evə yazılan, xroniki xəstəliyi olan uşaqlar sinir-psixi inkişaf problemləri baxımından uzun zaman müşahidə altında olmalıdırlar”.

 

N. Sədiyeva qeyd edib ki, inkişaf sırf bioloji, fizioloji deyil, həm də ətraf mühit, sosial faktorların təsirinə məruz qalan bir prosesdir.

 

Ona görə də sırf bioloji səbəblər deyil, ailənin vəziyyəti, valideynlərin təhsil səviyyəsi, ələlxüsus ananın bilik səviyyəsini nəzərə almaq lazımdır: “Analar uşağın hansı ayda, hansı yaşda nə etməli, nələrə yiyələnməli olduğunu bilsələr, həkimdən öncə özü nəticə çıxarıb, vaxtında korreksiya aparmaqda bizə yardımçı olarlar.  

 

Uşaq iki ayında barmaqlarını tərpədir. Biz valideynlərə deyirik ki, uşağı bələməyin, onun fizioloji vəziyyət arxası üstdə olan böcək formasında olmalıdır. Uşaq iki ayında əllərini üzünə aparmağı bacarmalıdır. Bir az sonra kiçik cisimləri almağı bacarmalıdırlar. Çox zaman ailələr, analar çox qoruyucu olurlar deyə, bu da uşağın sosial, fərdi inkişaflına mane olur”.

 

Pediatr vurğulayıb ki, uşaqlara gündəlik fərdi bacarıqları nümayiş etdirmək üçün imkan yaratmaq lazımdır. Əl yumağı, tualet vərdişlərini uşaqlara 18 aydan sonra öyrətmək lazımdır.

 

Onun sözlərinə görə, fərdi vərdişlərə nəzarət olduqda, izləndikdə sonradan hər hansı müdaxiləyə ehtiyac qalmır: “Uşaqları tez iməkləmir deyə, yürütgəcə ("xodulkaya") qoyurlar. Təbii ki, bu zaman uşaq iməkləməyəcək. Çünki bununla onun maraq dairəsini genişləndirməyin qarşısı alınır. Onu yürütgəcə qoymaqla biz uşağa mane oluruq.  

 

İməkləmək bir ay tez, bir ay gec ola bilər, bu, normalıdır. Amma gec olursa, 12-13 aylıq uşaqda hərəki funksiyalarda problem varsa, oturmursa, iməkləmirsə, tutub durmursa, bu artıq valideyni narahat etməlidir. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır. Niyə? Çünki uşaq serebral iflici kimi  hərəki funksiyaların geri qalması ilə nəticələnən bir patologiyadan əziyyət çəkər və biz geri qalmış olarıq”.

 

Pediatrın sözlərinə görə, uşağın sinir-psixi inkişafı dedikdə onun zehni inkişafı, nitq inkişafı, hərəki funksiyalarının inkişafı nəzərdə tutulur: “Nitq inkişafı bir neçə əsas mərhələni özündə birləşdirir. Uşaq erkən aylarından başlayaraq müəyyən səs qıcıqlarını eşitməyə və onları differensiasiya etməyə başlayır. Sonradan bu, alıclı dilin, tibbi dildə desək sensor nitqin inkişaflı ilə əvəzlənir.

 

İnkişafın bütün istiqamətlərinə - zehni, nitq və hərəki funksiyaların,  sosial, fərdi özünə xidmət bacarıqlarının yerinə yetirilməsinin hamısına diqqət olmalıdır. Və burada yaş önəmlidir. Söhbət südəmər yaşlı uşaqdan gedirsə, biz valideyndən soruşuruq ki, övladınız əllərinə baxırmı, onları orta xətdə çarpazlaya bilirmi? Valideyn “yox” deyirsə, dərhal uşaq əqli inkişafdan geri qalır düşüncəsi olmamalıdır. O zaman deyirik ki, uşağa şərait yaratmaq lazımdır. Məsələn, qollarına rəngli və səsli bilərziklər taxın. Əgər problem yoxdursa, bu zaman qıza zamandan sonra uşağın bu bacarıqlara yiyələndiyinin şahidi oluruq.

 

Yaxud, iki yaşında uşaq 200-300 söz bilməlidir. Ancaq yaşa uyğun bu qədər söz bilmirsə, o zaman dərhal əqli problem olması qənaətinə gəlmək olmaz. Bəzən ünsiyyət azlığı, ananın təhsil səviyyəsinin aşağı olması, uşağa yaşına uyğun yanaşma tərzinin olmaması da belə problemlərə səbəb olur.

 

Problem olanda dərhal dərman müalicəsinə başlamaq yox, inkişafa yardım proqramı tərtib etmək, uşaq hansı sahədə geri qalırsa, o sahəni gücləndirmək lazımdır. Nitqdə geri qalan uşaq nitq terapiyasına cəlb olunmalıdır. Və korreksiya metodlarının tətbiqinə daha çox ailə cəlb olunmalıdır”.

 

N. Sədiyeva onu da vurğulayıb ki, xüsusilə 0-2 yaş arasında olan uşaqların televiziyaya baxması inkişafa, xüsusilə nitq inkişafına çox mənfi təsir edir:

 

“Bu yaşlarda televiziyadan, digər elektron vasitələrdən çox istifadə edən uşaqlarda sinir-psixi, nitq inkişafında geri qalmaların şahidi oluruq. Çünki uşaq çoxsaylı qarışıq səslər eşidir və bu onun qəbul etdiyi səsləri hecalara və sözlərə çevirməyə imkan vermir.

 

Nitqin inkişaflına mane olmamaq üçün bu dövrdə uşağın televiziyaya baxmasına icazə vermək olmaz. Üç yaşdan sonra olar, amma vaxt məhdudiyyəti çərçivəsində və yaşa uyğun olaraq”...

 

Pediatr peyvəndlərin uşaqların əqli inkişafına mənfi təsir etməsi haqda iddiaların əsassız olduğunu vurğulayıb: “Peyvənd ana südü və sudan sonra uşaq ölümünü azaldan əsas faktordur. Peyvəndlərin uşaqların sinir-psixi inkişafına mənfi təsiri barədə mif yaradılıb. Bunların heç bir əsası yoxdur"./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar